Səhv hardadır: Yolda, yoxsa sükan arxasında?

14.07.2025

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu günlərdə Bakı-Sumqayıt yolunda baş verən daha bir hadisə diqqət çəkdi. Yük maşını yerüstü piyada keçidinə çırpıldı və nəticədə yolda uzun tıxac yarandı. Bu, artıq tək hall deyil. Belə hadisələrlə tez-tez rastlaşırıq. Yol infrastrukturu, sürücü məsuliyyətsizliyi və nəzarət boşluqları bir araya gələndə nəticə budur: dağılan keçid, saatlarla tıxac və əsəbi sürücülər. Amma məsələ təkcə bu qəza ilə bitmir. Bəs bu kimi hallarda günah kimdədir?

Əvvəlcə sürücüdən başlayaq. Sürət, yük həcmi və məsafəyə riayət etməli olan şəxslər niyə tez-tez hündürlüyə məhəl qoymadan belə keçidlərin altına girir? Əgər sürücü keçidin hündürlüyünü qiymətləndirə bilmirsə və ya xəbərdarlıq nişanlarını görməzdən gəlirsə, deməli məsuliyyətin böyük hissəsi ondadır.

Amma eyni zamanda sual doğurur: niyə bu cür hündürlükdə olan keçidlərə yaxınlaşmazdan əvvəl daha ciddi xəbərdarlıq sistemləri işıqlı siqnallar, dayandırıcı maneələr və ya vizual xəbərdarlıq panelləri yoxdur? Bir çox ölkələrdə bu cür keçidlərə yaxınlaşarkən avtomatik olaraq siqnal verən sistemlər quraşdırılır. Bizdə isə hələ də "sürücü diqqətli olmalıdır" prinsipi ilə hərəkət edilir.

Bir başqa mühüm məsələ isə yük maşınlarının marşrutlarının qeyri-effektiv tənzimlənməsidir. Bəzi yüklər üçün alternativ yollar və ya vaxt məhdudiyyətləri tətbiq olunsa, bu risklər də azalardı.

Ən sonda isə nəzarət və cərimə mexanizmlərinə nəzər salmaq gərəkir. Əgər hər dəfə belə hadisədən sonra heç bir nəticə çıxarılmırsa, növbəti hadisəyə zəmin hazırdır deməkdir. Demək olar ki, hər kəs günahı başqasının üstünə atır. Sürücü yolun, yol da sürücünün. Amma bu faciəvi zəncirin qırılması üçün hər bir tərəf həm dövlət qurumları, həm sürücülər, həm də nəqliyyat şirkətləri üzərinə düşən məsuliyyəti dərk etməlidir. Yoxsa, biz bu xəbərləri oxumağa və tıxacda qalmağa davam edəcəyik.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью