Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İdman Arbitraj Məhkəməsi (CAS) 2025-ci ildə Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun finalı ilə bağlı Seneqal Futbol Federasiyasının apellyasiyasını təmin edib.
Bakıvaxtı.az xəbər verir ki, CAS Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsinin Seneqal millisinə texniki məğlubiyyət verilməsi barədə qərarını ləğv edib və CAF-ın İntizam Komitəsinin əvvəlki qərarını qüvvədə saxlayıb. Beləliklə, finalda qeydə alınan 1:0 hesabı ilə Seneqalın qələbəsi bərpa olunub.
Seneqal Futbol Federasiyası apellyasiyasında final matçının baş hakimi Jan-Jak Ndala Nqambonun 109-cu dəqiqədə (90+19) oyunu bərpa etmək qərarının dəyişdirilməməli olduğunu bildirib. Federasiyadan bildirilib ki, bu qərar hakimlərin birbaşa oyun zamanı qəbul etdikləri qərarların yenidən nəzərdən keçirilməməsini nəzərdə tutan “field of play” doktrinasına aiddir.
Mərakeş Kral Futbol Federasiyası isə bu fikirlə razılaşmayıb. Mərakeş tərəfi Seneqal futbolçularının bir müddət meydanı tərk etməklə Afrika Millətlər Kubokunun reqlamentinin 82-ci və 84-cü maddələrini pozduğunu bildirib. Federasiyanın mövqeyinə görə, hakim bu səbəbdən oyunu dayandırmalı idi və onun qarşılaşmanı davam etdirmək qərarı düzgün olmayıb.
Tərəflərin arqumentlərini araşdıran arbitraj kollegiyası hakimin oyunu bərpa etmək və ya tamamilə dayandırmaq qərarını öz səlahiyyətləri çərçivəsində qəbul etdiyi qənaətinə gəlib. Bildirilib ki, hakim oyunu davam etdirmək qərarı verərkən hər iki komandanın meydana qayıtdığını və qarşılaşmanı davam etdirməyə hazır olduğunu nəzərə alıb.
Kollegiya hesab edib ki, hakimin qərarı yalnız oyun meydançasında baş verən hadisələrlə bağlı olub və buna görə də “field of play” doktrinasına daxildir. Qeyd olunub ki, reqlamentin 82-ci və 84-cü maddələri yalnız komandalardan birinin davranışı səbəbindən hakimin oyunu tamamilə dayandırdığı hallarda tətbiq edilir. Bu işdə isə həmin şərtlər olmayıb.
CAS, həmçinin hakimin hüquqi səhvə yol vermədiyini bildirib. Qərarda vurğulanıb ki, hakim qarşılaşma zamanı gərgin şəraitdə qərar qəbul etsə də, bu, onun hərəkətlərini özbaşına hesab etmək üçün əsas deyil. Hakimin qərarına oyundan kənar amillərin təsir göstərdiyinə dair də sübut olmayıb. CAS-ın qərarı yekdilliklə qəbul edilib.
Qeyd edək ki, “field of play” doktrinasına əsasən, hakimlərin oyun zamanı meydanda qəbul etdikləri qərarlar, onların özbaşına və ya vicdansız şəkildə hərəkət etdikləri sübuta yetirilmədiyi halda, yenidən nəzərdən keçirilmir.