Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəhriyar Məmmədyarovun argentinalı Faustino Oro ilə heç-heçə etməsi ölkəmizdə qəribə bir rezonans doğurdu. Nə baş verib, cənablar? Argentinalının yaşının az olması, Şahın isə zəngin təcrübəsi bu bərabərliyin doğurduğu əks-sədanın əsas müzakirə predmetidi.
Ancaq məsələyə real yanaşmaq lazımdı və bunun üçün şahmatda yaşın çox olmasının fəsadını bilmək gərəkdir. Məmmədyarov üçün şahmatın baharı artıq geridə qalıb. Argentinalı yeniyetmənin isə parlaq günləri hələ irəlidədi. Yaş amili partiya davam etdikcə daha qabarıq şəkildə özünü göstərir. Təqribən 3,5 saatdan sonra yaşlı şahnatçıda yorğunluq müşahidə olunur ki, belədə, mürəkkəb vəziyyətlərdə birinci xətlə (yəni ən yaxşı gedişlər) oynama ehtimalı minimuma enir.
Bu gün Şəhriyardan, Rauf Məmmədovdan əvvəlki çıxışları səviyyədə şahmat gözləmək özlüyündə səhvdi! Veteran şahmatçılsrımız bu gün də millinin şərəfini qoruyursa, bu, onların ehtiyacından irəli gəlmir. Bəli, bunu dəqiq bilin, şahmatımızın onlara ehtiyacı var, onların Olimpiadada 11 turluq marafona zərrə qədər ehtiyacı yoxdu. Bu şahmatçılar komandada olmaqla Aydın Sületmanlı, Məhəmməd Muradlı kimi gənclərə yol göstərir, qızıldan qiymətli məsləhətlər verir, gənclərə uğur cığırının daha kəsə yolunu öyrədir.
Olimpiadada qarşıda hələ daha 5 tur var. İstər Məmmədyarov olsun, istərsə də Rauf qalan oyunların hamısında uduzsalar belə, onlsrın üzərinə getmək qeyri-peşəkarlıq olar. Milli karyeralarını başa vurmazdan əvvəl belə bu şahmatçılar şahmat tarizimizdə əbədi tac qurmağı bacarıblar. Bir daha təkrar edirəm, millimizin Şəhriyarla Raufa heç vaxt olmadığı qədər ehtiyacı var. İnanıram ki, yaxın illərdə bir neçə yeni sima da parlayaraq sözügedən şahmatçəlarımızı əvəz etməyə hazır olacaq. Hələlik isə zövq alın. Nə qədər ki, iradə hesabına milli komandamızı təmsil edirlər, bu veteranların çıxışından zövq alın və qürur duyun, cənablar! Unutmayın, onlar şahmat tariximizin canlı əfsanələridi. Əksər ölkələr bu səviyyədə şahmatçəların onların düşərgəsində olmasını çox arzulayır. Nə baş verirsə versin, dahilərimiz bayrağımıza bağlı olduqlarını çoxdan sübut ediblər. Daxili mətbəxi yaxından bildiyim üçün belə bu iddianı irəli sürürəm.
Faustino ilə partiyaya son nöqtəni qoymaq üçün statistik göstəricini yazının axırına saxladım. Gediş dəqiqliyi Şəhriyarda 94 faiz, argentinalıda isə həmyerlimizdən 0,3 faiz çox. Ümid edirəm, şahmat tariximizdə ən yüksək reytinqə sahib olmuş Şəhriyarla bağlı mövzuya bu rəqəmlərlə son qoymaq olar.
P.S. Gəlin, bu gün Yunanıstanla üz-üzə gələn kişilərdən ibarət yığmamızla yanaşı, Ermənistanla qarşılaşacaq xanımlarımıza da inamlı qələbəni birlikdə arzulayaq.