futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Neftçi” və “Zirə” Konfrans Liqasında mübarizəni dayandırdı.
Ötən mövsüm Misli Premyer Liqasında avrokuboklara vəsiqə uğrunda yarışan, “dördlük” üçün alışıb-yanan “Neftçi” elə ilk mərhələdən turnirlə vidalaşdı. Səviyyə və şərait baxımından özündən daha zəif olan, ev oyunlarını siyasi məsələlərə azarkeşsiz və yurdundan kənarda keçirən Minsk “Dinamo”su “ağ-qaralar”ı mübarizədən kənarlaşdırdı. Bakıda 8 dəqiqəyə vurduğu 2 qoldan sonra “ölən” komandanın cavab matçında isə bir qoldan artığına gücü çatmadı.
“Dinamo”nu keçə bilməmək “Neftçi” üçün fiaskodur. Mövsümün əvvəli iddialı açıqlamalar, böyük hədəflər, lakin işin icrası meydana qalanda nəticə 0.
Məğlubiyyətin səbəblərindən biri baş məşqçi Yuri Vernidubun seçimləridir. Heyətdə yeganə mərkəz hücumçusu olan Bassalu Sambunun iki oyuna da ehtiyatda başlaması anlaşılmaz oldu. Axı o, ötən mövsüm 10 qolla komandanın bombardiri idi…
Heyətə yeni cəlb olunan Lyubomir Tuptanın əsas mövqeyi cinah hücumçusudur. Burda daha məhsuldar olan slovak mərkəz oyunçusu kimi tapşırığın öhdəsindən gələ bilmədi. Yarımmüdafiə xəttində də vəziyyət ürəkaçan deyil.
“Neftçi”nin çempionatda uğurlu ola biləcəyini demək çətindir. “Ağ-qaralar”ın iki oyunda sərgilədiyi performans hələ liqaya hazır olmadıqlarını göstərir.
“Zirə”də isə vəziyyət daha pisdir. Məhəllə komandası adlandırılan “Payde”yə iki oyunda qalib gəlməmək hardan baxsan, rüsvayçılıqdır. Cavab görüşündə epizodların sağa-sola xərclənməsi keyfiyyət çatışmazlığından xəbər verir. “Torpedo”ya iki oyunda 6 qol vuran “Zirə” estonlara iki matçda cəmi bir qol vura bildi. Bəlkə də, “Payde”yə yuxarıdan baxıldı, asan rəqibdir, keçərik düşüncəsi futbolçulara mane oldu. Estoniya təmsilçisi püşkatmada “qartallar” üçün çıxa biləcək ən yaxşı rəqiblərdən idi, ancaq yekun fiaskodan başqa bir şeylə yadda qalmadı.
Avrokuboklarda mübarizəni “Sabah” və “Qarabağ” davam etdirəcək. “Bayquşlar”ı Çempionlar Liqasında Danimarka çempionu “Orxus”la duellər gözləyir. “Qarabağ” isə Konfrans Liqasında III təsnifatda Ukraynanın köklü “Dinamo” komandası ilə qarşılaşacaq.
Şahin Cəfərov