Şəmil Sadiqin “Yuxu maşını” romanı Meksikada təqdim edilib

27.11.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 26-da Azərbaycanın Meksikadakı səfirliyinin təşkilatçılığı ilə Mexiko şəhərinin ən qədim və nüfuzlu mədəniyyət müəssisələrindən biri olan Dünya Mədəniyyətləri Milli Muzeyinin Pedro Bosch Gimpera Kitabxanasında yazıçı Şəmil Sadiqin “Yuxu maşını” romanının təqdimatı keçirilib.

525.az xəbər verir ki, tədbirdə “Hədəf” Şirkətlər Qrupunun qurucu direktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) İdarə Heyətinin sədri, yazıçı Şəmil Sadiq, muzeyin direktoru Alexandra Qomez Kolorado, Avropa etnoqrafik kolleksiyaları üzrə tədqiqatçı-kurator Reynier Valdes Pinyeiro, Meksikada yaşayan azərbaycanlı filoloq-alim, professor Lalə Qafarzadə, Azərbaycanın Meksikadakı səfirliyinin birinci katibi Lalə Səfərova və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Reynier Valdes Pinyeiro Azərbaycan ədəbiyyatının Meksikada tanıdılması, müxtəlif xalqların ədəbi və mədəni irsi arasında əlaqələrin qurulması baxımından bu təşəbbüsün əhəmiyyətini vurğulayıb.

Professor Lalə Qafarzadə Azərbaycan ədəbiyyatının tarixi inkişaf mərhələləri, klassik və müasir ədəbi düşüncəmizin görkəmli nümayəndələrinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Azərbaycan ədəbiyyatının zəngin ənənələrindən bəhs edən alimin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha sonra yazıçı Şəmil Sadiq “Yuxu maşını” romanının yaranma ideyası, süjet xətti, fəlsəfi mahiyyəti və əsərdə Meksikanın xüsusi yer tutmasının səbəbləri haqqında danışıb.

2016-cı ildə nəşr olunan romanın azərbaycanlı qəhrəmanı dünyanın yalanlarından uzaqlaşmaq, yeni həyata başlamaq və mənəvi həqiqətləri axtarmaq üçün Meksikaya üz tutur. Yazıçı əsərinin qəhrəmanı üçün məhz Meksikanı seçməsinin bu ölkəyə olan xüsusi marağı ilə bağlı olduğunu bildirib.

Təqdimatda romanın ideya-fəlsəfi istiqaməti, insanın özünü və həyatın mənasını dərketmə cəhdləri, qədim inanclar və müxtəlif mədəniyyətlər arasındakı mənəvi paralellər diqqətə çatdırılıb. Müəllif romanla bağlı tədbir iştirakçılarının suallarını cavablandırıb.

Azərbaycanın Meksikadakı səfirliyinin birinci katibi Lalə Səfərova çıxışında Azərbaycan mədəniyyətinin və ədəbiyyatının Meksikada tanıdılması istiqamətində həyata keçirilən təşəbbüslərdən, iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, 1965-ci ildən fəaliyyət göstərən Dünya Mədəniyyətləri Milli Muzeyi Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun tabeliyində olan, dünya xalqlarının tarixi, etnoqrafiyası, dini inancları və mədəni irsini nümayiş etdirən mühüm elmi-mədəniyyət mərkəzlərindən biridir.

“Yuxu maşını” romanının məhz Meksikada təqdim olunması əsərin mövzusu və coğrafiyası baxımından xüsusi əhəmiyyət daşımaqla yanaşı, müasir Azərbaycan ədəbiyyatının Latın Amerikası oxucularına çatdırılması istiqamətində də mühüm addımdır.

Tədbir çərçivəsində Azərbaycan ədəbiyyatı yerli ictimaiyyətə tanıdılıb, muzeyin kitabxanasına isə Azərbaycan klassik və müasir yazıçılarının əsərləri, ölkəmizin tarixi və mədəni irsinə dair 20-yə yaxın kitab hədiyyə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью