Sənədsiz tikililərə verilən çıxarışların sayı açıqlandı

29.01.2026

Icma.az, Azpost saytına istinadən bildirir.

“Özbaşına tikinti qanunvericiliyi və tikinti qaydalarını pozaraq aparılan tikinti işləridir. Özbaşına tikililərin sənədləşməsinə qanunla qadağalar var. Biz icra strukturuyuq. Qanunvericilik bununla bağlı tənzimlənməni müəyyən etdikdən sonra ona uyğun olaraq torpağa, tikintiyə dair heç bir sənədi olmadan tikilən fərdi yaşayış evlərinə və obyektlərə sənədlərin verilməsi məsələsinə baxıla bilər”.

AzPost “Vergilər” portalına istinadən bildirir ki, bu sözləri Bakı şəhəri və ətraf ərazilərdəki qanunsuz tikililər barədə danışarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova deyib. O bildirib ki, bununla bağlı müvafiq qanunvericilik aktlarının olmaması həmin tikililərin sənədləşməsini mümkünsüz edir: “Təxmini hesablamalara görə, hazırda 400-500 min civarında sənədləşməsi mümkün olmayan ev var. Bunun statistikasını tam vermək üçün genişmiqyaslı invertarlaşma işi həyata keçirilməlidir. Qeyri-yaşayış sahələrinin sənəldəşməsi ilə bağlı müraciətlərdən belə nəticəyə gəlmək olar ki, sənədsiz olan yaşayış sahələri onlardan 10 dəfə çoxdur”.

N.Alimova Prezident İlham Əliyevin 14 iyun 2023-cü il tarixli 2181 saylı “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı nəticələri də açıqlayıb. Onun sözlərinə görə, bunu qeyri-yaşayış sahələrinə amnistiya sənədi kimi də qəbul etmək olar: “Fərmanın icrasından ötən müddət ərzində 23 min 587 müraciətin icrası təmin edilib. Qeyri-yaşayış sahələrinin sənədləşməsi ilə bağlı 5 min 260 şəxsin sənədi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə daxil olub. Onlardan 4 min 602 ədədinə çıxarış verilib. Digərləri icra mərhələsindədir”.

Hazırda icrada 18 mindən çox müraciətin olduğunu deyən N.Alimova aidiyyatı qurumların rəyləri verildikdən sonra onların sənədləşməsinə qərar verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə göndəriləcəyini deyib: “Artıq fərmanın müddəti bitib və sənədlərin qəbulu dayandırılıb. Təxminən 16 minə yaxın ərizə var. Onların icrasını həyata keçiririk. Amma sənəd qəbulu üçün müddət növbəti dövrə uzadılmayacaq. Çünki kifayət qədər uzun müddət verilib”.

N.Alimova əlavə edib ki, araşdırmalarla həmin qeyri-yaşayış sahələrinin böyük əksəriyyətinin ya ümumi istifadədə olan torpaq sahələrində, ya da mühafizə zonalarında tikildiyi məlum olub. Ona görə də onların sənədləşdirilməsi mümkün olmayıb. Onlar tikinti və istismara icra sənədi ala bilməyiblər: “İndiki mərhələdə başa düşməliyik ki, istənilən növ amnistiya təşviq xarakterli olmamalıdır. Artıq vətəndaşlar başa düşməlidirlər ki, özbaşına tikili aparmaq olmaz. Bu, qanunla qadağandır və ona sənədləşmədə, kommunal xidmətlərə qoşulmada problem yaradacaq. Bütün bunlar cəmiyyətə tam aşılandıqdan sonra və ölkədə qanunsuz tikililərin tendensiyası tam azaldıqdan sonra çox güman ki, onların sənədləşməsi ilə bağlı məsələyə baxılacaq. Biz də icraçı struktur olaraq bu tənzimetməyə uyğun hərəkət edəcəyik”.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью