Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Jalə CƏFƏROVA
Filologiya üzrə fəlsəfə doktoru
Böyük insanlar yalnız gördükləri işlərin miqyası, yaratdıqlarının əzəməti ilə yadda qalmırlar. Bəzən onların ömründən qalan kiçik bir an, çoxlarına bəlli olmayan bir xatirə, adi görünən bir məqam da illər keçəndən sonra həmin insanı bizə yenidən xatırladır.
Böyük sənətkar, Azərbaycanın unudulmaz teatr və kino aktyoru, Əməkdar artist Hamlet Xanızadə haqqında danışanda, əlbəttə, ilk yada düşən onun yaratdığı möhtəşəm obrazlardır. Hüseyn Cavidin qəhrəmanları onun səsində, baxışında, duruşunda sanki yenidən doğulurdu. "İblis", "Əmir Teymur" kimi tamaşalarda yaratdığı ölməz obrazlar...
O, yalnız Hüseyn Cavid dramaturgiyasının şah əsərlərində rollar yaradan ustad aktyor deyildi. O, həm də böyük dramaturqumuzun dünyasını duyan, onun qəhrəmanlarının ruhunu yaşayan və bu ruhu səhnədən tamaşaçıya çatdıran böyük sənətkar idi.
Atam Cavad Cavadlı Hüseyn Cavid yaradıcılığına dərindən bələd idi. Hamlet Xanızadə Cavid dramaturgiyasından hər hansı yeni bir obraz üzərində işləyəndə saatlarla atamla söhbətləşər, böyük Cavidin qəhrəmanlarının ruhundan, düşüncəsindən, daxili dünyasından danışardılar.
Mən sonralar anladım ki, onların söhbətləri sadəcə aktyorla cavidşünasın söhbəti deyildi. Bu, sənətə və mənəviyyatımıza cani-dildən xidmət edən iki yaradıcı insanın, eyni məhəbbətin ətrafında birləşən iki sənət adamının mənəvi söhbəti idi. Onlar Cavidin əsərlərini yalnız müzakirə etmirdilər - Cavid dünyasının içində yaşayırdılar.
lll
Məktəbli idim. İsti yay gecələrindən biriydi. Gecə yarını çoxdan aşmışdı. Hamı yuxuya dalmışdı. Mən isə eyvanda oturmuşdum. Birdən uzaqdan gələn asta səslər sükutu pozdu. Səs gələn tərəfə boylananda gördüm ki, atam, Hamlet Xanızadə və Fuad Poladov söhbət edə-edə həyətimizə doğru gəlirlər. Söhbətlərindən hiss olunurdu ki, Hüseyn Cavidin əsərlərindən biri səhnəyə hazırlanır. Atam Cavid yaradıcılığı barədə düşüncələrini bölüşür, sənət dostlarına öz tövsiyələrini veridi. Onlar eyvanımızın altına çatanda atam mehribanlıqla üzünü dostlarına tutdu:
- Qalxaq evə, bir stəkan çay içək.
Hamlet müəllim ehtiramla əlini sinəsinə qoyub nəzakətlə dedi:
- Cavad müəllim, bizim milli-mənəvi dəyərlərimiz, qədim adət-ənənələrimiz var. Siz bunları hamımızdan yaxşı bilirsiniz. Bu vədədə türk ocağının qapısını döymək olmaz.
Bu sözlər sadəcə bir cümlə deyildi. Bu, Hamlet müəllimin aldığı tərbiyənin, mənsub olduğu milli düşüncənin, ailəyə, evə və ocağa duyduğu ehtiramın ifadəsi idi.
Atam bir anlıq susdu. Sanki bir anlıq nə deyəcəyini yox, nə edəcəyini düşünürdü. Ətrafa boylandı, sonra sakitcə evə qalxdı. Bir qədər keçmiş əlində su ilə dolu şüşə banka və metal bir qabla aşağı endi.
- Alın, heç olmasa bir az su için, evinizə çatınca yanğınız keçsin.
Əlindəki su dolu bankanı Fuad Poladova uzadıb dedi:
- Sən parç tut, mən də suyu süzüm.
Hamlet müəllim qabı əlinə alıb təbəssümlə soruşdu:
- Bunun adı necə oldu, ay Cavad müəllim?
Atam gülümsədi:
- Parçdır, ay Hamlet, bunun adı parçdır.
Hamlet müəllim də gülümsədi:
- Bax, yenə sizdən nəsə öyrəndik. Biz buna həmişə "dəmir kruşka" demişik. Deməli, doğma dilimizdə adı "parç" imiş.
Bu kiçik söhbət böyük bir dərs kimi uşaq yaddaşıma həkk olundu. Həmin gecə mən Hamlet Xanızadənin yalnız böyük aktyor olmadığını gördüm. Onun timsalında milli-mənəvi dəyərlərinə bağlı, öyrənməkdən çəkinməyən, bilmədiyini etiraf etməkdən utanmayan böyük bir Azərbaycan kişisi gördüm. Anladım ki, onun böyüklüyü yalnız səhnədə görünmürmüş.
Bəlkə də elə buna görə sonralar səhnədə yaratdığı obrazlarla həyatda gördüyüm Hamlet Xanızadə arasında həmişə qəribə bir mənəvi bağlılıq hiss etdim. Səhnədə haqqın, ədalətin, mübarizənin səsini ucaldan sənətkar həyatda da doğru bildiyi sözün arxasında dayanır, həqiqəti deməkdən çəkinmirdi.
O gecə mənə elə gəlmişdi ki, qarşımda sadəcə səhnədə müxtəlif obrazları canlandıran bir aktyor yox, həyatın öz səhnəsində haqqın səsini qoruyan bir sənətkar dayanıb.
İllər keçdikcə başa düşdüm ki, əsl sənətkarın səhnədə yaratdığı obrazla həyatda daşıdığı şəxsiyyət arasında görünməz bir bağ olur. Hamlet Xanızadədə bu bağ xüsusilə aydın görünürdü. O, səhnədə kim idisə, həyatda da öz mənəvi duruşu ilə həmin dünyanın adamı idi.
lll
Bəzən elə olur ki, illər öncə dünyasını dəyişmiş, tanıdığın və ruhuna ehtiram bəslədiyin bir insanla xəyalən söhbət edirsən. Mən belə söhbətləri tez-tez edirəm. Çox vaxt da həmsöhbətim böyük sənətkarımız Hamlet Xanızadə olur.
Deyirəm:
- Ay Hamlet müəllim, görəsən, bizim teatrımızın, kinomuzun başına nə gəldi? Hara gedirik belə?
Bu sualı verməyimin səbəbi keçmişə nostalji ilə bağlı deyil. Azərbaycan kinosunun və teatrının son onilliklərdəki mənzərəsinə nəzər salanda məyus olmamaq çətindir. Bir zamanlar səhnəni öz varlığı ilə işıqlandıran böyük sənətkarlar bir-bir bu dünyadan köçdülər. Onların boş qalan yerləri isə hələ də görünür.
Sanki bəzən əsl istedadın yerini tələsik şöhrət, dərinliyin yerini zahiri effekt, sənətin yerini isə səs-küy tutur.
Bir vaxtlar teatra böyük həyəcanla gedərdik. Tamaşa bitəndən sonra isə uzun müddət onun təsirindən çıxa bilməzdik. Hər obraz bizi düşünməyə vadar edər, hər səhnə iç dünyamıza toxunardı. Aktyorun baxışında, səsində, hətta susqunluğunda belə böyük sənət yaşayardı.
Tamaşa salonundan çıxanda sanki bir məktəbdən çıxırdıq - düşüncəmiz zənginləşir, ruhumuz qidalanır, həyata başqa gözlə baxmağa başlayırdıq. Bəlkə də əsl teatrın, əsl sənətin möcüzəsi elə bunda idi: səhnədə bitən tamaşa salondan çıxandan sonra insanın içində davam edirdi.
Bu gün isə çox vaxt bunun əksini yaşayırıq. Tamaşa başa çatır, amma ürək dolmur. Əksinə, insanı qəribə bir boşluq hissi izləyir. Çünki sənətin ən ali missiyalarından biri - insanı mənəvi cəhətdən zənginləşdirmək, ona estetik zövq aşılamaq, düşündürmək və ruhunu qanadlandırmaq gücü - bəzən kölgədə qalır.
Və yenə dönüb Hamlet müəllimdən soruşuram:
- Siz olsaydınız, bu mənzərəni necə qarşılayardınız? Səhnənin müqəddəsliyini bu qədər sevən bir sənətkar kimi buna nə deyərdiniz?
Cavabını eşitmirəm. Amma onun yaratdığı ölməz obrazlar, səhnədəki qürurlu duruşu, sənətə sədaqəti sanki mənə pıçıldayır: "Əsl sənət heç vaxt ölmür".
O, zaman-zaman sınaqlardan keçir, bəzən susur, kölgəyə çəkilir, amma yenə də öz həqiqi sahiblərini gözləyir.
Bəlkə də Hamlet Xanızadənin 85 illiyi yalnız böyük aktyoru xatırlamaq üçün deyil, sənətin dünəni ilə bu günü arasında vicdanlı bir müqayisə aparmaq üçün də bir fürsətdir. Çünki belə sənətkarlar yalnız yaratdıqları rollarla deyil, sənətə münasibətləri, peşəkarlıqları, tələbkarlıqları və mənəvi ucalıqları ilə bütöv bir məktəb idilər.
Və mən bu gün də o sualı ürəyimdə daşıyıram:
- Hara gedirik belə, ay Hamlet müəllim?
Cavabını eşitmirəm. Amma... mən Onun 85 illik yubileyi ərəfəsində söhbətimizi kədər və ümidsizliklə bitirmək istəmirəm. Çünki nə qədər zaman keçsə də, nə qədər çətin dövrlər yaşansa da, sənətin həqiqi zirvələri heç vaxt əlçatmaz olmur.
Nə yaxşı ki, Azərbaycan Televiziyasının və Radiosunun qızıl fondunda, kino salnaməmizdə Hamlet Xanızadənin və onun kimi böyük sənətkarların yaratdığı möhtəşəm sənət nümunələri yaşayır. Onlar təkcə ötən illərin xatirəsi deyil, həm də bu günümüzün mənəvi sərvəti, sabahımızın yol göstəricisidir. Hər dəfə həmin filmlərə, tamaşalara baxanda bir daha anlayırıq ki, əsl sənət zamanın fövqündə dayanır. O, nə köhnəlir, nə də öz dəyərini itirir. Əksinə, illər keçdikcə daha da ucalır, daha da qiymətli olur.
Onun yaratdığın obrazlar Azərbaycan mədəniyyətinin baş tacı, xalqımızın estetik yaddaşı, gələcək nəsillər üçün əvəzsiz sənət məktəbidir. Ona görə də böyük sənətkarımızn 85 illiyini qeyd edərkən hüznlə yox, qürur hissi ilə deyirəm: Siz fiziki olaraq aramızda olmasanız da, yaratdığınız sənət yaşayır və yaşayacaq. Nə qədər ki, bu xalq öz böyük sənətkarlarını sevəcək, onların yaratdığı əsərlərə qayıdacaq, sənin adın da, sənətin də yaşayacaq. Çünki əsl sənət heç vaxt ölmür.
85 yaşınız mübarək, böyük sənətkar!
Siz Azərbaycan mədəniyyətinin heç vaxt sönməyən işıqlarından birisiniz. Çünki xalqın yaddaşında yaşayan sənətkar heç vaxt səhnədən enmir. O, hər yeni nəsillə yenidən doğulur, yenidən alqışlanır, yenidən sevilir.
İllər keçir, obrazlar tarixə çevrilir. Amma insanın əsl böyüklüyünü yaşadan onun xarakteridir, mənəvi duruşudur, qoyub getdiyi izdir.
Mən Hamlet Xanızadəni belə xatırlayıram - sənəti ilə zirvəyə ucalan, insanlığı ilə isə o zirvəni daha da yüksəldən böyük bir şəxsiyyət kimi.
P.S. Bir vaxtlar məzarının başında dayanıb ürəyimdə Ona gileylənirdim:
- Türkün oyanması çox çəkdi, Hamlet müəllim!..
Artıq bu gün başqa mənzərədir: işğal olunmuş torpaqlarımız azaddır. İnanıram ki, sizin kimi bu Vətəni sevən insanların ruhu da bu xəbərlə rahatlıq tapıb.
Ruhunuz şad olsun, böyük sənətkar!