Şənbə üçün nəzm

24.01.2026

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BALAYAR SADİQ

Ağrı

Bu körpənin gözlərində

Allahın adı ağlayır.

Üzündə ölən mələyin

Bir cüt qanadı ağlayır.

Ömrü çoxdan qocalıbdı,

Bir körpəlik borc alıbdı.

Bax, bir gözü Xocalıdı,

Ya Kərbəladı, ağlayır.

Xəbəri yoxdu Allahın,

Yasmağı düşübdü ahın.

Açılmayan bir sabahın

Ləzzəti, dadı ağlayır.

Ayaq üstə duran qəbir,

Dərdi gözlərinə təpir.

Əzrayılın qolunda bir

Ölüm saatı ağlayır.

Yox dərdini xəbər alan,

Tanrı yalan, bəndə yalan.

Dodağında sözsüz qalan

Bir lal bayatı ağlayır.

Dünya yoldu, o qarınca,

Heç baş qoymayıb balınca.

Gəlməyən bəxtin dalınca

Bütün həyatı ağlayır.

UNUDULMAQ

Bu ağacın dimdiyindəki

quşun yarpaqlamağı qədərdir

yarpaqların cəh-cəhi,

bunu eşitmir ağacın

ayağına dolaşan daş...

daşların öz qulağına taxdığı pambığı

hansı pambıqçı əkmişdi bir zaman,

kimsə fərqini düşünməz

o zamanlar ayrılıq sulayırdı

pambıq tarlalarını ,

sən onda Allahın göydə

olduğuna inanırdın,

göy üzü çox uzaq olsa da,

amma indi göy üzü yaxındı sənə

Allahı görmək ümidin

quşa dönüb uçub uzaqlara

sən Kəbə yolunda dəvə

kimi gövşəyirsən

yuxarıdakı ağacın budağına

qonmuş yarpağın sümüklərini...

quşlardan gözünü çək ,

qoy gözlərinin yarpaqları kölgə salsın

bir zaman pambıq tarlasında əllərini unudub gedən qızın

gün altında ürəyi gedən arzusuna...

YAXIN GƏL

Ömür də gəldi,getdi,

Səndən xəbər çıxmadı.

Darıxmışam,adam yox,

Qaçıb həsrətin dadı.

Kirpiyimə söykənib,

Yarpaqladı payız? da.

Gülümsəyir göz yaşım,

İslanacaq? o qız da...

Yüyürür qabagımda,

Köynəyi qanlı ürək.

Mənim zavallı bəxtim,

Əllərini ver,gedək.

Qəlbimi unutmuşam,

Qalıb bir ay bənizdə.

Qağayılar uçuşur,

Gözümdəki dənizdə.

Günləri məktub kimi,

Hər gün oxuyur əcəl.

Pıçıldayır bu şeir:

Allah,bir az yaxın? gəl.

EŞQ

İtalyan sonet variantı

Bu gün doluxsunub xatirələr də,

Həsrətdən islanıb yolların üzü.

Donub dodağında ümidin sözü,

Arzular qərq olub kədərə,dərdə.

Həyatım üşüyür sənsiz bu yerdə,

Sönüb gedişinlə bəxtimin közü.

İntizar qoxuyur sevgimin gözü,

Gecikir ömrümə doğan səhər də.

Qərib qəm küləyi ruhumda əsər,

Gəl, uzun saçını sinəm üstə sər.

Könül məhəbbətlə qoy cilvələnsin.

Sevda bağçasında güllər təzə-tər,

Eşqin əlləriylə bircəsini dər,

Vüsal qoxusuna ürək bələnsin.

ÇÖL ESKİZLƏRİ

Bu çölün düzündə

quşların səsini

kətana çəkə bilmədim...

Küləyin saxta təbəssümündən

barmaqlarım üşüdü...

Ovcumdakı su kimi

üstümə dağıldı sükut...

Gözlərim rəngləri

naxış-naxış dinləməkdə...

Rənglər sərçə balası kimi

dənlədi baxışlarımı...

Daşların oxuduğu

müğamın üzündəki

şeh damcıları kətanı islatdı...

Lənət şeytana,

həqiqət ağlamağa vaxt tapdı,

bu çölün düzündə...

Rəssam olmadan

ölmək

böyük dərddir, cənab Əzrayıl...

Nə yaxsı

rənglərin edam oldugu yerdə

hələ də papağını

çıxarıb keçir AZADLIQ sözü...

PƏNCƏRƏ

Şeir gözlüm,misra-misra susursan,

Tək sən idin məni xəbər alanım.

Kimə lazım sənsiz qalan bu ömür,

Şeir-şeir qoy başına dolanım.

Mənim səni unutdugum zamanın,

Üzündəki qızartını oxu sən.

Bu həsrətin əllərinə yaxşı bax,

Orda eşqin varı mənəm,yoxu sən.

Bir mələksən,ömrün şeir qoxulu,

Səni sevən bir dəlini bağışla.

Payız gəlib ,doluxsunub ümidim,

Adın üstə yağır soyuq yağışlar...

Göz yaşından köynək geyən sevginin,

Ürəyinə kim dəyibdi,bilirəm.

Mən Allahın imzasını götürüb,

Öpə-öpə yazısını silirəm.

Məhəbbəti ucuzlaşan dünyada,

Duz çevirdim mən adının başına.

Gözlərimin pənçərəsi üşüyür,

Od vur səbrin qurusuna,yaşına.

Keçib getmir gözlərimin buludu,

Göz yaşılarım dərdim üstə çətirdi.

Bu ömürdən çoxdan çixıb gedərdim,

Yaşamağım təkcə sənə xətirdi.

TƏBƏSSÜM

Sən də çıxıb gedərsən,

Günlərin bir günündə.

Arxanca asta-asta ,

Dadı qaçar günün də...

Qanayan yarasına

Qəlbim adını bağlar.

Ayrılığın çiyninə

Başını qoyub aglar.

Ümidin ayaqları

Yollarda don vuracaq.

Həsrət göz yaşlarımla

Saatını quracaq.

Alnımın qırışında

Başlayar qar çovğunu.

Varaqlar misra-misra

Qaçıracaq yuxunu...

Gör neçə çliklənib,

Səsimin təbəssümü.

Belə başlayır, gülüm,

Ömrün həsrət mövsümü...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью