Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı jurnalist var, Aleksandr Nevzorov. Ölkəsində kifayət qədər tanınmış personadır. İndi siyasətlə məşğuldur. 90-cı illərdə isə bir ara hərbi jurnalist kimi fəaliyyət göstərirdi. Müxtəlif münaqişə ocaqlarından reportajlar, çəkilişlər edirdi. I Qarabağ müharibəsindən "Goranboy batalyonu" adlı sənədli film hazırlamışdı.
İllər sonra Nevzorova həyatında gördüyü ən cəsur adam barədə sual verilərkən, Sərsəng su anbarı istiqamətində gedən döyüşləri xatırlayıb, milli qəhrəmanımız Vəzir Orucovun adını çəkmişdi.
Hərbçilərimizin mövqelərini itirib geri çəkildiyi vaxtda bir nəfərin UAZ maşınına minib axının əksi istiqamətində getməyə hazırlaşdığını görür. Nevzorov həmin adama yaxınlaşır. Vəzir Orucovun yaralıları çıxartmağa getdiyini öyrənəndə, əvvəlcə onu fikrindən daşındırmağa çalışır. Vəzirin qərarını dəyişməyəcəyini görəndə, özü də onunla maşına minib döyüşün ən qaynar nöqtəsinə yollanır. Bir qədər irəlilədikdən sonra maşını vururlar, düşmən əsgərlər onları mühasirəyə alır. Lakin aydınlaşır ki, bizə qarşı döyüşən ermənilərin muzdla gətirdiyi Pskov desantlarıdır. Ruslar Nevzorovu tanıyırlar, onu buradan çıxardaqcaqlarını deyirlər. Nevzorov onlardan Vəziri buraxmalarını istəyir, ruslar razılaşırlar. Zəncirvari qaydada, orada yerləşən öz hərbçilərinə deyirlər ki, indi azərbaycanlı qaça-qaça keçəcək, heç kim güllə atmasın.
Vəzir Orucov Nevzorovun əlini sıxır, sonra maşından avtomatını çıxarır və yeriyə-yeriyə gedir. Bu, rusların xoşuna gəlmir. Arxadan havaya güllə atsalar da, Vəzir eyni qaydada yeriməyə davam edir. Nevzorov bu səhnədən o qədər təsirlənir ki, Vəzir barədə bunları deyir: "O, Şekspir qəhrəmanlarının heç vaxt bacarmadığı cür getdi".
Qurban Qurbanov da dünən eyni tərzdə tərk eləyirdi meydanı. Ağır döyüşdən çıxmış sərkərdə kimi gedirdi. Son vaxtlar üzərində həddən çox basqı varıydı. Dünən qələbə olmasaydı, daha çox tənqid olunacaqdı. Bəlkə də, həm də bunu anlayaraq tərif eşitmək istəmədiyini deyib. Çünki başa düşür ki, məşqçilik peşəsində də sevgiylə nifrətin arası bir addımdan ibarətdir.
Dünənki qələbədən sonra "Qarabağ" böyük ehtimalla 24-lükdə yer alacaq, pley-off mərhələsinə çıxacaq. Bu o deməkdir ki, Azərbaycan futbolunda ən yeni tarix yazıla bilər. Qurban Qurbanov bütün çətinliklərə rəğmən, həm "Qarabağ"ı, həm də Qarabağı dünyada tanıtdırmağa davam edir. Bu ölkə qarşısındakı xidmətlərinə görə haqqı heç vaxt ödənməz adamlardandı Qurban Qurbanov. Futbol sahəsində vətənə xidmət edən qəhrəman!
Həmid
saytlarin hazirlanmasi