Səhnə işinin görünməyən ustaları

03.07.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tamaşaçı teatr salonunda işıqlar sönəndə diqqətini yalnız səhnəyə yönəldir. Alqışlarla qarşılanan obrazların geyimləri, bir-birini tamamlayan rənglər, tarixi dövrləri yaşadan libaslar və səhnədəki vizual ahəng ilk baxışdan təbii görünür. Halbuki bütün bunların arxasında böyük zəhmət, dəqiqlik və illərin təcrübəsi dayanır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının pərdəarxası dünyasına səyahət etdikdə tamaşaçıların heyranlıqla izlədiyi həmin möhtəşəm obrazların geyimlərinin qorunduğu, hazırlandığı və yaşadıldığı məkana - teatrın geyim sexinə üz tuturuq. Bura qədəm qoyan hər kəsi ilk andan özünün mistik, bir qədər sirli, eyni zamanda tarix qoxuyan atmosferi qarşılayır. Səssizcə divarlardan boylanan yüzlərlə səhnə libası sanki illərin xatirəsini yaşadır.

Bu sehrli məkanda bizi geyim sexinin müdiri Aynişan Məmmədova qarşılayır. O, 1997-ci ildən bu teatrda çalışır. Söhbət zamanı fəxrlə qeyd edir ki, teatra mərhum Xalq artisti Hacıbaba Bağırovun rəhbərliyi dövründə gəlib və o vaxtdan ömrünü bu sənət ocağına bağlayıb.

Uzun illər ərzində qazandığı təcrübə ona teatrın bir neçə nəslinin sənətkarları ilə çiyin-çiyinə çalışmağa imkan verib. Aynişan xanım böyük ehtiram hissi ilə Gülnar Salmanovanı, Xanlar Muradovu, Ağarəfi Rəhimovu, Novruz Qartalı və adları Azərbaycan teatr tarixində xüsusi yer tutan neçə-neçə sənətkarı xatırlayır.

Eskizdən qrim otağınadək uzanan yol

Səhnədə cəmi bir neçə saat görünən hər bir geyim əslində uzun və zəhmətli bir yol keçir. Bu yol rəssamın kağız üzərində çəkdiyi ilk eskizdən başlayır, modelyerlərin, dərzilərin və geyim sexinin əməkdaşlarının əllərindən keçərək aktyorun əynində səhnəyə çıxması ilə tamamlanır.

Aynişan xanım bir geyimin tamaşaya qədər və tamaşadan sonrakı taleyindən danışarkən deyir: "Yeni tamaşalar hazırlananda əvvəlcə rəssam eskizləri çəkir. Sonra modelyerlərimiz həmin eskizlər əsasında geyimləri biçib tikirlər. Hazır olandan sonra onları mənə təhvil verirlər. Biz də aktyorların paltarlarını qrim otaqlarında yerləşdiririk. Tamaşa başa çatdıqdan sonra isə geyimləri yenidən qrim otaqlarından götürüb sexə gətiririk".

Lakin iş bununla yekunlaşmır. Tamaşa başa çatan kimi geyimlərin hər biri yenidən diqqətlə yoxlanılır. Əgər hər hansı libasın yuyulmasına ehtiyac varsa, dərhal təmizlənməyə göndərilir. Haradasa tikiş açılıbsa, düymə qopubsa və ya parçaya zərər dəyibsə, dərzilər dərhal onu bərpa edirlər. Yalnız bütün bu mərhələlər başa çatdıqdan sonra geyim yenidən öz yerinə asılır və növbəti tamaşanı gözləməyə başlayır.

Bəzən bir tamaşa üçün onlarla, hətta yüzə yaxın geyim hazırlanır. Onların hamısının vaxtında, düzgün vəziyyətdə və lazımi otaqda olması isə məhz geyim sexinin üzərinə düşən ən məsuliyyətli vəzifələrdən biridir.

İllərin yaddaşını yaşadan səhnə libasları

Burada 20 ildən artıq yaşı olan, bu gün də böyük qayğı ilə qorunan səhnə geyimləri var. İllər keçsə də, onlar öz dəyərini itirməyib. Əksinə, zaman keçdikcə həmin libasların mənəvi yükü daha da artıb. Çünki hər biri Azərbaycan teatr sənətinin yaddaşına çevrilmiş tamaşaların ayrılmaz hissəsidir.

Aynişan xanım bizi bu qiymətli geyimlərin saxlanıldığı bölməyə aparır. O, böyük ehtiramla Xalq artistləri Hacıbaba Bağırovun və Afaq Bəşirqızının müxtəlif tamaşalarda istifadə etdikləri səhnə geyimlərini göstərir.

Burada "Toya bir gün qalmış" tamaşasının geyimləri, "Bankir adaxlı" tamaşasında Hacıbaba Bağırovun geyindiyi məşhur kostyumlar, "Məhəbbət oyunu", və digər tamaşalara məxsus səhnə libasları böyük diqqətlə qorunub saxlanılır. Sanki onlar növbəti dəfə səhnəyə çıxacaqları günü səbirlə gözləyirlər.

Teatrın xüsusi guşələrindən birində isə mərhum aktrisa Xanım Qafarovanın səhnə geyimləri qorunur. Bu guşədə hökm sürən sakitlik insanda xüsusi duyğular oyadır. Elə bil aktrisanın yaratdığı obrazlar həmin geyimlərin arasında hələ də yaşayır. Aynişan xanımın sözlərinə görə, vaxtilə Xalq artisti Nəsibə Zeynalovanın geyimləri Teatr Muzeyinə təhvil verilib. Xanım Qafarovanın geyimləri isə hələ də Musiqili Teatrda saxlanılır. "Əgər muzeydən rəsmi müraciət olunarsa, rəhbərliyin razılığı ilə bu geyimlər də muzeyə təqdim oluna bilər", - deyə o bildirir.

Səhnəarxasının görünməyən zəhməti

Tamaşaçı səhnədə yalnız nəticəni görür. Gözoxşayan geyimlər, mükəmməl görünüş və obrazın bütövlüyü alqışlarla qarşılanır. Amma bu nəticənin arxasında görünməyən, saatlarla davam edən gərgin əmək dayanır. Aynişan xanım otaqları bizə göstərdikcə diqqətimizi bir məqama yönəldir. Bəzi geyimlər adi qaydada asılmır. Bunun da öz səbəbi var. Elə libaslar var ki, onların üzərində əl işi ilə işlənmiş naxışlar, muncuqlar, daşlar və ağır bəzəklər yerləşir. Belə geyimlər düzgün saxlanılmasa, hər hansı bir formada zədələnə bilər. Buna görə də hər geyim öz xüsusiyyətinə uyğun şəraitdə qorunur.

Sexin daxilində bütün geyimlər xüsusi sistemlə qruplaşdırılıb. Onlar tamaşalara, obrazlara və aktyorlara görə ayrılır. Bu qayda təkcə nizam-intizam yaratmır, eyni zamanda tamaşa günlərində iş prosesini də sürətləndirir.

Bəzən aktyorlar tamaşaya çıxmağa bir neçə dəqiqə qalmış həyəcan keçirirlər. Tələsik geyinərkən düymələri səhv bağlayır, kostyumun hansısa detalını dəyişmək istəyirlər və ya əlavə aksesuar tələb edirlər. Belə anlarda geyim sexinin əməkdaşları təkcə öz peşələrinin ustası kimi deyil, həm də aktyorun ən yaxın köməkçisi kimi fəaliyyət göstərirlər.

Məhz buna görə də geyim sexində çalışan insanlar tamaşaçı tərəfindən görünməsələr də, hər tamaşanın uğurunda onların da böyük payı var.

Hər tamaşanın öz ritmi, hər günün öz qayğısı

Aynişan xanım deyir ki, illər ərzində müxtəlif nəslin aktyorları ilə işləmək ona zəngin təcrübə qazandırıb. Hər dövrün sənət adamlarının özünəməxsus xarakteri, iş prinsipi və geyimə münasibəti olub.

Onun sözlərinə görə, korifey sənətkarlarla işləmək əsl məktəb idi. Onlar səhnə geyiminə xüsusi ehtiramla yanaşır, libasın hər detalına diqqət yetirirdilər. Bu yanaşma illər keçsə də, geyim sexinin əməkdaşları üçün bir peşə ənənəsinə çevrilib. Bu gün həmin təcrübə gənc aktyorlarla iş prosesində də özünü göstərir.

Teatrın gündəlik iş rejimi də məhz tamaşaların qrafikinə uyğun qurulur. Tamaşa olmayan günlərdə geyim sexində iş saat 10:00-da başlayır. Həmin günlərdə əsas diqqət geyimlərin cari baxışına, təmizlənməsinə, ütülənməsinə, bərpasına və növbəti tamaşalara hazırlanmasına yönəlir.

Tamaşa günlərində isə iş prosesi tamamilə fərqli olur. Əməkdaşlar saat 15:00-da teatra gəlirlər. Çünki aktyorlar gəlməzdən ən azı iki saat əvvəl bütün geyimlər qrim otaqlarında hazır vəziyyətdə olmalıdır. Hər kostyum öz yerində, bütün aksesuarlar tam şəkildə hazırlanır.

Səhnəarxasında saniyələrlə yarış

Geyimçilər aktyorlara geyinməkdə kömək etməklə kifayətlənmirlər. Tamaşa zamanı baş verə biləcək istənilən fors-major vəziyyətə də dərhal müdaxilə etməyə hazır olurlar.

Aynişan xanım yaxın keçmişdə yaşanan maraqlı hadisəni xatırlayır: "Mesenat" tamaşasında aktrisanın geyiminin fermuarı qəfil ilişdi. Vaxt itirmədən onun dublyorunun paltarını gətirdik, əyninə geyindirib səhnəyə çıxardıq. Sonra isə fermuarı düzəltdik. Belə hallar tez-tez olur. Bəzən şalvar sökülür, ayaqqabının dabanı qırılır, hansısa aksesuar qopur. Səhnə arxasında hər an hər şeyə hazır olmalıyıq".

Aktyorların həssas münasibəti

Geyimlərin təmizliyinə, qorunmasına və saxlanma şəraitinə burada xüsusi həssaslıqla yanaşılır. Pəncərəsi olmayan otaqda havanın daim təmiz qalması üçün xüsusi havalandırma sistemi quraşdırılıb. Bu, həm geyimlərin uzunömürlü olması, həm də aktyorların rahatlığı baxımından vacibdir.

Aynişan xanımın sözlərinə görə, aktyorların əksəriyyəti geyim məsələsində son dərəcə tələbkardır. Demək olar ki, heç kim başqasının geyindiyi kostyumu geyinmək istəmir. Libasdan gələn ən cüzi qoxu belə onların diqqətindən yayınmır.

Əgər eyni geyimdən iki aktrisa növbə ilə istifadə edirsə və onlardan biri daha həssasdırsa, həmin kostyum növbəti tamaşadan əvvəl mütləq yenidən yuyulur, ütülənir və hazır vəziyyətə gətirilir. Aynişan xanım bunu gülümsəyərək belə ifadə edir: "Mən xasiyyətcə kaprizli işləri və kaprizli sənətkarları daha çox sevirəm. Çünki aktyorun geyimi qaydasında olanda onun fikri paltarda qalmır. O, bütün diqqətini roluna yönəldir".

O əlavə edir ki, bəzən rejissorlar da məşq və ya tamaşa zamanı geyimlə bağlı yeni fikir irəli sürür, hansısa detalın dəyişdirilməsini istəyirlər. Belə hallarda geyim sexi qısa vaxt ərzində alternativ variantlar hazırlayaraq prosesi ləngitmədən işi davam etdirir.

Hazırda geyim sexində 8 nəfər çalışır. İş bölgüsü dəqiq şəkildə təşkil olunub. İki nəfər balet otağına cavabdehdir. Milli rəqs və balet geyimləri ayrıca saxlanılır. İki əməkdaş xor kollektivinin geyimləri ilə məşğul olur. Digər geyimçilər isə dram aktyorlarının səhnə libaslarına nəzarət edirlər.

Aynişan xanım qürur hissi ilə bildirir ki, qızı da bu sexdə çalışır və uzun illərdir Xalq artisti Afaq Bəşirqızının geyimçisi kimi fəaliyyət göstərir. Bu, teatr sevgisinin ailədən ailəyə ötürüldüyünü göstərən ən gözəl nümunələrdən biridir.

Hər yeni tikilən kostyum geyim sexinə təhvil verilərkən ciddi qeydiyyatdan keçirilir. Modelyerlə geyim sexi arasında təhvil-təslim sənədləri hazırlanır, bütün geyimlər siyahıya alınır və xüsusi uçot sistemi ilə qorunur.

Hazırda teatrda "Şahmaran" tamaşası üçün yeni geyimlər hazırlanır. Son illərin ən böyük işlərindən biri isə xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş "Mesenat" tamaşasının tarixi geyimlərinin hazırlanması olub.

Söhbətimizin sonunda bir daha anlayırıq ki, teatrın sehrini yaradan təkcə aktyorların istedadı deyil. O sehri tamamlayan görünməyən əllər, səssiz zəhmət və peşəsinə sonsuz sevgi ilə yanaşan insanlar da var. Aynişan Məmmədova və onun komandası hər tamaşadan əvvəl səhnəyə çıxacaq obrazların yalnız geyimini deyil, həm də teatrın uzun illər formalaşmış ənənələrini qoruyurlar. Tamaşaçı isə pərdə açılanda bütün bu zəhmətin nəticəsini bircə anın içində görür və bəlkə də hiss etmədən həmin görünməyən qəhrəmanların əməyini alqışlayır.

Şahanə MÜŞFİQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью