Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bu günlərdə “Qırmızı Ürəklər Fondu”nun həyata keçirdiyi “Qəhrəmanlar bağı” layihəsi çərçivəsində Şəkidə ağacəkmə aksiyası təşkil olunub.
“PAŞA Holding”in və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiya şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin “Kapital Bank”ın və “Qırmızı Ürəklər Fondu”nun əməkdaşları iştirak ediblər.
Aksiyada çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən müharibəsi bizim şanlı tariximizdir.
İcra hakimiyyətinin başçısı Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsini ehtiramla yad edilməsi məqsədini daşıyan, eyni zamanda yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə verən “Qəhrəmanlar bağı” layihəsinin əhəmiyyətini vurğulayıb.
“Qırmızı Ürəklər Fondu”nun prezidenti Yusif Poladov “Qəhrəmanlar Bağı” layihəsi şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu bildirib.
Aksiya çərçivəsində şəhidlərin xatirəsinə 353 ədəd Eldar şamı ağacı əkilib.
İ.MUSAOĞLU,
XQ-nin bölgə müxbiri