Səhranın qırmızı ruhu

12.08.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təmsilçimizin “Sabah” ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubuna qarşı mübarizə aparacaq. Komandalar arasındakı ilk matç avqustun 19-da Macarıstanda, cavab görüşü isə 25-də Bakıda keçiriləcək.

Bu gün İsrail idmanına nəzər salanda demək olar hər bir şəhərdə “Makkabi” və “Hapoel” adını daşıyan azı iki klub görmək mümkündür. Futboldan basketbola, yüngül atletikadan üzgüçülüyə qədər ölkədəki idman cəmiyyətlərinin mütləq əksəriyyəti bu iki köklü adın çətiri altında cəmləşib.

Yaşıl meydanlarda siyasətin izi

Dünyanın böyük hissəsində idmanla siyasət sadəcə kəsişmir, bir-birinin davamı kimi çıxış edir. Avropanın futbol xəritəsinə nəzər salsaq, İtaliyada “Milan” tarixi olaraq fəhlə sinfinin və sol ideologiyanın, şəhərdəki rəqibi “İnter” isə burjuaziyanın və varlı təbəqənin simvolu sayılırdı. “Latsio” Mussolini diktaturasının sevimli klubu kimi tarixdə iz qoyub və bu gün də azarkeşlərinin neo-faşist baxışları ilə gündəmə gəlir. İspaniyada “Real Madrid” Franko rejiminin vitrini idisə, rəqibi “Barselona” Kataloniya müqavimətinin və milliyyətçiliyinin qalasına çevrilmişdi.

Buna baxmayaraq, ideoloji bölünmənin futbolu kökündən formalaşdırdığı ən qabarıq nümunələrdən biri İsraildir. Yüksək dərəcədə siyasiləşmiş bu ölkədə idman klublarının böyük əksəriyyəti birbaşa siyasi hərəkatların içindən doğub.

Birəsrlik ideoloji cəbhə

İsrail idmanının bünövrəsində 100 ildən artıqdır ki, iki əsas cərəyan dayanır — “Makkabi” və “Hapoel”. Bu adlar sadəcə bəzək üçün deyil, birbaşa siyasi yük və ideologiyanın göstəricisidir. Sionist hərəkatının başlanğıcında, hələ mandat dövründə yaradılan bu klublar ölkənin bütün idman infrastrukturunu öz aralarında bölüşdürüblər. Hətta vaxtilə idmandan tutmuş səhiyyəyə qədər hər şey bu ayrılığın təsirində idi. Məsələn, “Makkabi Səhiyyə Xidmətləri” eyniadlı Dünya İttifaqına, “Klalit” isə “Histadrut” Həmkarlar İttifaqına bağlı fəaliyyət göstərirdi.

Qədim irsin daşıyıcıları

“Makkabi” adını Selevkilər imperiyasına qarşı üsyan edən qədim yəhudi qəhrəmanlarından, yəni makkaveylərdən alır. Əsas ümum-sionist qrupların dəstəklədiyi bu hərəkat “maskulin yəhudilik” konsepsiyasını bayraq edərək idman və fiziki güc vasitəsilə mənəvi-maddi dirçəlişi hədəfləyirdi. “Makkabi” adını daşıyan klublar tam müstəqil idarə olunur və çətir təşkilatdan maliyyə asılılıqları yoxdur. Mərkəzi qurum onlar üçün yalnız metodiki istiqamət və tövsiyə verən bir mərkəz rolunu oynayır. Təşkilatın ən vacib və miqyaslı layihəsi isə hər dörd ildən bir təşkil olunan “Makkabiada”dır. Bu yarış dünyanın dörd bir yanından gələn yəhudi idmançıları müxtəlif növlərdə bir araya gətirən özünəməxsus bir Olimpiadadır.

Oraq-çəkicli qala

“Hapoel” isə tərcümədə “fəhlə” deməkdir. “Histadrut” tərəfindən sosialist və fəhlə sinfinin səsi kimi yaradılan klubun gerbindəki qırmızı oraq-çəkic nişanı onun marksizm və əmək sionizmi ilə birbaşa bağlarını nümayiş etdirir. 1980-ci illərdə köhnə nəslin səhnədən çəkilməsi ilə “Histadrut” tənəzzül dövrünə qədəm qoydu və nəticədə qurum bütün strukturları ilə dağılaraq fərqli formatda yenidən təşkil olundu. Həmkarlar ittifaqının idman qolu olan “Hapoel” isə zamanla sadəcə yönverici, məsləhətçi bir çətir təşkilata çevrildi. Bu gün brendin adı hələ də futbol və basketbol komandalarının formalarını bəzəyir, lakin artıq hər bir klub müstəqildir və ya özəl mülkiyyətçilər, ya da qeyri-hökumət təşkilatları tərəfindən idarə olunur. Bununla belə, kütləvi idman ideyası tamamilə tarixə qovuşmayıb. “Hapoel” xüsusilə həvəskar və kütləvi idman sahəsində fəaliyyətini davam etdirir.

Köklü rəqabət

Bu iki düşərgə şəhər derbilərindən tutmuş federasiyaların büdcə bölgüsünə qədər hər yerdə amansız rəqabətdə olublar. Bu gün xüsusi mülkiyyətçilik dövründə bu kəskinlik müəyyən qədər yumşalsa da, köhnə kimliklərin izi hələ də silinməyib.

“Makkabi” (Təl-Əviv) turnirlərdə özünü İsrailin “milli komandası” adlandırmağı üstün tutur, lakin rəqibləri bu iddia ilə barışmır. Son dövrlər çempionluq qazanan və Çempionlar Liqasında çıxış edən “Hapoel” (Təl-Əviv) azarkeşləri bu statusu kökündən rədd edirlər. Onların əsas şüaları ölkəni yox, “Hapoel”i təmsil etməkləridir. Solçuluq simvolları və qırmızı rəngin hakim olduğu bu tribunalaşmada hətta Çe Gevaranın vaxtilə komandada oynamasına dair şəhər əfsanələri də mövcuddur. İdeoloji təzad baxımından isə “Hapoel” üçün əsl anti-tezis “Makkabi” yox, ərəbləri tamamilə rədd edən “Beytar” (Yerusəlim) klubudur.

Səhrada doğulan çempion

Cənubun əsas təmsilçisi olan “Hapoel Beer-Şeva”nın da kökləri məhz bu fəhlə hərəkatına dayanır. 1949-cu ildə “Hapoel Ramat Qan”ın sabiq oyunçusu Zalman Kaspi tərəfindən tranzit düşərgələrdəki gənc istedadları toplamaqla təməli qoyulan klub bir il sonra rəsmən fəaliyyətə başlayıb.

“Dəvələr” və ya “Cənublu qırmızılar” ləqəbli komanda Negev səhrasının ətəyində yerləşən, Təl-Əviv və Qüdsdən fərqli olaraq nisbətən unudulmuş, yəhudilər və ərəblərin birgə yaşadığı bir şəhəri təmsil edir. İsrailin İqtisadiyyat naziri Nir Barkatın gəlini Alona Barkatın mülkiyyətində olan klub ev oyunlarını 16 minlik “Toto Terner” stadionunda keçirir.

Tarixi ərzində maliyyə böhranları və zəif nəticələr səbəbindən bir neçə dəfə elitanı tərk etmək məcburiyyətində qalan Beer-Şeva təmsilçisi hər dəfə geri dönməyi bacarıb. “Dəvələr” 6 dəfə İsrail çempionu olub (sonuncusu ötən mövsüm), 4 dəfə Dövlət Kubokunu, 5 dəfə isə Superkuboku muzeyinə aparıb. Bundan əlavə, onlar “Beytar” (Yerusəlim) ilə birgə avrokuboklarda (1976/77), “Hapoel” (Təl-Əviv) ilə birgə isə UEFA Kubokunda (1994/95) İsraili təmsil edən ilk klublar kimi ölkə futbolunun tarixə düşüblər.

Müharibə kölgəsində Avropa sınağı

“Dəvələr” üçün cari mövsüm heç də hamar başlamadı. İyulun 16-da Superkubokda “Makkabi” (Təl-Əviv) 1:3, ardından Çempionlar Liqasının II təsnifat mərhələsində “Vikinqur”a (Reykyavik) 1:2 hesabıyla yenilərək start verdilər. 2023-cü ildən bəri davam edən hərbi münaqişə səbəbindən İsrail klubları ev oyunlarını neytral meydanlarda, triubunasız keçirməyə məcburdular. Səfər matçları da rahat keçmir, Avropa azarkeşlərinin kəskin etirazları və siyasi təzyiqi altında oynayırlar.

Buna baxmayaraq, Ran Kozuçun komandası toparlanmağı bacardı. “Vikinqur”u cavab matçında 2:0 hesabı ilə üstələyən Beer-Şeva təmsilçisi, növbəti mərhələdə Belqradın “Srvena Zvezda” səddini də keçdi (1:0 və 2:0). Maraqlıdır ki, serblərlə cavab oyununda “Hapoel”in qolunu elə serbiyalı hücumçu Zlatanoviç vurdu, “Srvena Zvezda”nın israilli futbolçusu Abu Fani isə əlavə vaxtda qırmızı vərəqə alaraq meydandan qovuldu.

Beləliklə, “Sabah”ın pley-offdakı rəqibi sadəcə 6 qat İsrail çempionu və ya avrokubok təcrübəsi olan bir komanda deyil. Təmsilçimiz qarşısında 100 illik fəhlə ideologiyasının, səhra ruhunun və böhranlar fonunda müqavimət göstərən bir futbol məktəbinin varisi dayanır. İndi növbə “Sabah”ındır. Təmsilçimiz köklü ideoloji keçmişi olan bu “səhra dəvələri”ni sıradan çıxarıb Çempionlar Liqasının liqa mərhələsinə adlamaqla öz tarixini yazmalıdır.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью