Şəkidə yeniliklər gözləyin Murad Ağabəylidən AÇIQLAMA

21.10.2026

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Şəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan bərpa-quruculuq işləri, yeni turizm məhsullarının yaradılması və turist statistikası ilə bağlı media nümayəndələrinə açıqlama verib.
M.Ağabəyli bildirib ki, cari il ərzində qoruq ərazisində bir neçə yeni turizm obyekti istifadəyə verilib.
Bunların sırasında bərpa və tərtibat işləri yekunlaşan Şəki Tarix-Diyarşünaslıq Muzeyi xüsusi yer tutur. Muzeydəki 3 mindən çox eksponatdan 2 minə yaxını artıq ziyarətçilərə təqdim olunur.
Bununla yanaşı, Şəbəkə emalatxanasında bərpa işləri tamamlanaraq muzey kimi fəaliyyətə başlayıb. Ərazidə nəsildən-nəslə şəbəkə sənətini yaşadan Rəsulovlar ailəsinə — şəbəkə ustası Tofiq Rəsulov və onun tələbələrinə iş şəraiti yaradılıb.
XIX əsrə aid Barıt ambarında isə Dulusçuluq emalatxanası təşkil edilib.
Şəkil
Həmçinin, qeyri-yaşayış binasında iaşə obyekti istifadəyə verilib.
Murad Ağabəyli qeyd edib ki, hazırda Şəki Memarlıq Muzeyinin yaradılması, Kiş kəndindəki tarixi məscidin, eləcə də Şəkidəki tarixi hamamların bərpası istiqamətində işlər sürətlə davam etdirilir.
Yaxın zamanda Qala divarlarının daxilindəki döşəmə hissəsi də yenilənərək turistlərin istifadəsinə veriləcək.
Bərpa prosesinin incəliklərinə toxunan M.Ağabəyli vurğulayıb ki, bu işlər nəzərdə tutulandan daha uzun vaxt tələb edə bilir, çünki bərpa zamanı abidənin alt qatlarında gözlənilməyən yeni detallar ortaya çıxır. Əsas məsələlərdən biri isə yerli usta ənənəsini qorumaqdır:
"Əgər Şəkidə hansısa abidə bərpa olunursa, burada mütləq Şəki ustaları çalışmalıdır. Çünki bu sənət növü onlara babalarından, atalarından yaddaş olaraq ötürülüb. Xaricdən mütəxəssis gətirməklə bu işi yerli ruhda həyata keçirmək mümkün deyil."
M.Ağabəyli cari ilin ilk 9 ayının statistik göstəricilərini də diqqətə çatdırıb. Məlumata görə, bu müddətdə Şəki Xan Sarayını 128 min turist bilet alaraq ziyarət edib. Təxminən 50 minə yaxın şəxs isə ödənişsiz (güzəştli) şərtlərlə saraya daxil olub. Biletlə daxil olan turistlərin 45 faizini xarici, 55 faizini isə yerli qonaqlar təşkil edib.
Şəkil turistlər
Qoruqların rentabelliyindən danışan sədr bildirib ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlar arasında ən çox gəlir gətirənlər "Yanardağ", "Atəşgah Məbədi", "Yuxarı Baş" və "Kiş" qoruqlarıdır. Ötən il bütün qoruqlar üzrə dövlət büdcəsinə daxil olan ümumi gəlir 6.2 milyon manat təşkil edib.
M.Ağabəyli əlavə edib ki, Şəkidə turizm infrastrukturunun genişləndirilməsində əsas məqsəd turistlərin bölgədə qalma müddətini artırmaq, xidmət şəbəkəsini zənginləşdirmək və yerli iqtisadiyyatın inkişafına töhfə verməkdir.
S. Həsənova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью