Şəkidə qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

02.02.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin müfəttişləri Şəki rayonunun İnçə və Zunud kəndlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllim kollektivləri ilə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirici görüşlər keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşlərdə kənd təsərrüfatına və ətraf mühitə ziyan vuran qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb.

Zərərvericinin bioloji xüsusiyyətləri, yayılma arealı, kənd təsərrüfatı bitkilərinə vurduğu ziyan, eləcə də onunla mübarizə üsulları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, qış dövrü qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə tədbirlərinin aparılması üçün ən əlverişli mərhələ hesab edilir.

Görüşün yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici kitabçalar paylanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью