Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Skoliozların təqribən 80%-nin səbəbi bilinmir".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun radioloqu Çimnaz Şeyxova deyib.
O, skolioz haqqında ən vacib məqamlar - səbəbləri, tipləri, dərəcələri, diaqnostikası və müalicə yollarından söz açıb.
Belə ki, bir çox valideyn uşaqlarda və yeniyetmələrdə skolioz (onurğa sütununun yana əyriliyi) hallarını yalnız məktəb müayinələrində və ya artıq qabarıq əlamətlər ortaya çıxanda aşkar edirlər. Lakin erkən aşkarlanma və düzgün tibbi müdaxilə ilə skoliozun ağırlaşmasının qarşısını almaq mümkündür.
- Çimnaz xanım, ilk olaraq izah edərdiniz: skolioz nədir?
- Onurğa sütunu insan skeletinin mərkəzi hissəsini təşkil edir və fəqərə adlanan anatomik orqanlardan ibarətdir. Onurğa sütununun beş hissəsi var. Bunlar yeddi fəqərədən ibarət boyun hissəsi, 12 fəqərədən ibarət döş hissəsi, beş fəqərədən ibarət bel hissəsi, beş fəqərədən ibarət oma hissəsi və dörd fəqərədən ibarət büzdüm hissəsi.
Onurğa sütununun boylama oxu düzdür, yəni ona öndən baxdıqda onurğa düz xətt kimi görünür. Onurğa sütununun yana əyilməsi xəstəlik hesab olunur və skolioz adlanır.
Onurğa sütununun yandan görünüşündə isə önə və arxaya olmaqla əyriliklər var. Bunlar önə lordoz, arxaya kifoz olmaqla, iki tipdə olur. İki təbii fizioloji lordoz (boyun və bel lordozu) və bir təbii fizioloji kifoz (döş kifozu) vardır. Bu təbii fizioloji lordoz və kifozlarda dəyişikliklər baş verdikdə də xəstəlik sayılır və hiperkifoz və ya hiperlordoz adlanır.
- Skoliozların yaranma səbəbləri nədir?
- Skoliozların təqribən 80%-nin səbəbi bilinmir, yəni idiopatik hesab olunur və uşaqlar, gənclər, yaşlılarda baş verən skoliozlar olaraq 3 yerə bölünür.
Skoliozların digər 20%-i isə etiolojik olaraq bir neçə qrupa bölünür.
Bunlar anadangəlmə inkişaf qüsurları, fəqərələrin anadangəlmə qüsurları hesabına yaranan, fəqərə ageneziyaları (fəqərələrin anadan gəlmə inkişaf etməməsi), blok vertebra (iki və ya daha artıq fəqərənin müxtəlif dərəcədə bir-birinə birləşməsi) və s. skoliozlardır.
Qazanılmış skoliozlar şiş xəstəlikləri, onların müalicəsi və ya travmalardan sonra yaranan skoliozlardır.