Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin plenar iclasında çıxış edən deputat Rəşad Mahmudov vergilərin dövlətin mövcudluğu, təhlükəsizliyi, eləcə də iqtisadi və sosial inkişafın, təhsil və səhiyyə kimi ictimai xidmətlərin davamlılığını təmin edən əsas mexanizm olduğunu bildirib. Məşhur amerikalı hüquqşünas Oliver Vendell Holmsun vergiləri "sivil cəmiyyət üçün ödədiyimiz qiymət" adlandırdığını xatırladan parlamentari əsas məsələnin vergi güzəştlərinin sayı deyil, onların nə dərəcədə ədalətli və məqsədyönlü tətbiq olunması olduğunu vurğulayıb.
"Yeni Sabah" xəbər verir ki, deputatın sözlərinə görə, vergidə ədalət eyni iqtisadi şəraitdə fəaliyyət göstərən subyektlərə vahid prinsiplərin tətbiq edilməsidir və bir müəssisəyə verilən üstünlük digərinin rəqabət imkanlarını əsassız şəkildə məhdudlaşdırmamalıdır. Bu məsələyə ölkədə aparılan səhiyyə islahatları və icbari tibbi sığortanın tətbiqi kontekstində yanaşan R.Mahmudov səhiyyə müəssisələrinin fəaliyyət göstərdiyi iqtisadi-hüquqi mühitin də vahid prinsiplərə əsaslanmasının vacibliyini diqqətə çatdırıb.
Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutları, tibb universitetlərinin klinikaları, dövlət xəstəxanaları və özəl tibb müəssisələrinin mahiyyət etibarilə eyni məqsədə – insan sağlamlığının qorunmasına xidmət etdiyini bildirən parlamentari onların vergi və sosial ödəniş rejimlərində mülkiyyət forması və təşkilati-hüquqi statusdan irəli gələn ciddi fərqlərin olduğunu qeyd edib. O vurğulayıb ki, qeyri-neft-qaz sektoruna tətbiq olunan güzəştlər və əməkhaqqının 8 min manatadək olan hissəsi üzrə xüsusi vergitutma mexanizmləri səhiyyə sahəsində müəyyən uyğunsuzluqlar yaradıb. Online alış-veriş
Nəticədə eyni ixtisasa və peşə məsuliyyətinə malik həkimlərin vergi və sosial ödəniş yükü çalışdıqları müəssisənin statusuna görə fərqlənir ki, bu da sağlam rəqabətə və kadrların düzgün bölgüsünə təsir göstərir.
Parlamentari bildirib ki, burada məqsəd hansısa müəssisəyə verilmiş güzəştin ləğvi deyil, bütün tibb müəssisələrinə vahid səhiyyə sisteminin iştirakçıları kimi yanaşılmasıdır.
Elmi-tədqiqat, tədris fəaliyyəti və sosial öhdəliklər kimi obyektiv fərqlərin nəzərə alınmasının vacibliyini qeyd edən R.Mahmudov bu fərqlərin eyni tibbi xidməti göstərən müəssisələr arasında əsassız rəqabət bərabərsizliyi yaratmamalı olduğunu söyləyib.
Deputat əlavə edib ki, həyata keçirilən ardıcıl islahatların davamı olaraq vergi siyasətindəki bu uyğunsuzluqların mərhələli şəkildə aradan qaldırılması həm dövlətin, həm sahibkarların, həm də cəmiyyətin ümumi qazancı olacaq.