Sən mənim əllərimi isit, mən sənin... Alov İnannanın haykuları

22.01.2025

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Alov İnannanın “Qış haykuları”nı təqdim edir.

Dostluğunuz tutmaz, gözəl balıq

Sən mənin havamda boğularsan

Mən sənin suyunda

***

Sobanın üstündəki

çaydanın zümzüməsi

boz pişiyi mürgülədir

***

Həyat necə də gözəldir

tox çağanın qığıltısında

yuxulu ananın təbəssümündə

***

İsti evin pəncərəsindən

yağan qara baxmaq

namərd bir həzdir

bəlkə də yox

***

Bir az da qorxuram

heç aldanmayan

adamlardan

***

Sən mənim əllərimi isit

Mən sənin ürəyini sərinlədim

***

Qarda yuyunmuş havanı

içinə çəkmək

***

Palçıqlı kənd yolunda

maşın təkərinin izində

qazların qatarlanması

***

Nə var zirvələrə düşən qar olub

günəşin işığını

geri qaytarmağa

***

Üşüməkdən

isinməyə qədərdi –

qış xofunun məsafəsi

***

Qar da yağmadı

Qışın üzü

qara qaldı

***

Sonuncu işıqlı pəncərə də qaraldı

Təkcə

gecə oyaq

***

Boşqabda

soyulmuş, soyundurulmuş alma

bütün cazibəsini itirmişdi

***

Havada uçuşan tozlar

qar dənəciklərinə

qoşulub getdilər

***

Nar dənəsi əzildi

Eşitmədiyim səslə qışqırdı

Qanı üstümə fışqırdı

***

Kölgə

kölgədə yox olur

Kölgə kölgənin qənimidi

***

Ovurdundakı qozla

yanağını şişirdən uşaq

diş ağrısıyla məzələnir

***

Küçə lampası –

gecənin sirrini bağırır

Ay –

gecənin sirrini pıçıldayır

***

Pəncərə şüşələrinin şəffaflığında

namərd bir

divarlıq gizlənir

***

Bıçaq

itiliyi ilə öyündü

Bülöv

abrına qısılıb susdu

***

Bir neçə abzaslıq

ömür yaşadı

o boyda ömürdə

***

Baxışdılar

Qısa qapanma

Hələ də tüstülənir

***

Yenə də əridi qar

Yer-göy qala bilmədi

bir rəngin ahəngində

***

Hər dəfə solmuş güllər

atıldıqca güldandan

süni güllər canlanırdı...

***

Bu qədər möhtəşəm gözəllik belə

xilas edə bilmədi

xalçanı tapdalanmaqdan

***

Ölüm necə adi olur

tanıdığın birisinin yoxluğunu

dərhal qəbul edəndə

***

Qanadlarım olsaydı

uçurumları

mən də sevərdim

***

Dostum çay!

Sənəcən – susamaq

Səninlə – susmaq gözəldir

***

Gərək çalxalanasan

nə qədər bulanıq olduğunu

bilmək üçün

***

Qəfil asqırdı uşaq

burnandan çıxan kiçik şara

uğunub getdi

***

Yiyəsini itirmiş bir tay əlcək

yerdə büzüşüb

üşüyür

***

Ayaqlarım

qonaq gəlib

yorğanına

Qremmi Mükafatının aparıcısı açıqlandı Metro - Eyvaz Zeynalovun yeni hekayəsi Kerimcan həbs olundu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью