Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
1990-cı illərin əvvəllərində erməni təcavüzkarlarının torpaqlarımıza hücumu kəskinləşəndə Zakir Yusifov bir an belə tərəddüd etmədən hərbi xidmətə yollanır. Yeni formalaşan Azərbaycan Milli Ordusunun ilk hərbi aviasiya hissələrindən birində Mi-24 döyüş helikopterinin komandiri kimi məsuliyyətli və şərəfli vəzifəni öz üzərinə götürür.
Füzuli, Xocavənd, Tərtər, Ağdərə və Qubadlı istiqamətində keçirilən ən çətin hərbi əməliyyatlarda mayor Zakir Yusifovun helikopteri hər zaman ön xəttə idi. Düşmənin canlı qüvvəsini, zirehli texnikasını vən atəş nöqtələrini dəqiqliklə məhv edən Yusifov müharibənin ilk günlərində orduya böyük ruh yüksəkliyi bəxş edirdi.
Azərbaycanın Milli Qəhrəmanı Zakir Yusifov 29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 1974-cü ildə 194 saylı orta məktəbi bitirdikdən sonra Sasovski adına Mülki Təyyarəçilik Məktəbinə daxil olmuşdur. 1977-ci ildə təhsilini başa vuraraq, Yevlax aviadəstəsində əmək fəaliyyətinə başlamışdır.
AN-2 təyyarəsinin komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, uçuşu təşkil və təminetmə müfəttişliyinin təyyarəçi-müfəttişi… Belə çətin, məsul vəzifələrdə çalışsa da ali təhsil almağı da unutmurdu. O, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirmişdir. Respublikada ilk hərbi vertolyot eskadrilyasının yaradılması nə qədər ağır və çətin iş olsa da, o, Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə birlikdə bu işi öz öhdəsinə götürmüşdü. Zakir Yusifov az vaxtda Mİ-24 vertolyotunu bütün incəliklərinəcən öyrənmişdi. Sonra döyüş tapşırıqları, Qarabağa uçuşlar… Bu uçuşlar arasında ən yadda qalanlardan biri, sözsüz ki, aprel ayının 11-də Füzuli-Xocavənd istiqamətində həyata keçirdikləri uçuş idi. Zakir Yusifov həmin gün ilk dəfə idi ki, hərbi vertolyot komandiri kimi havaya qalxmışdı. Uçuş uğurlu oldu. Onlar döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib geri qayıtdılar.
Cəsur komandir yüzdən artıq hərbi uçuş keçirərək Əsgəran, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd uğrunda gedən döyüşlərdə iştirak etmiş və Azərbaycan Hərbi Aviasiyasının döyüş salnaməsinə şanlı səhifələr yazmışdı.
11 oktyabr 1992-ci il… Zakir Yusilovun son uçuşu… Səfiyan kəndində növbəti əməliyyat zamanı onun vertolyotu vurulur. Bütün heyət həlak olur. O, sadəcə helikopter idarə etmirdi; o, səmada mühəndis dəqiqliyi, hüquqşünas soyuqqanlılığı və əsgər cəsarəti ilə düşmənə göz dağı verirdi. İki qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli fərmanı ilə Yusifov Zakir Tofiq oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vaxtilə oxuduğu 194 saylı orta məktəb və Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.
Bu gün işğaldan azad edilmiş Qubadlıda, Füzulidə və Ağdərədə təyyarələrimiz azad səmalarda pərvaz edərkən Zakir Yusifov kimi qəhrəmanların da ruhu şad olur.
Müşfiq MİRZƏ
XQ