Şəmkir və Göygöldə Milli Mətbuat Günü qeyd olunub

21.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

     Milli Azərbaycan mətbuatının yaranmasının 151 illiyi və 22 İyul – Milli Mətbuat Günü münasibətilə Şəmkir və Göygöl rayonlarında media nümayəndələri ilə görüşlər keçirilib, peşə bayramı münasibətilə jurnalistlər təbrik olunublar.
     Şəmkirdə təşkil olunan görüşdə rayon rəhbərliyi bölgədə fəaliyyət göstərən media nümayəndələrini salamlayaraq onların cəmiyyətin operativ və obyektiv məlumatlandırılması istiqamətində gördükləri işi yüksək qiymətləndirib, peşə fəaliyyətlərində yeni uğurlar arzulayıb. Görüş zamanı milli mətbuatın keçdiyi inkişaf yolu, müasir dövrdə medianın cəmiyyətdəki rolu, dövlət qurumları ilə informasiya vasitələri arasında formalaşmış qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
     Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, müstəqil mətbuatın inkişafı istiqamətində mühüm addımlar atıb. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, son illər media sahəsində həyata keçirilən islahatların, jurnalistikanın inkişafına göstərilən dövlət dəstəyinin ölkədə sağlam informasiya mühitinin formalaşmasına mühüm töhfə verdiyi vurğulanıb.
     Görüşdə, həmçinin Şəmkir rayonunda həyata keçirilən sosial-iqtisadi layihələr, abadlıq-quruculuq işləri, infrastrukturun yenilənməsi və qarşıda duran hədəflər barədə jurnalistlərə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonda bir qrup media nümayəndəsi Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.
     Göygöl rayonunda keçirilən tədbir də Milli Mətbuat Gününə həsr olunub. Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, icra hakimiyyətinin məsul əməkdaşları və media nümayəndələrinin iştirak etdikləri tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
     Sonra keçirilən görüşdə çıxış edənlər Azərbaycan mətbuatının keçdiyi şərəfli inkişaf yolundan danışaraq bildiriblər ki, müasir dövrdə media təkcə cəmiyyətin operativ informasiya ilə təmin olunmasına deyil, həm də ictimai nəzarətin gücləndirilməsinə, vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfə verir.     Çıxışlarda Ulu Öndər Heydər Əliyevin milli mətbuatın inkişafındakı xidmətləri xüsusi qeyd olunub, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın peşəkar, məsuliyyətli və etik prinsiplərə söykənən medianın inkişafına göstərdikləri ardıcıl dövlət dəstəyindən bəhs edilib.
     Tədbirlərin sonunda Milli Mətbuat Günü münasibətilə fərqlənən media nümayəndələri mükafatlandırılıb. Şəmkirdə jurnalistlər Fəxri Fərmanla təltif olunub, Göygöldə isə onlara Təşəkkürnamələr və hədiyyələr təqdim edilib.
     Hamlet Qasımov,
XQ-nin Gəncəbasar müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью