Səmərqənd gənc parlamentarilərin XII Qlobal Konfransına ev sahibliyi edəcək

20.08.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Parlamentlərarası İttifaqın (PAİ) gənc parlamentarilərin XII Qlobal Konfransı bu il sentyabrın 4-dən 6-dək Səmərqənddə keçiriləcək. 

525.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Konfrans “Qeyri-sabit dövrlərdə hamı üçün insan hüquqlarının, ədalətin və ləyaqətin bərpası” mövzusuna həsr olunacaq. 

XII Qlobal Konfransda 183 ölkədən, 15 beynəlxalq təşkilatdan və təxminən 50 daimi müşahidəçidən ibarət ümumilikdə 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Tədbir çərçivəsində altı tematik sessiyanın keçirilməsi planlaşdırılır. Sessiyalar zamanı iştirakçılar müasir dünyada gənclərin vəziyyəti və hüquqları ilə bağlı aktual məsələləri müzakirə edəcəklər.

Münaqişələr və rəqəmsal transformasiya şəraitində gənclərin hüquqlarının qorunmasına, onların siyasi hüquq və imkanlarının genişləndirilməsinə, iqtisadi hüquqlarının və məşğulluğunun təmin edilməsinə, həmçinin qadınlara və gənclərə qarşı zorakılığın qarşısının alınmasına xüsusi diqqət yetiriləcək.

Konfransın proqramında kiçik qruplarda müzakirələr, təlimlər və dialoq sessiyaları da daxil olmaqla, innovativ və interaktiv iş formatları nəzərdə tutulub. Bu yanaşma yalnız məzmunlu fikir mübadiləsini təmin etməyə deyil, həm də müxtəlif ölkələrdən olan gənc parlamentarilər arasında peşəkar əlaqələrin inkişafına töhfə verməyə xidmət edəcək.

Konfransın mühüm hissələrindən biri Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentlərarası əməkdaşlığa həsr olunmuş III Qlobal Forumun keçirilməsi olacaq.

İştirakçılar Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqində parlamentlərin və parlamentlərarası əməkdaşlığın rolunu, həmçinin qlobal gündəliyin həyata keçirilməsində gənclərin töhfəsinin artırılması imkanlarını müzakirə edəcəklər. Konfransın yekununda tədbirin gündəliyinin əsas məsələləri üzrə gənc parlamentarilərin tövsiyələrini və birgə yanaşmalarını əks etdirən yekun sənədin qəbul olunacağı gözlənilir.

Konfransın rəsmi iş sessiyaları sentyabrın 4–5-də keçiriləcək. Üçüncü gün – sentyabrın 6-da isə ev sahibi ölkənin parlamenti tərəfindən mədəniyyət proqramı təşkil ediləcək.

PAİ-nin gənc parlamentarilərin illik Qlobal Konfransının keçirilməsi 2014-cü ildə təsis edilib. Konfrans mexanizmi gənc parlamentarilərin rolunun artırılmasına və gənclərin parlament fəaliyyətində iştirakının genişləndirilməsinə, gənclərin PAİ-nin fəaliyyəti və gündəliyinə dair baxışlarını əks etdirən tövsiyələrin hazırlanmasına, həmçinin gənclər arasında qarşılıqlı əlaqə imkanlarının genişləndirilməsinə, həmrəyliyin gücləndirilməsinə və onların potensialının inkişafına yönəlib.

PAİ-nin gənclərin siyasi həyatda iştirakının dəstəklənməsi ilə bağlı təşəbbüsü 2010-cu ildən başlayır. Həmin il təşkilatın Banqkokda keçirilən 122-ci Assambleyasında “Gənclərin demokratik prosesdə iştirakı haqqında” qətnamə qəbul edilib. Sənəddə gənclərin və gənclər təşkilatlarının yerli, milli, regional və beynəlxalq səviyyələrdə demokratik proseslərdə tam və fəal iştirakının zəruriliyi vurğulanıb.

Bu təşəbbüsün davamı olaraq, 2013-cü ildə PAİ gənc parlamentarilərin qanunverici orqanlarda və qurumun fəaliyyətində iştirakının həm kəmiyyət, həm də keyfiyyət baxımından genişləndirilməsinə yönəlmiş rəsmi daimi qurum olan Gənc Parlamentarilər Forumunu yaradıb.

İndiyədək gənc parlamentarilərin siyasət və demokratiyada iştirakından tutmuş, rəqəmsal transformasiya, iqlim dəyişikliyi, təhsil və məşğulluq, eləcə də gender bərabərliyinə qədər geniş spektrdə aktual məsələlərə həsr olunmuş 11 Qlobal Gənc Parlamentarilər Konfransı keçirilib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью