Şəkidə “Cənnət yuxusu” bədii sənədli filmi nümayiş edilib

02.02.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəki, 2 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Fevralın 2-də Şəkidə Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunmuş “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirilib.

Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, mədəniyyət işçiləri və filmin yaradıcı heyətinin üzvləri iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Azərbaycan panel rəssamlığının əsasını qoymuş, ilk dəzgah rəssamı kimi tanınan Mirzə Qədim İrəvaninin (1825-1875) həyat və yaradıcılığına həsr olunmuş ekran əsəri, eyni zamanda, qədim İrəvan şəhərinin tarixi və mədəni irsini əhatə edir.

Filmdə rəssamın Azərbaycan təsviri sənətinə gətirdiyi yeniliklər, klassik Şərq ornamentləri və miniatür sənətini yaradıcılığında necə tətbiq etməsi sənədli və bədii dillə tamaşaçılara təqdim edilir. Bununla yanaşı, filmdə İrəvan ziyalılarının mədəni mirası və azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası da tarixi faktlar və arxiv materialları əsasında işıqlandırılır.

Filmin nümayişində məqsəd tamaşaçıların milli irsimiz və mədəniyyət tariximiz barədə maarifləndirilməsi, eləcə də Mirzə Qədim İrəvaninin irsinin geniş auditoriyaya çatdırılması olub.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək filmin yaradıcı kollektivinə təşəkkür edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, filmin bir sıra çəkilişləri Şəki şəhərində həyata keçirilib, ekran əsərində yerli aktyorlar və şəhər sakinləri də iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью