Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 6 oktyabr, AZƏRTAC
Musiqi azərbaycanlı musiqişünas və pedaqoq Səidə Xəlilova üçün yalnız peşə sahəsi deyil, həm də Oman sakinlərini Azərbaycan mədəniyyəti ilə tanış etməyin vasitələrindən biridir. O, artıq 16 ildir ki, bu ölkədə yaşayır və fəaliyyət göstərir, burada musiqi tədrisi ilə məşğul olur, konsertlər təşkil edir və musiqi təhsilinin inkişafına töhfə verir.
AZƏRTAC-ın müxbiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, “Royal Conservatory of Music and Art”ın təsisçisi və direktoru Səidə Xəlilova ilə söhbət edib.
O, 2011-ci ildə Omana gedib. Bundan əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıb, pedaqoji fəaliyyətlə məşğul olub və konsertlərin təşkilində iştirak edib. Xaricə köçmək əvvəlcə onun planlarında olmayıb. Lakin Sultan Qabus Universitetindən aldığı təklif onun üçün peşəkar fəaliyyətini başqa ölkədə davam etdirmək imkanı yaradıb.
“Bu, mənim üçün həm peşəkar baxımdan maraqlı idi, həm də həmin vaxt məktəbli olan oğlumun beynəlxalq təhsil almasını istəyirdim”, - deyə müsahibimiz deyir.
Universitetin musiqi şöbəsində dərs deməyə başladıqdan sonra o, yerli təhsil sisteminin bəzi xüsusiyyətlərinə diqqət yetirib. Bir sıra tələbələrin universitetə demək olar ki, heç bir musiqi hazırlığı olmadan gəldiyini görüb.
“Mən Omana gələndə burada musiqi məktəbləri çox az idi. Universitetdə bəzi tələbələrin musiqi ilə demək olar ki, sıfırdan məşğul olmağa başladığını gördüm. Bu, mənim üçün fərqli idi. Çünki Azərbaycanda çalışarkən ali məktəbə qəbuldan əvvəl ciddi musiqi hazırlığı keçmiş tələbələrlə işləyirdim”, - deyə S.Xəlilova bildirib.
Onun sözlərinə görə, məhz həmin dövrdə uşaqlar üçün erkən yaşlardan musiqi təhsilinin inkişaf etdirilməsinin vacibliyi barədə fikir formalaşıb. Tədricən ona müraciət edən şagirdlərin və valideynlərin sayı artıb və nəticədə öz musiqi məktəbini yaratmaq ideyası yaranıb.
Sonrakı illərdə S.Xəlilova “Muscat Music Academy”nin direktoru olub. Hazırda isə təsis etdiyi “Royal Conservatory of Music and Art”a rəhbərlik edir.
Bu gün təhsil müəssisəsində 6 yaşdan 30 yaşadək təxminən 200 şagird təhsil alır və 10 əməkdaş çalışır. Burada musiqi alətlərində ifa ilə yanaşı, təsviri sənət də tədris olunur. Şagirdlər həmçinin beynəlxalq “Trinity” və “ABRSM London” sistemləri üzrə imtahanlar verirlər.
“Mən Azərbaycanda çox yaxşı təhsil almışam, güclü müəllimlərlə çalışmışam və uzun illər pedaqoji fəaliyyət göstərmişəm. Bütün bunları özümlə Omana gətirdim. Tədricən məktəb inkişaf etdi və özünəməxsus nüfuz qazandı”, - deyə o qeyd edib.
Pedaqoqun sözlərinə görə, bu gün valideynlərin azərbaycanlı müəllimlərə münasibəti xüsusilə diqqət çəkir. Konservatoriyada müxtəlif ölkələrdən olan mütəxəssislər çalışsa da, bəzi ailələr övladlarının məhz azərbaycanlı müəllimlərdən dərs almasını istəyirlər.
“Bəzən valideynlər birbaşa deyirlər ki, istəyirik, övladımıza azərbaycanlı müəllim dərs desin. Bu, mənim üçün çox xoşdur. Deməli, onlar artıq bizim məktəbi tanıyır və ona etibar edirlər”, - deyə S.Xəlilova bildirib.
Omandakı fəaliyyəti ərzində 30-a yaxın konsert verən sənətçinin çıxışları bəzən 150–350 nəfərlik auditoriyanı bir araya gətirib. Onun peşəkar inkişafında S.Xəlilovanın Omana gəlişi ilə eyni ildə fəaliyyətə başlayan "Royal Opera House Muscat" xüsusi yer tutur.
“Məni Royal Opera House Muscat”da keçirilən tədbirlərə dəvət edirdilər. Xarici musiqiçilərlə ünsiyyət qurur, konsertlərə və ustad dərslərinə qatılırdım. Tədricən məni azərbaycanlı musiqişünas və pedaqoq kimi tanımağa başladılar”, - deyə müsahibimiz söyləyib.
Onun fəaliyyət istiqamətlərindən biri də omanlı şagirdləri Azərbaycan musiqisi ilə tanış etməkdir. Yerli bəstəkarların əsərləri konservatoriyanın tədris repertuarına daxil edilib.
“İlk gündən tələbələri Azərbaycan bəstəkarları ilə tanış edirdim. Demək olar ki, hər yeni şagird Azərbaycan bəstəkarının əsərini ifa etməli idi”, - deyə S.Xəlilova bildirib.
Onun şagirdlərinin repertuarında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Vaqif Mustafazadə və Əzizə Mustafazadə kimi görkəmli bəstəkarların əsərləri yer alır.
Azərbaycan mədəniyyətinə həsr olunan konsertlər də bu istiqamətdə görülən işlərin mühüm hissəsini təşkil edir. 2024-cü ildə Məsqətdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Şuşa - Şərqin mədəniyyət beşiyi” adlı musiqi konserti keçirilib. 2025-ci ilin mayında isə “Azərbaycan-Oman mədəni əlaqələri” adlı konsert təşkil olunub. Hər iki tədbirdə yerli ictimaiyyətin, Azərbaycan icmasının nümayəndələri və xarici qonaqlar da daxil olmaqla yüzlərlə insan iştirak edib.
S.Xəlilovanın fikrincə, məhz musiqi vasitəsilə ölkəyə maraq təbii şəkildə yaranır.
“Mən hesab edirəm ki, musiqi insanları mədəniyyətlə tanış etməyin ən təsirli vasitələrindən biridir. İnsan bir əsəri dinləyəndə onun hansı ölkəyə aid olduğu, kimin tərəfindən bəstələndiyi və arxasında hansı mədəniyyətin dayandığı ilə maraqlanır”, - deyə o vurğulayıb.
Konservatoriyanın bəzi şagirdləri sonradan Azərbaycana səfər edərək ölkəmizin mədəniyyəti və tarixi ilə tanış olublar. S.Xəlilova üçün bu, musiqi dərsləri zamanı başlayan fəaliyyətin davamı deməkdir.
Onun şagirdləri arasında müxtəlif ölkələrin nümayəndələri var. S.Xəlilovanın keçmiş tələbələrindən bəziləri hazırda onun məktəbində müəllim kimi fəaliyyət göstərir, digərləri isə Omanın konsert salonlarında və musiqi müəssisələrində peşəkar fəaliyyətlərini davam etdirirlər.
“Mənim üçün ən vacib olan şagirdlərimin inkişafını görməkdir. İstedad öz-özlüyündə kifayət deyil. Musiqiyə sevgi, intizam, zəhmət və yaxşı zövq də lazımdır”, - deyə pedaqoq qeyd edib.
Hazırda S.Xəlilova təhsil və mədəniyyət layihələrinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, bu il iki konsert proqramının və bir sərginin keçirilməsi nəzərdə tutulur. Hazırda həmin layihələr üzərində iş aparılır.
Müxbir - Lalə Minasazova