Milli.az saytına istinadən Icma.az xəbər verir. Şəkərli diabet endokrin sisteminin xəstəliyidir və el arasında şəkər xəstəliyi də adlanır.
Mədəaltı vəzinin hormonu olan insulin qanda şəkərin səviyyəsini nəzarətdə saxlayır.
Milli.Az bildirir ki, bu hormonun çatışmazlığı olduqda və yaxud hüceyrələrimizin bu hormona həssaslığı azaldıqda qan şəkəri uzun müddət yüksək səviyyədə qalır və şəkərli diabet xəstəliyi yaranır.
Susuzluq və ağızda quruluq, tez-tez və gecə sidiyə getmə, normadan çox yemə, daimi aclıq hissi, gec sağalan yaralar, sürətli çəki itkisi və ya piylənmə şəkərli diabetin ən çox rast gəlinən əlamətlərindəndir.
Bu əlamətlərdən biri və ya bir neçəsi hiss edildikdə həkim endokrinoloq və ya həkim terapevtin baxışı mütləqdir.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə ixtisaslı həkimin müayinəsi, diaqnozun dəqiqləşdirilməsi və vaxtaşırı nəzarət üçün laborator və funksional diaqnostik müayinələr, eləcə də ağırlaşamalar zamanı stasionar yatış daxildir.
Şəkərli diabet xəstələrinə qlikemik profil, qlikohemoqlobin, qanın ümumi və biokimyəvi analizi (zülal, xolesterin, bilirubin, triqliserid, ALT, AST, sidik cövhəri, kreatinin, K, Na, Ca), elektrokardioqramma kimi müayinələrdən keçmək tövsiyə olunur.
Həmçinin xəstəxanada yatış müddətində təyin edilmiş laborator və instrumental müayinələr, istifadə olunan dərman və tibbi sərf, manipulyasiyalar, qidalanma icbari tibbi sığorta hesabına qarşılanır.