Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda minlərlə ailənin yaşadığı sənədsiz evlərin hüquqi statusu hələ də həllini tapmayıb. Son illərdə bu tikililərin leqallaşdırılması məsələsi gündəmdə olsa da, prosesin nə vaxt və hansı mexanizm əsasında başlayacağı ilə bağlı konkretlik yoxdur.
Bəs sənədsiz evlərin leqallaşdırılması niyə ləngiyir və problemin həlli üçün hansı hüquqi addımlar atılmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, sənədsiz evlərin leqallaşdırılması məsələsi artıq son üç ilin əsas müzakirə mövzularından biridir.
“Leqallaşdırma ilə bağlı heç bir rəsmi açıqlama olmayıb. Torpaq islahatı ilə bağlı qərar verilib. Amma ölkədə qanunsuz tikililərin leqallaşdırılması prosesinin başlanması ilə bağlı əsas verilməyib”, – deyə ekspert qeyd edib.
Elnur Azadovun sözlərinə görə, prosesin ləngiməsinin əsas səbəblərindən biri heç bir sənədi olmayan evlərin birbaşa leqallaşdırılması üçün müvafiq hüquqi-normativ bazanın mövcud olmamasıdır.
“Ümumiyyətlə, heç bir sənədi olmayan evlərin birbaşa leqallaşdırılması ilə bağlı ölkəmizdə hüquqi-normativ baza yoxdur. Bununla bağlı qanunlar hazırlanmalıdır və müvafiq hüquqi-normativ baza formalaşdırılmalıdır. Gələcəkdə qanunsuz evlərin tanınması ilə bağlı mərhələli iş aparılmalıdır”, – deyə Elnur Azadov vurğulayıb.
Ekspertin fikrincə, sənədsiz evlərin leqallaşdırılması üçün ilk növbədə hüquqi mexanizmlər hazırlanmalı, daha sonra proses müəyyən meyarlar əsasında mərhələli şəkildə həyata keçirilməlidir.
Beləliklə, heç bir sənədi olmayan evlərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yeni qanunvericilik bazasının yaradılması problemin həlli istiqamətində əsas şərtlərdən biri olaraq qalır.
Aynurə İsmayıl
KONKRET.az