Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suriyanın səhiyyə naziri Dr. Musab əl-Əlinin Dəməşq Beynəlxalq Sərgisində Daxili İşlər Nazirliyinin stendini ziyarəti zamanı silahla atəş açdığı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Moderator.az xəbər verir ki, görüntülərdə əl-Əlinin silahı iki əli ilə tutaraq hədəfə doğru nişan aldığı və atəş açdığı görünür.
Ərəb mətbuatında yer alan xəbərlərə görə, istifadə edilən silahın “səs tapançası” olduğu bildirilib. Səhiyyə nazirinin bu görüntüləri sosial media istifadəçiləri arasında həm tənqidlərə, həm də yumor dolu şərhlərə səbəb olub.
Suriyada fəaliyyət göstərən xəbər kanallarından biri görüntüləri “Doktor Musab meydanı atəşə tutdu...” ifadələri ilə paylaşarkən, bir çox istifadəçi nazirin silahı tutma tərzi ilə bağlı müxtəlif zarafatlı rəylər yazıb.
İstifadəçilərdən biri əl-Əlinin duruşunu münaqişə təcrübəsi olan döyüşçüyə bənzədərək belə yazıb:
“Duruşuna baxanda elə görünür ki, Deyrizor hava limanının divarlarında ən azı 10 döyüşdə iştirak edib.”
Digər bir istifadəçi isə səhiyyə nazirinin silahla görüntülənməsini sual altına alaraq qeyd edib:
“Səhiyyə naziri həqiqətən tapança götürüb atəş açır?”
Ən çox diqqət çəkən istehzalı şərhlərdən biri isə dövlət qurumları arasında müqayisə üzərindən olub:
“Belədirsə, İnformasiya naziri nə edəcək, tank sürəcək?”
Görüntülər sosial mediada səhiyyə naziri kimi bir vəzifə sahibinin silahla təqdim olunmasının tutduğu mövqe və ictimai mesaj baxımından nə dərəcədə uyğun olduğu barədə müzakirələr yaradıb.