Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Aviasiya ictimaiyyətində “Pilot Pikasso” kimi tanınan amerikalı pilot bu dəfə səmada norveçli rəssam, ekspressionizmin görkəmli nümayəndəsi Edvard Munkun məşhur “Haray” (“Scream”) əsərini canlandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu dəfə N1810R qeydiyyat nömrəli, tək mühərrikli “Cessna Skylane RG” təyyarəsini idarə edən pilot ABŞ hava məkanında saatlarla davam edən dəqiq manevrlər həyata keçirib.
“Flightradar24” platformasında əks olunan uçuş marşrutu Edvard Munkun “Haray” əsərindəki insan fiqurunun və arxa fondakı xətlərin səmada diqqətlə canlandırıldığını göstərib.
Məlumata görə, qeyri-adi uçuş təxminən 5 saat 40 dəqiqə davam edib. Pilotun səmada yaratdığı rəsm aviasiya həvəskarlarının diqqətini çəkib.
Pilot əvvəllər də təyyarəsinin uçuş trayektoriyası ilə dünya xəritəsi, xəyal fiquru və Leonardo da Vinçinin “Mona Liza” əsəri də daxil olmaqla, müxtəlif təsvirlər yaradaraq diqqət çəkib.