Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
... məni el içində qınadıbsa da
yaramı əliylə qanadıbsa da
atıb gedibsə də, unudubsa da
İlahi, sən özün qoru bu qızı...
susmuşam dənizə su dilində mən
bilirəm suların bu dilin də mən...
durmuşam eşqimin sahilində mən
aparır əğyarın toru bu qızı...
İlahi, sən özün qoru bu qızı...
qoy onun bəxtinin çırağı yansın,
yanan bir ürəkdir uzağı, yansın...
közərən közümlə ocağı yansın
isitsin könlümün qoru bu qızı...
İlahi, sən özün qoru bu qızı...
eybi yox, dərdindən can xəstə qalsın
qalansın dərdlərim üst-üstə qalsın.
İlahi, qoy cavan, növrəstə qalsın,
çıxarma qarşıma qarı bu qızı...
İlahi, sən özün qoru bu qızı...
mənə bir dərd yetir, dərman olmasın,
dərdimi tapmağa loğman olmasın...
məni atdığına peşman olmasın
Özün haqlı çıxart barı bu qızı..
İlahi, nə olar, qoru bu qızı...
***
bir quruyam, tək yanıram
bunca yaşın arasında...
kül oluram neçə-neçə
yad baxışın arasında...
qoymuşdum qəlbimin qəsdən
bir daş altdan, bir daş üstdən...
necə girdin qəlbimə sən
iki daşın arasında?!
dərd yeddi başlı əjdaha,
hamısı gəlib iştaha,
başım itirmişəm daha,
yeddi başın arasında...
hücum çəkib süvaritək
yıxım bu sərt divarı tək...
yuxum qaçır fəraritək
bu savaşın arasında...
kirpiklərin oxdur, gülüm,
düz nişan al, vermə zülm...
bilirəm, yerləşir ölüm
gözlə qaşın arasında...
analar oğlunu baş-göz elədi,
ana, nə durmusan? əl-ayaq elə...
qızımız sizindir deyən xalaya
dur dil-ağız elə, səs-soraq elə...
gözaltı etmişəm o qızı, ana,
göz üstə qaşın var demərəm ona...
öncə göz-qaş elə qız anasına,
sir-sifət edərsə, qaş-qabaq elə...
yox e, mən o qıza yadam, alınmaz,
o dəniz, mən isə odam, alınmaz...
bu məndən qırmızı adam alınmaz,
Allah, özün məni üzüağ elə...
acı çəkilsə də, acı çəkilməz,
taleyim dan yeri ola, sökülməz...
ay uşaq, səmadan ulduz tökülməz,
az bu göy üzünü daşqalaq elə...
qapılma bu dərdə, gəldi-gedərdi,
bu səhnə, bu pərdə gəldi-gedərdi.
elə bu şəhər də gəldi-gedərdi,
mən qonaq gəlmişəm bu qonaq elə...
***
fənər tut hər kəsin üzünə bir-bir,
aman ver, axtarım tapım özümü...
ömür vaxtı deyil bu darmacalda
zaman ver, axtarım tapım özümü...
yox ikən var oldum, var isəm, yoxam,
özümə çatmağa atılmış oxam,
qorxuram səhv düşəm, yadımdan çıxam,
nişan ver, axtarım tapım özümü...
ən üstdə bir ev var-qapısı altda,
durmuşam o evin çatısı altda...
itmişəm alnımın yazısı altda,
pozan ver, axtarım tapım özümü...
***
mən bir günəbaxan olsam günəbaxanlar cərgəsində,
pozaram bu qayidəni...
sənə baxaram...
pozuram bu qafiyəni,
mən günəbaxan deyiləm,
“sənəbaxanam”...
insanın yerəbaxanı
kişinin falabaxanı,
qadının qarayaxanı
xəstənin ələbaxanı,
ürəyin sözəbaxanı aciz olur...
mən nə yerəbaxanam,
nə günəbaxan...
mən sənəbaxanam...
sən günəşdən gözəlsən,
sən günəşdən günəşsən!
mən nə dostun başa,
nə düşmənin ayağa baxanıyam...
baxışım bayquş baxışının kəskinliyi...
özüm gözdən uzaq xarabaxanayam...
mən nə itin ulduza hürəni,
nə yetimin gözəgirəni,
nə də insanın uzaqgörəniyəm...
sevginin gözünün kor olduğu dünyanın
kor bucağından kor-peşman,
lal-peşman sənə baxıram...
Ceyhun Ötkəm