Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bəzən bir xalqın tarixində elə günlər olur ki, həmin günlər təkcə təqvimə yox, millətin yaddaşına yazılır. 20 Sentyabr-Dövlət Suverenliyi Günü də Azərbaycanın ərazi bütövlüyünə, milli iradəsinə və qalibiyyət salnaməsinə möhür vuran belə tarixi günlərdəndir. Elə Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Suverenliyə gedən Zəfər yolu” adlı tədbirdə də bu barədə dönə-dönə söhbət açıldı.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət etdilər. Sonra Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirildi, Ümummilli Liderin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildu. Dövlət Suverenliyi Gününə həsr olunan videoçarx nümayiş etdirildi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında bildirdi ki, müstəqillik və dövlətçilik uğrunda əsrlərlə davam edən mübarizə, Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu siyasəti qətiyyətlə davam etdirməsi Azərbaycanın bugünkü qüdrətinin əsasını yaradıb.
Qeyd olundu ki, 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfər ərazi bütövlüyümüzün bərpasına yol açıb, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən antiterror tədbirləri isə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpası ilə nəticələnib.
Tarixçi, şəhid Bəhlul Rüstəmovun oğlu Bəhərçin Rüstəmov da çıxış edərək bildirdi ki, suverenliyini tam bərpa edən Azərbaycan artıq yeni inkişaf mərhələsini yaşayır. Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri, doğma yurdlarına qayıdan insanların sevinci həmin Zəfərin ən canlı ifadəsidir.
Tədbir Şəmkir Əhməd Cavad adına Mədəniyyət Mərkəzi əməkdaşlarının ifasında milli musiqilər, məktəblilərin səsləndirdiyi vətənpərvərlik ruhlu şeir və kompozisiyalarla başa çatdı.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri
Şəmkir