Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixi milliyyətindən asılı olmayaraq bu torpağı Vətən bilən fədakar insanların qəhrəmanlıqları ilə zəngindir. Məhz belə əfsanəvi şəxsiyyətlərdən biri – 21 oktyabr tarixində anadan olmuş Azərbaycanın Milli Qəhrəmanı, leytenant Ruslan Aleksandroviç Polovinkodur. Ruslan ukraynalı ailədə doğulsa da, Azərbaycan xalqının haqq işi uğrunda son nəfəsinə qədər vuruşmuş, Qubadlı və Ağdərə səmasında düşmənə ağır zərbələr endirərək əbədiyyətə qovuşmuşdur.
Polovinko Ruslan Aleksandroviç 21 oktyabr 1969-cu ildə Ukraynanın Xarkov vilayətinin Zmiyev şəhərində mühəndis ailəsində doğulmuşdur. 1987-ci ildə Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olmuşdur. Ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra – 1991-ci ildə Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəyə göndərilmişdir.
Azərbaycanda Hərbi Hava Qüvvələri yaradılanda o, xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında təyyarəçi-operator vəzifəsində davam etdirmişdir. O, 1992-ci ildən başlayaraq erməni hərbi birləşmələrinə qarşı keçirilən əməliyyatlarda fəal iştirak etmişdir.Bu, danılmaz bir faktdır ki, Azərbaycana qarşı keçirilən əməliyyatlarda erməni faşistləri ilə yanaşı xarici ölkələrdən dəvət olunmuş muzdlular da iştirak edirdi. Bu faktı dünya ictimaiyyətinə sübut etmək lazım idi. Məhz Ruslan həmin quldurların cəsədlərini ələ keçirməyə müvəffəq oldu.
Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə səma qartalı düşmənin başına od ələyirdi. 6 avqust 1992-ci ildə Kasapet yüksəkliyində özünə mövqe seçən düşmən, piyada döyüşçülərimizi çətin vəziyyətə salmışdı. Bundan xəbər tutan səma qartalları bircə anda havaya qalxdılar. Mİ-24 vertolyotunda üç dəfə təhlükəli zonaya uçuş keçirən cəsur şahinlər düşmənin mövqelərini darmadağın etdilər. Onlar, həmçinin atəş altında yaralıları, meyitləri də çıxarmağa müvəffəq oldular. Dördüncü uçuşda vertolyot raket atəşinə tutuldu. Bu, onların son uçuşu oldu. Həmin gün vertolyotun bütün heyəti – Z.Məcidov, C.Rəhimov və R.Polovinko qəhrəmancasına həlak olurlar.
Azərbaycan Resupblikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli fərmanı ilə Polovinko Ruslan Aleksandroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Doğulduğu Zmiyev şəhərində dəfn edilmişdir.
Müşfiq MİRZƏ
XQ