Şəhriyar Məmmədyarov Budapeştdə turnirə erməni şahmatçı ilə başlayacaq

11.11.2026

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün, noyabrın 11-də Budapeştdə Azərbaycanın şahmat üzrə təmsilçisi Şəhriyar Məmmədyarovun da iştirak etdiyi "Total Chess World Championship Tour Pilot" turnirinin qrup mərhələsinə start veriləcək.

İdman.Biz xəbər verir ki, azərbaycanlı qrossmeyster ilk görüşünü Ermənistan təmsilçisi Hayk Martirosyana qarşı keçirəcək. Şahmatçılar gün ərzində fiqurların rəngini dəyişməklə iki partiya oynayacaqlar. İlk qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da, ikinci görüş isə 21:30-da başlayacaq. Məmmədyarov ilk partiyada qara, ikinci partiyada isə ağ fiqurlarla mübarizə aparacaq.

Püşkatmanın nəticələrinə əsasən, Şəhriyar Məmmədyarov C qrupunda yer alıb. Onun rəqibləri arasında Norveç şahmatçısı, 16 qat dünya çempionu və hazırkı dünya reytinqinin lideri Maqnus Karlsen, niderlandlı Aniş Giri, rusiyalı Yan Nepomnyaşi, ABŞ-li Abhimanyu Mişra və ermənistanlı Hayk Martirosyan var.

Dörd qrupun tam tərkibi:

A qrupu: Əlirza Firuzca (Fransa), Yorden van Forest (Niderland), Endryu Honq (ABŞ), Yan-Kşiştof Duda (Polşa), Levon Aronyan (ABŞ), Nodirbek Abdusattorov (Özbəkistan).

B qrupu: Vladislav Artemyev (Rusiya), Rihard Rapport (Macarıstan), Rameşbabu Praqnanandha (Hindistan), Vinsent Kaymer (Almaniya), Fabiano Karuana (ABŞ), Le Kuang Liem (Vyetnam).

C qrupu: Aniş Giri (Niderland), Hayk Martirosyan (Ermənistan), Yan Nepomnyaşi (Rusiya), Abhimanyu Mişra (ABŞ), Şəhriyar Məmmədyarov (Azərbaycan), Maqnus Karlsen (Norveç).

D qrupu: Vaişali Rameşbabu (Hindistan), Hans Niman (ABŞ), Bibisara Asaubayeva (Qazaxıstan), Uesli So (ABŞ), Arjun Eriqaisi (Hindistan), Maksim Vaşye-Laqrav (Fransa).

Qeyd edək ki, Budapeştdəki yarış Norveçin "Norway Chess" təşkilatçılarının Beynəlxalq Şahmat Federasiyasının (FIDE) dəstəyi ilə hazırladığı yeni "Total Chess World Championship Tour" layihəsi çərçivəsində keçirilir. Turnirin əsas xüsusiyyəti üç şahmat növünün – sürətli klassika ("Fast Classic"), rapid və blitsin bir yarışda birləşdirilməsidir.

Noyabrın 10-dan 20-dək davam edəcək budəfəki turnir sınaq xarakteri daşıyır. Təşkilatçılar bu formatı 2027-ci ildə başlayacaq tammiqyaslı beynəlxalq turun öncəsi yoxlayırlar. Gələcəkdə həmin turun nəticələrinə əsasən FIDE-nin kombinə edilmiş şahmat üzrə dünya çempionunun müəyyənləşdirilməsi nəzərdə tutulur.

Budapeştdə 24 şahmatçı iştirak edir. Onlar hərəsində altı nəfər olmaqla dörd qrupa bölünüblər. Noyabrın 11-dən 15-dək keçiriləcək qrup mərhələsi dairəvi sistem üzrə təşkil olunacaq. Hər qrossmeyster beş rəqibinin hər biri ilə iki partiya olmaqla, ümumilikdə 10 görüş keçirəcək.

Vaxt nəzarəti hər gedişə 30 saniyə əlavə olunmaqla 45 dəqiqə müəyyənləşdirilib. Qələbəyə görə üç xal verilir, heç-heçə bir xalla qiymətləndirilir. Məğlub olan şahmatçı isə xal qazanmır.

Qrup mərhələsinin yekununda hər qrupun qalibi əsas mükafat uğrunda pley-offun yuxarı səbətində mübarizəni davam etdirəcək. Digər iştirakçılar da yarışdan kənarda qalmayacaq və tutduqları yerlərə uyğun olaraq əlavə beş səbət üzrə bölüşdürüləcəklər.

Pley-off mərhələsində şahmatçılar hər üç növü əhatə edən qarşılaşmalarda üz-üzə gələcəklər. Hər cütlükdə mübarizə iki gün davam edəcək. Hər gün dörd blits, iki rapid və bir sürətli klassika partiyası oynanılacaq. Zərurət yaranarsa, qalib aramageddon partiyasında müəyyənləşəcək. Yarımfinal görüşləri noyabrın 17-18-də, final qarşılaşmaları isə 19-20-də keçiriləcək.

Bundan əvvəl, noyabrın 10-da iştirakçılar İsveçrə sistemi üzrə doqquz turdan ibarət ayrıca blits turnirində qüvvələrini sınayıblar. Həmin yarışın nəticələri qrup mərhələsində xallar bərabər olduqda əlavə göstərici kimi, həmçinin pley-offda şahmatçıların sıralanmasında nəzərə alınacaq.

Şəhriyar Məmmədyarov blits turnirində 3,5 xal toplayaraq 24 iştirakçı arasında 20-ci yeri tutub. Yarışın qalibi yeddi xalla Maqnus Karlsen olub. Maksim Vaşye-Laqrav 6,5 xalla ikinci, Levon Aronyan isə 6 xalla üçüncü yeri tutub.

Turnirin ümumi mükafat fondu 650 min dollar (1 milyon 105 min manat) təşkil edir. Qalib 80 min dollar (136 min manat) qazanacaq. Mükafatlar 24 iştirakçının hamısı arasında bölüşdürüləcək.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью