Şəmkirdə görkəmli geoloq Fərman Salmanovun abidəsi ucaldılır

01.09.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Şəmkir rayonunda görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq Fərman Salmanovun abidəsi ucaldılır.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəhid Xəqani İbrahimli parkında olub, Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən ucaldılan abidədə aparılan işlərlə yerində tanış olub.

Qeyd edək ki, abidə Prezident İlham Əliyevin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən ucaldılır.

İcra başçısına abidənin ucaldılması və park ərazisində görülən işlər barədə məlumat verilib. Baxış zamanı yaşıllıqların qorunması, ərazinin səliqəli saxlanılması və parkın sakinlərin rahat istifadəsi üçün əlverişli vəziyyətə gətirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Rəşad Tağıyev görülən işlərin keyfiyyətlə başa çatdırılması, ərazidə abadlıq işlərinin davam etdirilməsi və parkın ümumi görünüşünün daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Fərman Salmanov Şəmkir rayonunun yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarının kəşfində mühüm rol oynayıb, geologiya elminin inkişafına böyük töhfələr verib.

Görkəmli alimin xatirəsinə ucaldılan abidə onun doğma rayonunda adına və elmi fəaliyyətinə verilən qiymətin ifadəsidir.

Şəmkirdə abadlıq və quruculuq işləri çərçivəsində park və ictimai məkanların yenilənməsi, şəhərin müasir görkəminin formalaşdırılması və tarixi-mədəni irsin qorunması istiqamətində tədbirlər davam etdirilir.

Rayonda şəhər infrastrukturunun yaxşılaşdırılması, küçə və prospektlərin müasir görkəmə gətirilməsi, ərazilərin səliqəli saxlanılması ilə bağlı da ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev prospektində təmir-bərpa işləri aparılır, yeni görkəmə salınan fəvvarələrdə görülən işlər diqqətdə saxlanılır.

İcra başçısına fəvvarələrin bərpa olunması və ətraf ərazidə aparılan təmir işləri barədə məlumat verilib. Bildirilib ki, xüsusilə prospektdə həyata keçirilən yenidənqurma tədbirləri şəhərin mərkəzi hissəsinin ümumi görünüşünün yaxşılaşdırılması ilə yanaşı, sakinlər və şəhərə gələn qonaqlar üçün daha əlverişli ictimai mühitin formalaşdırılmasına xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью