Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Xatırladaq ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs 2018-ci ilin dekabr ayında Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmışdır.
Əsas məqsəd icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrini vahid idarəetmə altında birləşdirmək, tibbi xidmətlərin təşkilini təmin etmək və keyfiyyətini əhəmiyyətli dərəcədə artırmaq idi.
TƏBİB-in tabeliyinə keçən xəstəxanalar və poliklinikalar vasitəsilə vətəndaşlara pulsuz və ya minimal ödənişlə yüksək səviyyəli tibbi yardım göstərmək, növbələri azaltmaq, müasir avadanlıqlarla təchizatı yaxşılaşdırmaq, həkimlərin iş şəraitini və motivasiyasını gücləndirmək planlaşdırılmışdı.
Nəticədə səhiyyədə korrupsiya və rüşvət hallarının minimuma enəcəyi, xəstələrin “pulsuz tibb” prinsipi əsasında həqiqətən keyfiyyətli xidmət alacağı gözlənilirdi.
Məhz TƏBİB tərəfindən müxtəlif istiqamətdə addımlar atıldı, müəyyən islahatlar həyata keçirildi, müsbət və gözlə görünən nailiyyətlər əldə edildi. Bütün bunlar təqdirə layiq addımlar idi. Lakin fəaliyyətdəki müəyyən boşluqlar, idarəetmədəki çatışmazlıqlar əhali arasındakı narazılıqları artırdı.
Bir çox rayon və şəhərlərdə xəstəxanalarda hələ də növbələr, avadanlıq çatışmazlığı, müayinə və müalicə üçün qeyri-rəsmi ödəniş tələbləri davam edirdi. Stomatologiya kimi sahələrdə ştatların kəskin azaldılması, həkimlərin iş yükünün artması və xidmət keyfiyyətinin düşməsi kimi hallar tez-tez qeydə alınır.
Qeyd edək ki, hazırda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bu sahədə idarəetmə mexanizmlərinin necə dəyişəcəyi, xəstəxanaların fəaliyyətinin necə təşkil olunacağı və vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı çoxlu suallar meydana çıxır.
Maraqlıdır, bu addım səhiyyə sistemində mövcud problemlərin həllinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən tibbi ekspert Adil Qeybulla bildirib ki, Səhiyyə Nazirliyi ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin bir qurumda təmsil olunması müsbət addımdır.
“Bu, onu göstərir ki, bütün xəstəxanalarda vahid, şəksiz idarəetmə olacaq və Azərbaycanda İcbari Tibbi Sığorta (İTS) paketinə (Xidmətlər Zərfi) xəstəxanaların mülkiyyət formasından asılı olmayaraq onların mövcud kadr potensialının formalaşdırılmasına və daha da gücləndirilməsinə zəmin yaranacaq. Bu, çox vacibdir.
Əslində, bu çoxdan gözlənilən qərar idi. TƏBİB İcbari Tibbi Sığorta yarananda ayrı-ayrı xəstəxanalara nəzarət üçün formalaşdırılmış bir qurum idi. Artıq onun ləğv olunmaq vaxtı da çatmışdı.
Ona görə də bu iki qurumun birləşdirilməsi və bütün səhiyyəyə vahid rəhbərliyin həyata keçirilməsi müsbət addımdır. Hesab edirəm ki, burada yeni kollektiv və yeni rəhbərlik bu işin təşkili üçün bütün imkanlarını səfərbər edəcək”.
Ekspert qeyd edib ki, xəstəxanaların imkanlarından maksimum yararlanmaq vacibdir:
“Çünki dövlət xəstəxanalarında böyük növbələrin qarşısını almaq üçün buna ehtiyac var. Niyə də mülkiyyət formasından asılı olmayaraq digər xəstəxanaların resurslarından istifadə olunmasın?”
Aişə
“Cebheinfo.az”
Açar sözlər: Səhiyyə Adil Qeybulla
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin