Səhiyyədə kadr böhranı: Təcili yardım briqadaları əhali sayına adekvatdır?

24.11.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Təcili tibbi yardım avtomobillərinin çağırış ünvanlarına vaxtında çatması hər bir insan üçün həyati əhəmiyyət daşıyır.

Xüsusilə xəstənin vəziyyətinin ağır olduğu, dəqiqələrin belə həyati risk yaratdığı hallarda ambulansın gecikməsi ciddi nəticələrə səbəb olur.

Lakin Azərbaycanda təcili tibbi yardımın fəaliyyəti ilə bağlı zaman-zaman səslənən narazılıqlar göstərir ki, bu sahədə problem yalnız yollardakı hərəkət çətinliklərindən ibarət deyil.

Briqadaların çatışmazlığı, kadr problemi, avtomobillərin texniki vəziyyəti və xidmətin təşkilindəki boşluqlar da diqqətdən kənarda qalmamalıdır.

Son vaxtlar təcili tibbi yardım sisteminin təkmilləşdirilməsi istiqamətində müxtəlif yeniliklər tətbiq olunur. Briqadalar planşetlərlə təmin edilir, naviqasiya imkanları genişləndirilir, motosiklet tipli ambulanslar istifadəyə verilir.

İndi isə təcili tibbi yardım avtomobillərinin xüsusi səs və işıq siqnallarından istifadəsi ilə bağlı yeni tapşırıq verilib.

TƏBİB-in məlumatına görə, briqadalar çağırışdan qayıdarkən və növbəti ünvana gedərkən də bu siqnallardan istifadə etməlidirlər. Məqsəd çağırışlara daha operativ çatmaqdır.

Bütün bunlar, şübhəsiz ki, xidmətin yaxşılaşdırılması istiqamətində müəyyən imkanlar yarada bilər. Ancaq təcili tibbi yardımın əsas problemi nə qədər planşet verilməsi, ambulansın hansı naviqasiya sistemi ilə təchiz olunması və ya yolda sirenadan nə qədər istifadə etməsi deyil. 

Əsas məsələ çağırışa gedəcək briqadanın mövcudluğu, onun sayı, tibbi və texniki təminatı, eləcə də üzərinə düşən yükün nə qədər olmasıdır.

Ekspertlərin bildirdiyinə görə, təcili tibbi yardımın təşkili ilə bağlı əhali sayına uyğun müəyyən normativlər mövcuddur.

Belə ki, bir sahə terapevtinə 1700-1800 nəfər, sahə uşaq həkiminə 800-900 uşaq, ginekoloqa isə 15-49 yaş aralığında 3500-4000 qadın əhali düşməlidir.
Həmçinin hər 10 min nəfərə bir təcili tibbi yardım briqadasının nəzərdə tutulduğu bildirilir.

Diqqət çəkdiyi digər məqam Bakı şəhərində təcili tibbi yardım briqadalarının sayıdır. 1990-cı illərdə paytaxtda 135-140 briqada fəaliyyət göstərib və hazırda da briqadaların sayı təxminən həmin səviyyədədir.Halbuki ötən müddətdə Bakı əhalisi artıb, şəhərin ərazisi genişlənib, yeni yaşayış massivləri salınıb, çoxmərtəbəli binaların sayı artıb, istehsal və xidmət sahələri genişlənib.

Şəhərin yükü dəyişdiyi halda, təcili tibbi yardımın resurslarının eyni səviyyədə qalması ciddi suallar yaradır.

İnsan həyatı üçün ən vacib xidmətlərdən biri olan təcili tibbi yardım maşınları əhalinin sayına və şəhərin real tələbatına uyğun olmalıdır.

Briqadaların sayı artırılmalı, kadr çatışmazlığı aradan qaldırılmalı, avtomobillərin texniki vəziyyəti yaxşılaşdırılmalıdır.

Vətəndaş ambulans çağıranda ona “gəlirik” deyilib bir saat gözlədilməməlidir. Çünki təcili tibbi yardım adi xidmət deyil, burada hər dəqiqə insan həyatı üçün əhəmiyyət daşıyır.

Təcili tibbi yardım sistemində artan şəhər yükü və əhalinin ehtiyacları nəzərə alınaraq briqadaların sayı, iş qrafiki və resurslar nə dərəcədə yenilənir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında həkim, tibb üzrə eksperti Rasif Bağırov bildirib ki, təcili tibbi yardım xidmətinin əsas vəzifəsi çağırışları vaxtında və operativ şəkildə yerinə yetirməkdir:

“Çağırış daxil olduqda briqada qısa müddətdə hadisə yerinə çatmalıdır. Bunun üçün isə təcili yardım stansiyalarında xidmət göstərilən ərazilərin əhalisinin sayına uyğun olaraq, mövcud normativlər əsasında həkim və tibb bacılarının sayı kifayət qədər olmalıdır.

Qeyd edim ki, 1990-cı illərdən bu günə qədər Bakıda urbanizasiya prosesi olduqca sürətlə gedir. Şəhərdə böyük yaşayış əraziləri salınır, yeni massivlər yaranır, rayonlardan paytaxta əhali köçür.

Nəticədə təcili tibbi yardımın xidmət göstərdiyi ərazilər genişlənir, əhalinin sayı artır. Lakin bu artıma baxmayaraq, briqadaların sayı eyni səviyyədə qalır”.

Onun sözlərinə görə, son dövrlər təcili yardım briqadalarının çağırışlara bir saat, bir saat yarım, bəzən isə iki saat gecikmə ilə çatması halları müşahidə olunur:

“Bu isə əslində təcili yardım xidmətinin vaxtında göstərilməməsi deməkdir. Çünki təcili yardım xəstənin yanına bir saatdan, bir saat yarımdan, hətta iki saatdan çox gecikmə ilə çatacaqsa, onun əlavə texniki vasitələrlə təchiz edilməsinin, motosikletlə çağırışlara göndərilməsinin nə mənası var?

Belə olan halda bunların heç birinin əhəmiyyəti qalmır. İlk növbədə təcili tibbi yardım xidmətində ştat vahidləri artırılmalı, əhalinin artan sayına uyğun olaraq həkimlərin və digər tibb işçilərinin sayı müəyyənləşdirilməlidir.

Briqadaların sayı əhalinin sayına uyğun müəyyənləşdirilməli və xidmət də buna müvafiq şəkildə təşkil olunmalıdır. Əsas məqsəd əhalinin təcili tibbi yardım xidmətində gecikmə və ləngimələrlə üzləşməməsidir”.

O qeyd edib ki, müxtəlif texniki vasitələrin, siqnal sistemlərinin və planşetlərin tətbiqi də özlüyündə problemi həll etmir:

“Üstəlik, həmin planşetlərin belə lazımi səviyyədə və keyfiyyətlə işləmədiyini görürük. Təcili yardım çağırışlarının vaxtında yerinə yetirilməsi üçün ilk növbədə ştat vahidlərinin artırılması vacibdir.

Çünki əhalinin sayı həkimlərin sayına nisbətdə həddindən artıq çoxdur. Buna baxmayaraq, həkimlərin sayı əvvəlki səviyyədə qalır, hətta bəzi yerlərdə azalır. 
Çağırışlar vaxtında yerinə yetirilmirsə, hansısa göstəricilərin və ya tətbiq olunan yeniliklərin nə əhəmiyyəti var? Heç bir əhəmiyyəti yoxdur.

Ona görə də əsas şərt təcili tibbi yardım xidmətində kifayət qədər kadrın çatışmasıdır. Kadr çatışmazlığı aradan qaldırılmadığı təqdirdə digər tədbirlərin də ciddi nəticə verməsi mümkün deyil”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: təcili yardım Rasif Bağırov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью