Səmadakı səssiz qatil : Alimləri təəccübləndirən təsadüfi kəşf

26.11.2026

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Alimlər indiyə qədər elmə məlum olmayan, lakin hər il qlobal iqtisadiyyata trilyonlarla dollar ziyan vuran yeni bir dağıdıcı təbiət mexanizmini üzə çıxarıblar. 

"AzPolitika" xəbər verir ki, nüfuzlu "Nature" jurnalında dərc olunan araşdırmaya görə, adi su damcıları şüşə, yarpaq və ya plastik kimi səthlərdə sürüşərkən yüksək elektrik yükü toplayır və düşdükləri metal örtükləri mikroskopik ildırım kimi deşərək paslanmanı sürətləndirir.

Şüşədən sürüşən damcı 1000 volt enerji toplayır

Almaniyanın Maks Plank Polimer Tədqiqatları İnstitutunun alimləri Rüdiger Berger və Hans-Yürgen Battın rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu müəyyən edib ki, su damcıları izolyator (elektrik keçirməyən) səthlərdə sürüşərkən sürtünmə nəticəsində müsbət elektrik yükü qazanır.

Araşdırma zamanı məlum olub ki, cəmi bir neçə millimetr ölçüsündə olan su damcısında yaranan elektrik potensialı 1 kilovoltu (1000 V) keçə bilir.

Bu enerji ilə yüklənmiş damcı boya, lak və ya teflon kimi qoruyucu təbəqə ilə örtülmüş metalın üzərinə düşdükdə maraqlı fiziki proses baş verir:

Damcı ilə altdakı metal arasında güclü elektrik sahəsi yaranır .Səthə dəyməzdən saniyənin mində biri qədər əvvəl damcı konus forması alır və bütün elektrik yükü onun sivri ucunda toplanır.Nəticədə mikroskopik elektrik boşalması (mini-ildırım) baş verir, qoruyucu boyada gözlə görünməyən mikro-dəliklər açılır və rütubət birbaşa metala işləyərək onu sürətlə çürüdür.

Təsadüfi laboratoriya təcrübəsi böyük sirri açdı

Tədqiqatçılar əvvəlcə teflonla örtülmüş mis lövhələrin üzərinə birbaşa su damcıları tökərək təcrübə aparıblar. Minlərlə damcıdan sonra belə örtükdə heç bir zədələnmə qeydə alınmayıb.

Lakin alimlər suyu əvvəlcə yarpaq, pəncərə şüşəsi və plastik səthlərdən sürüşdürüb sonra metalın üzərinə yönəltdikdə mənzərə tamamilə dəyişib. Cəmi 3 000 damcıdan sonra elektron mikroskop altında teflon örtüyünün deşildiyi və altdakı mis təbəqəsinin korroziyaya uğradığı aydın şəkildə görünüb.

Avtomobil sahibləri və inşaatçılar üçün nə deməkdir?

İndiyə qədər avtomobillərin, gəmilərin, körpülərin və tarixi abidələrin paslanmasında əsas günahkar kimi rütubət, duzlu su və turşu yağışları göstərilirdi. Yeni kəşf isə sübut edir ki, tamamilə təmiz yağış suyu belə avtomobilin ön şüşəsindən və ya binanın fasadından sürüşərək metal hissələrə dəydikdə örtüyü "deşir".

Alimlər qeyd edirlər ki, bu elektrik boşalması insanlar üçün heç bir təhlükə yaratmır, lakin sənaye üçün böyük əhəmiyyət daşıyır. Kəşf gələcəkdə avtomobil sənayesində, gəmiqayırmada və tikintidə elektrik boşalmalarına davamlı yeni nəsil boya və qoruyucu örtüklərin yaradılmasına yol açacaq.

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью