Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Halkalı Fən Bilimləri Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Vətən müharibəsi şəhidlərinin anım günü ilə bağlı tədbir keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbiri Halkalı Fən Bilimləri Mərkəzinin rəhbəri Tanər Korhan açıq elan edib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra şəhidlərin ruhuna Qurani-Kərimdən dualar oxunub.
Ehtiyatda olan polkovnik, qazi Akif Qasımov Azərbaycanla Türkiyə arasında tarixən mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən danışıb. O, Çanaqqala müharibəsindən Sakarya Meydan Müharibəsi və Böyük Taarruza, Qafqaz İslam Ordusunun Bakının azad olunması əməliyyatında iştirakına qədər Azərbaycan və Türkiyə hərbçilərinin birgə mübarizə tarixindən bəhs edib.
A.Qasımov 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin Azərbaycan xalqının və Ordusunun birgə mübarizəsinin nəticəsi olduğunu qeyd edib. O, həmçinin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və xalqın həmrəyliyinin Zəfərin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. Çıxışında Qarabağın işğalı dövründə Azərbaycanın 23 113 şəhid verdiyini diqqətə çatdırıb.
Türkiyə Böyük Millət Məclisinin AK Parti millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bildirərək, bu dostluğu pozmağa yönəlmiş cəhdlərin nəticəsiz qalacağını qeyd edib.
Şamil Ayrım Qarabağ Zəfərinin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin, eləcə də Azərbaycan Ordusunun yüksək döyüş ruhunun mühüm rol oynadığını vurğulayıb.
Millət vəkili hazırda Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, yeni şəhərlərin salınması, yolların və infrastrukturun yenilənməsi, eləcə də ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Çıxışının sonunda xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirindən parçalar söyləyərək şəhidlərin ruhuna dualar edib, qazilərə can sağlığı arzulayıb.
MHP Kiçikçəkməcə rayon təşkilatının rəhbəri Əkrəm Sarısoy Qarabağın 1990-cı illərdə işğal altında olduğu dövrdə torpaqların azad olunacağı günü böyük arzu ilə gözlədiyini bildirib. Bu gün həmin arzunun Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin mübarizəsi nəticəsində gerçəkləşdiyini vurğulayıb.
Kiçikçəkməcə Qızıl Ay təşkilatının rəhbəri Doğan Şeyda Vətən müharibəsi zamanı şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyib, Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan əbədi qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb.
Tədbirdə müəllimə Elnarə Fətullayeva Qarabağ müharibəsində qəhrəmanlıq göstərən qaziləri və şəhid analarını örnək göstərərək, tədbir iştirakçıları adından onlara minnətdarlığını bildirib.
Tədbirin sonunda Halkalı Fən Bilimləri Mərkəzinin şagirdi Muhammet Korhan şəhidlərin xatirəsinə həsr olunmuş bədii kompozisiya ilə çıxış edib.
Murad Məmmədli