Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid övladlarının hərtərəfli inkişafı və asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi və YAŞAT Fondunun təşkilatçılığı ilə reallaşdırılan növbəti sosial layihə çərçivəsində rayonun şəhid övladları üçün yay istirahət düşərgəsi təşkil olunub.
Bugünlərdə 10–14 yaşlı 8 nəfər şəhid övladı Lənkəran “Springs Wellness Resort”da təşkil edilən yay düşərgəsinə yola salınıb. Düşərgə müddətində uşaqlar müxtəlif idman yarışları, əyləncəli oyunlar, yaradıcılıq məşğələləri, maarifləndirici təlimlər və komanda fəaliyyətlərində iştirak edəcəklər. Proqram onların həm fiziki və mənəvi inkişafına, həm də yeni dostluq münasibətlərinin formalaşmasına xidmət edir.
Uşaqların təhlükəsiz, rahat və yaddaqalan istirahətinin təmin olunması məqsədilə bütün zəruri şərait yaradılıb. Təcrübəli mütəxəssislərin müşayiəti ilə təşkil olunan proqramlar onların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, sosial bacarıqlarının inkişafına və kollektiv mühitə daha rahat uyğunlaşmalarına kömək edəcək.
Qeyd edək ki, bu, il ərzində Beyləqan rayonundan şəhid övladlarının iştirak etdiyi ikinci yay düşərgəsidir. Belə ki, iyun ayında da rayonun 8 nəfər şəhid övladı eyni layihə çərçivəsində Lənkəranda təşkil olunan yay istirahət düşərgəsinə göndərilib.
Şəhid övladlarının sağlam, savadlı və vətənpərvər ruhda böyüməsinə xidmət edən belə tədbirlər şəhid ailələrinə göstərilən sosial qayğının bariz ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri