Şənbə üçün nəzm

05.09.2026

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bu qədər uzağıq, bu qədər yaxın,

Səni unutmağa çatarmı vaxtım?

Dolum gözlərinə, qəlbinə axım,

Dilinin kəlməsi, hər sözü olum...

Üzümü görəndə üzün gülərsə,

Bu eşqin qoxusu sənə gələrsə...

Ömrünün gecəsi bir an dilərsə

Ömrünün günəşli gündüzü olum...

Vaxtı düz bölmədik, qalıq saxladıq,

Həsrəti ayıltdıq, oyaq saxladıq...

Dəmir qapıları bərk-bərk bağladıq,

Taxta qapınınmı əzizi olum?

Hicranın çəkisin ölçək, deyirsən -

Ən gözəl yuxusan, gerçək deyilsən.

Sən ki, öz ruhundan göyçək deyilsən,

Qoy sənin ruhunun əkizi olum...

***

Siyah saçın yana düşər,

Od baxışın cana düşər.

Həzin-həzin, qana düşər

Sənin gülüşlərin...

Gah uzaqsan, gah da yaxın,

Arasında varın-yoxun...

Dolur içimə axın-axın

Sənin gülüşlərin...

İçimdədir səbr, dözüm,

Yola baxar sonsuz, gözüm.

İncə-incə, düzüm-düzüm

Sənin gülüşlərin...

Deməsəm də sözü sənə,

Ürək açır özü sənə...

Dayanma, gülümsənə...

Sənin gülüşlərin....

***

O pəncərə tozlu idi,

Sən yaz yağışıtək yudun o çirki...

Sən oldun bu təzə-tər ürəyimin

Arzusu, sevinci, kədəri, ilki...

O pəncərədə qaranlıq,

Sən gəldin-işığa büründü bil ki...

Sən ki, hiss etmədin bu çırpıntımı,

Gözlərim dalınca süründü bil ki...

O pəncərə sınmaq üzrə -

Vəhşi küləklərin içində təkdim,

Hopdun varlığıma bir an içində,

Səni ürəyimə, içimə çəkdim...

İndi pəncərəmdə sənin xəyalın...

İtməz ki, getməz ki, o iyin, qoxun...

Sən də düşündünmü qara gözləri?

Barı xəyalında üzümə toxun...

***

Bir şəklin sehrinə düşüb

Tutub əlimdə saxlaram...

Baxışları ürəyimə

Çilənəcək aram-aram...

Bir şəklin sehrinə düşüb

Titrəyəcək barmaqlar da...

Qəlbimdəki həyəcanlar

Əksin tapar varaqlarda...

Bir şəklin sehrinə düşüb

Qərq olaram min sevincə...

Təbəssümü saçılacaq

Həzin-həzin, incə-incə...

Bir şəklin sehrinə düşüb

Məsafələr qısalacaq...

Sevinc-kədər göz yaşları

Kipriyimdən asılacaq...

Bir şəklin sehrinə düşüb

Əllərini duya bilsəm...

Ay həyatımın sultanı

Gözlərindən doya bilsəm,

Sonra rahat olub ölsəm...

***

Səndən uzaqlarda daha yaxşıyam -

Səndən uzaqlarda daha yaxınsan...

Gəl danışım sənə sənsiz anları -

Gəl mənim ruhuma otur yaxın sən.

Göylərdə izləyib xoş xəyalını,

Fikirlər içində yarışaram mən.

Hər gecə yuxumda qonaq kimisən,

Hər səhər yuxumu danışaram mən.

Bu sonsuz səmada süzmək istərəm,

Həsrət qanad qırar, düşürər məni.

Bu isti havanın, bu isti günün

İsti şüası da üşüdər məni.

Səndən uzaqlarda daha yaxşıyam -

Sevincin, kədərin fərqi olmaz ki...

Sənə ha danışım sənsiz günləri -

“Quyuya ha su tök, quyu dolmaz ki”...

***

Sənə bir az səndən deyim -

Gözlərində səssiz kədər,

Azca, həzin təbəssümün

Zərif olar sənin qədər...

Sənə bir az səndən deyim -

Yanaqların Ay parçası...

Səni qələm yaza bilməz,

Çəkməz rəssamın fırçası...

Sənə bir az səndən deyim-

Ürəyində kin olmaz ki...

Sənlə keçən yuxularım

Sabah-sabah çin olmaz ki...

Sənə bir az səndən deyim -

Hər zərrəndə bir işıq var,

Cismin cazibəsi heçdir -

Ruhunda da yaraşıq var!

Sənə bir az səndən deyim -

Ya danışım ürəyinlə...

Gözlərimlə dediyimi

Şirin nəğmə kimi dinlə...

Samit Nuriyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью