Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Darısallıq Uzun illər sıxdı məni: gah çəkmələrim - bəzən uzunu, bəzən eni ilə, Gah ötüb keçən ilə təəssüfüm. Gah ümidim, yeni ilə.
Gah dünyanın dərdi, qəmi sıxdı məni, gah corablarımın boğazı, Gah alçaq buludların qalın pərdəsi; Gah bir nadan qələmindən tökülən yazı.
Gah avtomat qələmin bahalığı. Gah sözün ucuzluğu. Gah köynəyimin yaxalığı. Qırıb çıxmaq istədim “olar”, olmaz” çərçivəsindən.
Dedilər yox, yox! Dəblərə, qaydalara gir! Vərdişləri, adətləri gözlə! Sığallı dillə yaz! Sıxdılar məni, maddələrlə, sözlərlə...
İş otağım on iki metr yarım. Altısında mən, yazı masam, həsrətim, ümidim. Sabir. Heminquey. Tavandan süzülən damcıların izi.
Bricid Bordonun bığsız, pişik üzü. Falk, Mikayıl, Tağı, Bəhlulun nəvəsi. İlk sırada olmaq və qalmaq həvəsi. Altı metr belə.
Altı yarım: kitablar, kitablar, kitablarım. Pəncərələr sıxdı məni uzunsov dördbucaqda göstərib küçənin evlərlə sərhədlənmiş yarğanını.