Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Total Chess Pilot 2026” turnirinin blits mərhələsində çıxışını başa vurub.
İdman.Biz turnirin rəsmi saytına istinadən xəbər verir ki, qrossmeyster doqquz turda 3,5 xal toplayaraq 24 iştirakçı arasında 20-ci yeri tutub. Məmmədyarov üç qələbə qazanıb, bir heç-heçə edib və beş dəfə məğlub olub.
Şəhriyar səkkizinci turda ağ fiqurlarla vyetnamlı Le Kuan Lyemlə heç-heçə edib. Sonuncu turda isə qara fiqurlarla niderlandlı Yorden van Forest üzərində qələbə qazanıb.
Blits yarışının qalibi yeddi xal toplayan norveçli Maqnus Karlsen olub. Fransalı Maksim Vaşye-Laqrav 6,5 xalla ikinci, ermənistanlı Levon Aronyan altı xalla üçüncü yeri tutub.
Qeyd edək ki, turnirin qrup mərhələsinə bu gün, noyabrın 11-də start veriləcək. Qruplarda xallar bərabər olarsa, blits yarışının yekun sıralaması nəzərə alınacaq. Turnir noyabrın 20-də başa çatacaq.