Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Savalan Qafarov üç il əvvəl Azərbaycanın dövlət suverenliyinin bərpası uğrunda keçirilən antiterror tədbirlərində şəhid olan gənc Vətən övladlarından biridir. O, torpağı uğrunda canından keçməyə hazır olan və bu yolda ən böyük qurbanı verən igid, mərd Azərbaycan oğullarından idi.
Şəhidin anası Xəyalə xanım oğlu ilə bağlı xatirələrini və qəlbinə ilk dəfə narahatlıq düşən anı Modern.az-la bölüşüb.
Ananın sözlərinə görə, bu narahatlığı Savalanın şəhid olmasından dörd gün əvvəl onun “Instagram” paylaşımını görəndə keçirib. Savalan öz fotosunu paylaşaraq üzərinə bu sözləri yazmışdı:
“Sizin görmədiyiniz məhəllələrinizdə mən iz qoydum. Övladlarınıza bizdən danışarsınız”.
Bu cümlələr Xəyalə xanımın ürəyinə toxunmuşdu. O, dərhal oğluna zəng edib:
“Ona dedim ki, "Oğul, bu nə cümlədir yazmısan?" Məni sakitləşdirməyə çalışdı. Dedi: "Narahat olma, ana, biz qayıtmışıq, Tərtərdəyik". Bu danışıqdan dörd gün sonra balam şəhadətə ucaldı...”
Ana oğlunun səsindəki sakitliyə inanmaq istəyirdi. Savalan isə qarşıda onları nələrin gözlədiyini bilsə də, narahatlığını anasına hiss etdirmirdi. Xəyalə xanım oğlu ilə sonuncu dəfə sentyabrın 17-də danışıb:
“Həmişəki kimi yenə dedi ki, hər şey yaxşıdır, narahat olma, ana. Telefonlarımızı yığırlar. Ola bilər, bir-iki gün səninlə əlaqə saxlaya bilməyim. Telefonları qaytaran kimi yenə danışacağam".
Bu, ana ilə oğulun son danışığı olub. Savalan anasına heç nə deməsə də, bacısına qarşıdakı ağır döyüşlər barədə məlumat vermişdi. Bacısı həmin söhbəti sonradan anasına danışıb:
“Savalan mənə demişdi ki, bizdə ağır döyüşlər olacaq. Mənə bir şey olsa, amanımdır, anamı qoyma ağlasın”.
Özü ölümün gözünə dik baxmağa hazırlaşan gənc əsgərin son qayğısı yenə də anası idi. O, döyüşdən deyil, anasının göz yaşlarından narahat olmuşdu. Xəyalə xanım deyir ki, Savalan sanki şəhid olacağını əvvəlcədən hiss edirmiş:
“Balam elə bil hər şeyi duymuşdu. Şəhadətə ucalmazdan əvvəl bacısına da, komandirinə də tapşırıqlarını vermişdi”.
Savalan döyüşlərdən əvvəl, təxminən 4 gün əvəvl şəkil çəkdirərək komandirinə belə deyib:
“Komandir, mən şəhid olsam, bu şəkli silmə. Evdəkilərə göndərərsən, başdaşıma vurarlar”.
İndi həmin fotoya baxanda onun niyə məhz bu şəkli seçdiyini düşünməmək mümkün deyil. Savalan orada əvvəlki şəkillərindən fərqli görünür. Baxışlarında gənc yaşına sığmayan bir qürur, sakitlik və qərarlılıq var.
Sanki gedəcəyi zirvəni əvvəldən görürdü.
İndi Savalanın özü seçdiyi həmin foto məzar daşına həkk olunub. Şəhidin məzarını ziyarət edənləri də elə o qürurlu, məğrur baxışlarla qarşılayır.
O baxışlarda yarımçıq qalan bir gənclik də var, bütövləşən Vətən də...
Lamiyə Cənnətzadə