Şəkidə Beynəlxalq Teatr Festivalı

08.10.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən V Şəki Beynəlxalq Teatr Festivalı başa çatıb.

Beş gün davam edən festival iştirakçılara və qonaqlara xoş anlar yaşatmaqla, sözün əsl mənasında, böyük teatr bayramına çevrilib. Beynəlxalq festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan gələn tanınmış teatr kollektivləri də iştirak ediblər.

Festivalın sonuncu günü, Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrı “Məsxərəboz-Şou” tamaşasını təqdim edib. Məsxərəbazların iştirakı ilə meydan tamaşası üslubunda hazırlanan səhnə əsərində xalqın adət-ənənələri şıltaqlıq, yumor və coşqu ilə nümayiş etdirilib. Tamaşa sözsüz, pantomima üslubunda nümayiş olunur.

Tamaşanın quruluşçu rejissoru Malika İskandarova, rəssamı Yevgeniya Biserovadır. Rolları Bahodir Əhmədov, Naufal Süleymanov, Əsgər Hikmətov, Fayzulla Əsgərov və Bəxtiyar Turgunov oynayıblar. Şən və dinamik səhnə əsəri olan “Məsxərəboz-Şou” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bağlanış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Mədəniyyət Nazirliyinin nümayəndəsi Böyükxanım Talıbova festivalın yüksək səviyyədə keçirilməsində dəstəyi və əməyi olan bütün qurumlara, eyni zamanda, teatr kollektivlərinə tamaşaçılar adından təşəkkür ediblər.

Sonda Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrına Şəki Şəhər İcra Hakimiyyətinin təşəkkürnaməsi, xatirə hədiyyələri, Akademik Milli Dram Teatrın adından teatr kollektivlərinə təltiflər, eləcə də festivalı operativ işıqlandırdıqlarına görə bir qrup media nümayəndəsinə mükafatlar təqdim edilib.

İlqar HƏSƏNOV,
XQ-nın bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью