Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ” - “Ayntraxt” matçında nəticə baxımından istədiyimiz oldu. Amma… “CBC Sport”un yayını günlərdi sosial şəbəkələrdə müzakirə mövzusudu.
Narazıların əsas iddiası bundan ibarətdi: HD formatında çəkilən “Fənərbaxça” – “Aston Villa” oyunununda yayın keyfiyyəti niyə daha yaxşı olub? Bizim də bəzi iradlarımız var: bir dəfə meydanın heç bir mübarizə getməyən hissəsi ekrana gətirildi, Bəhlul Mustazadənin vurduğu qolu doğru-düzgün görə bilmədik, “Qarabağ” 3-cü qolu vurandan sonra qonaqlar oyuna mərkəzdən başladığı halda, kameralar ağdamlıların qol sevincində ilişib qaldı.
Bütün bu məqamlarla bağlı kanalın baş redaktoru Şəmsəddin Abbasovun fikrini öyrəndik:
“Görüntü ilə bağlı narazılıq almamışıq - nə tamaşaçılardan, nə də həmkarlardan. İki gün sonra səndən eşidirəm. “Yutub”da ola bilər ki, güc çatmasın, keyfiyyət azalsın. Bu bizim problem deyil. Təmiz görüntü vermişik, siqnal ötürmüşük. UEFA-nın çəkilişə cavabdeh nümayəndəsi də təşəkkür etdi. Televiziyadan da tər-təmiz siqnal ötürmüşük”.
Şəmsəddin bəy bir qədər əvvəl “feysbuk” hesabında yayınla bağlı narazılıqlara daha geniş cavab verib ki, onu da nəzərinizə çatdırırıq:
“Hər hansı bir iş haqda danışıb qiymət verəndə bu, böyük məsuliyyətdi. Bu məsuliyyəti üzərinə götürən şəxs mövzunu dərindən araşdırmalı və işin incəliklərinə bələd olmalıdı. "CBC Sport" yarandığı gündən Azərbaycanın ilk rəsmi HD formatında yayımlanan kanalıdı. Yəni biz başqa formatda heç cür yayımda ola bilmərik. Bu bir faktdı. Digər bir fakt odu ki "CBC Sport" Azərbaycanda UEFA-nın yüksək və geniş əhatəli tələblərinə cavab verə biləcək çəkiliş imkanlarına malik yeganə kanaldı. İndi isə görüntü fərqliliyi məsələsinə gələk. 20-ci əsrin əvvəllərində tikilən stadionda işıqlandırma və ot örtüyü ilə bağlı problemlər görüntüdə əlbəttə ki, özünü göstərəcək. Üstəgəl bu stadion tikiləndə müasir çəkiliş tələblərinə cavab verəcək heç bir amil nəzərə alınmayıb. Yenidənqurma işləri aparılıb lakin təməldən bu iş olmadan keyfiyyət eyni ola bilməz. 21-ci əsrdə demək olar hər il təmirdən çıxan, ən müasir işıqlandırma və digər avadanlıqlarla təmin olunan, mükəmməl ot örtüyünə malik bir stadionda isə keyfiyyət tamamilə başqa cür olacaq. Yəni hər il bu keyfiyyətin qorunmasına nəzarət olunur. Dəqiq söyləyə bilərəm ki: mövcud texniki heyətimizi və avadanlığımızı müasir stadiona apardıqda eyni yüksək keyfiyyəti alacağıq. Eynilə, xarici kanalların heyətini və avadanlığını bura gətirsək, mənzərə və görüntü indiki kimi olacaq. Xahiş edirəm bu məsələ ilə bağlı məlumat toplamadan, televiziya haqqında baza bilikləri olmayanlar fikir bildirməsin. Peşəkarlardan, bu işin içində olanlardan soruşun, onlar dediklərimi təsdiqləyəcəklər. Sosial şəbəkələrdə "xayp" qazanmaq və izləyici toplamaq üçün yalan danışan, məlumatsız insanlara inanmayın”.
MÜZƏFFƏR QULUZADƏ