Şəhidlik zirvəsinə uzanan ömür

26.10.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

44 günlük şanlı Vətən müharibəsi bizi arzumuza çatdırdı, doğma Qarabağımıza qovuşdurdu. Bu qayıdışın təmin edilməsi yolunda canından keçən qəhrəman övladlardan biri kimi şəhid kapitan Elməddin Meydanov da Vətən savaşının cəsur döyüşçülərindən olub. 

Elməddin 11 sentyabr 1989-cu ildə Şərur rayonunun Vərməziyar kəndində anadan olub. Uşaq yaşlarından hərb sənətinə olan sevgisi qəhrəmanımızın yolunu Heydər Əliyev adına Hərbi Liseydən salıb.  2007-ci ildə həmin liseyi əlaçı kursant olaraq qırmızı diplomla bitirib. Həmin il təhsil illərində əldə etdiyi nailiyyətlərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mükafatlandırılıb. Daha sonra Ali təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. 2011-ci ildə leytenant olaraq Cəlilabadın Göytəpə qəsəbəsində N saylı hərbi hissədə başlayan xidməti rayonun ayrı-ayrı zastavalarında baş leytenant, zastava rəisi, kapitan olaraq   davam edir. İstər kursant, istər tələbəlik illərində, istərsə də xidməti dövründə nümunəvi hərbi qulluqçu kimi seçilən Elməddin Meydanov hər zaman valideynləri və sevdikləri üçün qürur mənbəyi olub.

Elməddin Füzuli, Zəngilan rayonları istiqamətlərində gedən döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə igidlik və rəşadətlə döyüşüb, bir sıra kəndlərin, yüksəkliklərin azad edilməsində, düşmənin canlı qüvvəsinin, texnikalarının məhv edilməsində və ələ keçirilməsində şücaət göstərib. Strateji əhəmiyyətli Ağbənd qəsəbəsinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. 

Layiqli övlad olmaqla yanaşı həm də övladlarına, həyat yoldaşına qarşı diqqətcilliyi ilə seçilən Elməddin ailə başçısı kimi də nümunəviliyi ilə seçilib. Əli və Yusif adlı iki övladı yadigar qalan qəhrəmanımızın arzuları, övladlarına sevgisi göndərdiyi səs yazılarında da yaşayır.

Elməddin Meydanov Zəngilan rayonunun Vejnəli kəndi istiqamətində azğın düşmənlə son damla qanınadək mübarizə apararaq şəhid olub, şəhadətə yüksəldiyi zirvəyə onun soyadını veriblər. İndi həmin zirvə “Meydanov zirvəsi” adlanır. Şəhidimizin qardaşı Saleh Hatəmov da Naxçıvan şəhərindən Xüsusi Təyinatlı bölmənin tərkibində döyüşə yollanmışdı. Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə, düşmənin canlı qüvvəsinin məhv edilməsində  mərdliklə iştirak edib, sağ çiynindən qəlpə yarası alıb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilən kapitan Elməddin Meydanov, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən digər şəhidlərimiz daim qəlbimizdə, tariximizdə yaşayacaq, qürurla xatırlanacaqlar.

Müşfiq MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью