Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Şəmkirdə şəhid ailələrinin üzvləri “44” bədii filmini izləmək üçün bir araya gəliblər. Vətən müharibəsindən bəhs edən bu ekran əsərinin onlar üçün mənası başqadır. Çünki həmin 44 günün tarixində onların da övladının, həyat yoldaşının, atasının adı var. Qələbəyə aparan yol onların doğmalarının ömründən keçib…
Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən film nümayişində rayon rəhbəri Rəşad Tağıyev və şəhid ailələrinin 100-ə yaxın üzvü iştirak edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn “44” filmi Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunub. Hadisələrin bir kursantın gözü ilə təqdim edildiyi ekran əsərində xüsusi təyinatlıların timsalında torpaq uğrunda döyüşən bir nəslin iradəsi, fədakarlığı və Vətən sevgisi canlandırılıb.
Ekranda döyüş yolu görünür. O yolu gedənlərin evdə qoyub gəldiyi arzular, gözləyən ailələr, yarımçıq qalan söhbətlər isə şəhid doğmalarının yaddaşında yaşayır. Bir ana üçün övladı hələ də qapıdan içəri girərkən eşitdiyi səsdir. Bir övlad üçün ata böyüdükcə mənasını daha dərindən anladığı şəkildir. Bir ailə üçünsə müharibənin bitdiyi gündən sonra da davam edən həsrətdir….
Bu səbəbdən qəhrəmanlıq tariximizin belə görüşlərdə xatırlanması xüsusi məna daşıyır. Şəhid ailələri ilə bir arada olmaq, onların doğmalarının döyüş yolunu birlikdə izləmək həmin ömürlərə ehtiramın ifadəsidir. Bu, həm də Qələbənin sevincini yaşayan hər kəsin onun hansı fədakarlıqlar hesabına qazanıldığını unutmamasına xidmət edir.
İştirakçıların maraqla qarşıladığı və dərin təəssüratla izlədiyi film tarixi yaddaşın qorunması, Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinin yaşadılması baxımından əhəmiyyət daşıyıb.
O 44 gün başa çatdı. Şəhidlərin ailələrinə əmanət qalan həsrət isə bir ömür davam edir. Qələbəni hər dəfə qürurla xatırlayanda həmin həsrətin qarşısında da ehtiramla baş əyməliyik.
Hamlet Qasımov
XQ-nin bölgə mexbiti