Sənayeləşmə regionların iqtisadi mənzərəsini dəyişir

06.08.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan iqtisadiyyatında son illər həyata keçirilən uğurlu islahatlar və məqsədyönlü dövlət siyasəti nəticəsində qeyri-neft sektorunun yeni mərhələyə yüksəlməsi bu gün xüsusi diqqət çəkir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, sənayeləşmənin sürətləndirilməsi, regionların istehsal potensialının genişləndirilməsi və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində kompleks layihələrin həyata keçirilməsi regionlara da uğurlar qazandırır. Bu nəticələr həm istehsal həcmlərinin artımında, həm də qeyri-neft sənayesinin respublika iqtisadiyyatındakı payının yüksəlməsində özünü aydın göstərir.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, cari ilin yanvar-may aylarında sənaye müəssisələrində 27,5 milyard manat dəyərində məhsul istehsal olunub. Ən mühüm göstəricilərdən biri isə qeyri-neft-qaz sektorunda qeydə alınıb – istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz çoxalıb. Sənayedə qeyri-neft sektorunun xüsusi çəkisinin 80,1 faizə çatması isə ölkədə aparılan sənayeləşmə siyasətinin uğuru və iqtisadiyyatın neft gəlirlərindən asılılığının tədricən azalması kimi qitmətləndirilib.

Belə müsbət göstəricilərin əldə olunmasında dövlətin həyata keçirdiyi sənaye siyasəti, xüsusilə sənaye zonalarının yaradılması və onların fəaliyyətinin genişləndirilməsi mühüm rol oynayır. Azərbaycanda bu istiqamətdə əsas icraçı qurumlardan biri olan İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye infrastrukturunun müasir tələblər səviyyəsində formalaşdırılması, investorlar üçün əlverişli biznes mühitinin yaradılması və yeni istehsal sahələrinin təşviq edilməsi istiqamətlərində ardıcıl fəaliyyət göstərir.

Hazırda adıçəkilən qurumun idarəçiliyində 9 sənaye parkı, 3 sənaye məhəlləsi, Yevlax Pilot Aqroparkı və Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir. Bu strukturlar iri sənaye layihələrinin icrası ilə yanaşı, həm də kiçik və orta sahibkarlığın inkişafına, innovativ istehsalın təşviqinə və yeni texnologiyaların tətbiqinə geniş imkanlar yaradır.

Xüsusilə sənaye məhəllələri regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət daşıyan uğurlu model kimi diqqəti cəlb edir. Bu model yerli sahibkarların istehsal fəaliyyətinə qoşulmasını asanlaşdırır, biznes subyektlərinin müasir istehsal sahələrinə asan çıxışını gerçəkləşdirir və onların fəaliyyət xərclərinin azalmasına əlverişli şərait yaradır. Müasir kommunikasiya infrastrukturu, hazır istehsal sahələri, mühəndis-kommunikasiya şəbəkələri və dövlət dəstəyi mexanizmləri sahibkarların investisiya qoyuluşunu stimullaşdırır.

Sənaye məhəllələri qarşısında regionlarda istehsalın genişləndirilməsi, kiçik və orta sahibkarlığın sənaye sektoruna inteqrasiyasının sürətləndirilməsi, yeni məşğulluq imkanlarının yaradılması və ölkənin idxaldan asılılığının azaldılması əsas vəzifələr kimi durur. Bununla yanaşı, bu model regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə, yerli xammal bazasının emal sənayesinə cəlb olunmasına və əlavə dəyər yaradan istehsal sahələrinin inkişafının diqqətdə saxlanılmasına mühüm töhfə verir.

Hazırda sənaye məhəllələrində fəaliyyət göstərən müəssisələr əsasən qida sənayesi, kənd təsərrüfatı məhsullarının emalı, yüngül sənaye, mebel istehsalı, tikinti materiallarının hazırlanması və digər istiqamətlər üzrə məhsul istehsal edir. Bu müəssisələr daxili bazarın tələbatının ödənilməsi ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsinə də müsbət təsir göstərir. Regionlarda istehsal olunan məhsulların rəqabət qabiliyyətinin yüksəlməsi isə respublikanın ixrac potensialının artırılmasına və xarici bazarlarda Azərbaycan məhsullarının mövqeyinin möhkəmlənməsinə şərait yaradır.

Sənaye məhəllələrinin inkişafı, eyni zamanda, regionlarda məşğulluğun artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sahədə yeni müəssisələrin yaradılması minlərlə insan üçün daimi iş yerlərinin açılmasına, əhalinin gəlirlərinin yüksəlməsinə və sosial rifahın yaxşılaşmasına xidmət edir. Bununla yanaşı, peşə hazırlığı və ixtisaslı kadrların yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sənayenin dayanıqlı inkişafı üçün zəruri insan kapitalının formalaşdırılmasını şərtləndirir.

Yeni iş yerləri – “çörək ağacı”

Azərbaycanda həyata keçirilən qeyri-neft sektorunun inkişaf strategiyası artıq praktik nəticələr verməkdədir. Sənaye istehsalında artım müşahidə olunması, qeyri-neft sektorunun payının yüksəlməsi, sənaye parkları və sənaye məhəllələrinin genişlənməsi ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi diqqət çəkir.

Qeyri-neft sənayesi Azərbaycanın iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi, ixracın şaxələndirilməsi, regionların davamlı inkişaf etməsi və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Qarşıdakı dövrdə də dövlət dəstəyi mexanizmlərinin daha da genişləndirilməsi, sənaye infrastrukturunun sürətlə təkmilləşdirilməsi və innovativ istehsalın təşviq olunması bu sahədə əldə edilən uğurların davamlığının gerçəkləşəcəyinə, qeyri-neft iqtisadiyyatının daha da güclənəcəyinə əminlik yaradır.

İqtisadçı-ekspert Nicat Abdullayevin sözlərinə görə, sənaye məhəllələrinin ən mühüm üstünlüklərindən biri idxalı əvəz edən məhsul istehsalının genişləndirilməsidir. Çünki yerli istehsalın artması ölkədən valyuta axınının azalmasına, milli istehsalçıların rəqabət qabiliyyətinin yüksəlməsinə və daxili bazarda yerli məhsulların payının çoxalmasına səbəb olur. Bununla yanaşı, ixracyönümlü məhsul istehsalının diqqətdə saxlanılması respublikanın qeyri-neft ixracının artmasına müsbət təsir göstərir. Son illər “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların müxtəlif xarici bazarlara çıxarılması da həyata keçirilən siyasətin yüksək səmərəsini nümayiş etdirir.

Sənaye zonalarının fəaliyyətinin mühüm nəticələrindən biri də məşğulluğun artırılmasıdır. Yeni istehsal müəssisələrinin yaradılması minlərlə insanın daimi işlə təmin olunmasına imkan yaradır. Xüsusilə regionlarda yeni iş yerlərinin açılması əhalinin gəlirlərinin artmasına, daxili miqrasiyanın azalmasına və sosial rifahın yüksəlməsinə müsbət təsir göstərir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi isə sənayedə ciddi ehtiyac duyulan ixtisaslı kadrların hazırlanmasına xidmət edir. Müasir əmək bazarının tələblərinə uyğun peşə hazırlığı proqramları istehsalat müəssisələrinin dayanıqlı inkişafını dəstəkləyən mühüm amillərdən biridir.

Nicat Abdullayev bildirdi ki, bu gün əldə olunan nəticələr təsdiq edir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı artıq iqtisadi siyasətin prioritet istiqaməti olmaqla yanaşı, həm də real iqtisadi artımın əsas mənbəyidir. Müasir sənaye zonalarının yaradılması, sahibkarlığa dövlət dəstəyi göstərilməsi, investisiya mühitinin yaxşılaşdırılması və regionların sənaye potensialının hərəkətə gətirilməsi ölkənin rəqabət qabiliyyətini daha da artırır.

Qarabağın sənaye potensialı

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbə təkcə ölkəmizin ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, milli iqtisadiyyatın inkişafında keyfiyyətcə yeni bir mərhələnin əsasını qoydu. Çünki işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları nəhəng təbii resurslara, strateji coğrafi mövqeyə və yüksək sənaye potensialına malikdir. Bu ərazilərin sürətlə reabilitasiyası, müasir infrastruktura qovuşması və ölkənin ümumi sənaye dövriyyəsinə inteqrasiyası yaxın illərdə regionların Ümumi Daxili Məhsuldakı (ÜDM) payını əhəmiyyətli dərəcədə artıracaq, ölkədə qeyri-neft sektorunun şaxələnməsinə güclü təkan verəcəkdir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi dövriyyəyə cəlb edilməsi təsadüfi xarakter daşımır. Bu proses planlı və konseptual dövlət strategiyasına əsaslanır. Bölgədə həyata keçirilən “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, ilk növbədə, müasir nəqliyyat, logistika və enerji infrastrukturu sürətlə qurulur. Beynəlxalq hava limanlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, “ağıllı şəbəkə” konsepsiyası əsasında elektrik təchizatının gerçəkləşdirilməsi sənaye subyektlərinin səmərəli fəaliyyəti üçün zəruri bünövrə yaradır.

Qeyd edilənlərlə bərabər, sənaye dövriyyəsinin sürətləndirilməsində Agdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” əsas hərəkətverici qüvvələrdən biri kimi mühüm rol oynayır. Agdam Sənaye Parkı qısa müddətdə tikinti materalları istehsalı, ağır sənaye, xidmət və emal müəssisələri üzrə ixtisaslaşaraq Qarabağ iqtisadi rayonunun sənaye mərkəzinə çevrilib. “Araz Vadisi İqtisadi Zonası” isə TRIPP dəhlizi və strateji logistik yollar üzərində yerləşərək həm yerli istehsal, həm də regional ticarət və logistika imkanlarını genişləndirmək imkanı yaradıb.

Adları çəkilən sənaye parklarında rezidentlər üçün tətbiq olunan vergi və gömrük güzəştləri, hazır infrastruktur və dövlət dəstəyi yerli və xarici investorların diqqətini cəlb edir. İstehsal güclərinin işə düşməsi ilə burada yaradılan əlavə dəyər birbaşa regionların ÜDM-dəki payının yüksəlməsinə müsbət təsir göstərir.

İqtisadçı-ekspert Elnur Həsənov söhbət zamanı qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Bölgədəki filiz, tikinti materiallarının (mərmər, qranit, mişar daşı), mineral sular və qızıl-mis yataqlarının səmərəli istismarı emal sənayesinin inkişafı üçün tükənməz xammal bazası rolunu oynayır. Xammalın sadəcə çıxarılması deyil, həm də yerində emal edilərək son məhsula çevrilməsi əlavə dəyər zəncirini uzadır və regionun iqtisadi çəkisini dəfələrlə artırır.

Bölgənin böyük hidroenerji, günəş və külək potesialı nəzərə alınaraq işğaldan azad edilmiş ərazilər “Yaşıl enerji” zonası elan edilib. Tərtər, Həkəri və Bərgüşad çayları üzərində kiçik su elektrik stansiyalarının tikilməsi və bərpa edilməsi ilə bölgənin daxili tələbatı ödənilməklə bərabər, ümumi energetika sistemi güclənib. Cəbrayıl, Zəngilan, Laçın və Kəlbəcərdə həyata keçirilən irimiqyaslı günəş və külək elektrik stansiyaları layihələri ilə istehsalat müəssisələri ucuz və ekoloji təmiz enerji ilə təmin edilib. Bütün bunların nəticəsində “yaşıl sənaye” yanaşması ilə məhsulların maya dəyəri aşağı düşməklə onların xarici bazarlarda rəqabət qabiliyyəti, eləcə də ixrac potensial və daxili istehsalın ÜDM-dəki payı yüksəlib.

Uzun illər ölkə iqtisadiyyatında və ÜDM formalaşmasında Abşeron yarımadasının – Bakı və ətraf ərazilərin payı mütləq üstünlük təşkil edib. Azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə inteqrasiyası isə bu qeyri-bərabərliyin aradan qaldırılması üçün tarixi imkan yaradıb.

Regionların ÜDM-dəki payının artması məsədilə istehsalın mərkəzsizləşdirilməsi istiqamətində müəyyən layihələrin reallaşdırılmasına başlanılıb. Yeni sənaye müəssisələrinin və emal zavodlarının Qarabağ və Şərqi Zəngəzurda da qurulması ilə paytaxtın üzərindəki iqtisadi yükün azalacağı proqnozlaşdırılıb. Bölgənin geniş örüş-otlaq sahələri nəzərə alınmaqla heyvandarlıq, bitkiçilik, meyvəçilik və aqrar-emal sənayesinin inkişafı məsələsi də diqqətdə saxlanılıb.

Beləliklə, regionlarda sənaye dövriyyəsinin genişlənməsi, ilk növbədə, insan kapitalının inkişafı və əhalinin məşğulluğu ilə bağlıdır. Keçmiş məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıdışı təkcə yaşayış evlərinin tikilməsi ilə məhdudlaşmır, həm də sabit və davamlı məşğulluq imkanlarının yaradılması qayıdışın dayanıqlılığını təmin edən əsas amildir. Bu, eyni zamanda, sadəcə, regional bərpa layihəsi deyil, Azərbaycanın uzunmüddətli davamlı iqtisadi inkişaf modelinin strateji tərkib hissəsidir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir infrastruktura, “yaşıl enerji” konsepsiyasına və zəngin resurs bazasına söykənən sənaye potensialı yaxın illərdə real nəticələrini verəcək. İşğaldan azad edilən ərazilərdə tikinti-quruculuq layihələrinin gerçəkləşdirilməsi bu bölgənin ÜDM-dəki payını əhəmiyyətli dərəcədə artıracaq, iqtisadi fəallığı yüksəldəcək və Azərbaycanın qeyri-neft sənayesinin qlobal bazarda rəqabət qabiliyyətini yeni pilləyə qaldıracaq.

Vaqif BAYRAMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью