Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Düzünü desəm, əvvəllər mənə elə gəlirdi ki, günəbaxan nazlı bitki deyil. Tumunu torpağa səpirsən, qalanını günəş və təbiət öz öhdəsinə götürür. Amma fermerlərlə hər görüşdən sonra fikrim bir az da dəyişir. Günəbaxana gərək baxasan ki, onu yetişdirməyin nə qədər zəhmət, qayğı və səbir tələb etdiyini anlayasan.
Bu günlərdə yolumuz yenə Şəmkirin günəbaxan zəmilərindən keçdi. Fermerlərlə görüşdük, sahələrə baxdıq, onların fikir və təkliflərini dinlədik. Hər söhbətdə bir həqiqət vardı: məhsul bol olanda hamı onu görür, amma o məhsulun yetişməsi üçün çəkilən zəhməti çox az adam düşünür.
Günəbaxan elə bitkilərdəndir ki, onu sadəcə əkib gözləməklə iş bitmir. Vaxtında becərilməlidir, suvarılmalıdır, alaqdan təmizlənməlidir, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılmalıdır. Bir sözlə, sahəyə daim baş çəkməlisən. Yoxsa günəşə boylanan o iri səbətlər heç vaxt yaranmaz.
Şəmkirdə ənənəvi kənd təsərrüfatı sahələri ilə yanaşı, yağlı və texniki bitkilərin becərilməsinə də xüsusi diqqət yetirilir. Bu, təsadüfi deyil. Günəbaxan həm torpağın münbitliyinin qorunmasına, həm əkin dövriyyəsinin düzgün təşkilinə, həm də emal müəssisələrinin xammalla təminatına mühüm töhfə verir.
Cari ildə rayonda 917 hektar sahədə günəbaxan əkilib. Bununla yanaşı, 379,14 hektar şəkər çuğunduru, 85 hektar vələmir, 215 hektar lobya, 17 hektar xardal və 72 hektar yerfıstığı becərilməsi də kənd təsərrüfatında məhsul müxtəlifliyinin artırılması istiqamətində görülən işlərin nəticəsidir.
Bütün bunlar “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin Şəmkirdə ardıcıl şəkildə icra olunmasının göstəricisidir. Fermerlərlə mütəmadi görüşlər keçirilir, təsərrüfatlara yerində baxışlar təşkil olunur, onların təklif və müraciətləri dinlənilir, aqrar sahənin daha da inkişafı üçün birgə müzakirələr aparılır. Bu işdə rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyevin nümunə göstərməsi diqqət çəkir. Rayon rəhbəri təsərrüfatları qarış-qarış gəzir və təbii ki, öz köməyini də əsirgəmir.
Günəbaxan tarlasında gəzəndə istər-istəməz bir fikri düşünürsən: süfrəmizə gələn hər tikə çörəyin, hər damla yağın arxasında görünməyən böyük bir zəhmət dayanır. O zəhməti görmək üçün isə bəzən sadəcə sahəyə baş çəkmək kifayət edir.
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri