Icma.az bildirir, Bizim media portalına istinadən.
İbtidai siniflərdə dərslik sadəcə şagirdə mətn oxutmaq və məlumat öyrətmək vasitəsi deyil. Həm uşağın dil duyumunun, söz ehtiyatının və ədəbiyyata marağının formalaşmasında mühüm rol oynayır, həm də əyləncə xarakteri daşıyır. İllərdir ki, uşaq şeirləri, təmsillər, lirik hekayələr və digər bədii nümunələr ibtidai sinif dərsliklərində bu məqsədlə yer alır.
Son günlərdə uşaqların oxu bacarıqlarının artırılması üçün ibtidai sinif dərsliklərində oxu mətnlərinin çoxaldılması təklifi müzakirə olunur.
Elm və təhsil naziri Emin Əmrullayev də "PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ının nəticələrinin təqdimatında bu məsələyə toxunaraq dərsliklərdə şeirlərdən daha çox oxu mətnlərinə üstünlük verilməsinin vacibliyindən danışıb.
Bəs ibtidai sinif şagirdinin qarşısına daha çox oxu mətni qoymaq həqiqətən onun oxuyub-anlama bacarığını artıracaq, yoxsa uşağın onsuz da ağır olan dərs yükünü daha da artıracaq?
Bizim.Media-ya danışan təhsil eksperti Afərim Seyidovanın sözlərinə görə, şagirdlər yeni kurikulum sisteminə keçərkən həm də “Yaddaş Məktəbi”ndən “Təfəkkür Məktəbi”nə keçib:
“Məktəb kitabında, xüsusilə ibtidai sinif dərsliklərində şeirlər olmalıdır. Lakin aşağı sinif şagirdlərini şeirlərlə yükləmək əzbərləməsini tələb etmək düzgün deyil.
Məsələn, əvvəllər hər hansı bir şeiri, qəzəli uşaq əzbər bilməyəndə onu danlayırdıq. “Bunu bilmirsən, bunu əzbər deməlisən” yanaşması yanlış idi. Biz o şeiri əzbər bilirdik, amma məzmununu, mənasını anlamırdıq.
Artıq uşağın məntiqi, tənqidi və yaradıcı təfəkkürü yoxlanılır və dərsliklər də buna yönəlməlidir. Məqsəd uşağa şeiri əzbərlətmək deyil, oxuduğunu anlamağı və nəticə çıxarmağı öyrətməkdir”.
Uşaqları daha çox düşünməyə, yaradıcı olmağa, müstəqil tədqiqat aparmağa sövq edən materiallara üstünlük verilməlidir
A.Seyidova hesab edir ki, şeirin uşağa əzbər etdirilməsi sadəcə yaddaşı yoxlayır. Onun sözlərinə görə, şeir uşağın dil duyumunu formalaşdıra, söz ehtiyatını zənginləşdirə bilər, amma yaradıcı fəaliyyət hazırkı prioritetlərdəndir.
Ekspertin fikrincə, bəzi şeirlər bu gün üçün aktual deyil. Çünki artıq Təfəkkür dövrüdür. Həmin şeirlər, hətta ibtidai sinif uşağı üçün belə, çox az fayda verir.
Xədicə Paşayeva, Bizim.Media