Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Azərbaycan mədəniyyəti tarixinə adları qızıl hərflərlə yazılmış sənətkarların yubileylərini qeyd edərkən, ilk növbədə, onların incəsənət xəzinəmizə bəxş etdiyi sənət incilərinə nəzər salırıq. Milli rəssamlıq sənətimizdə lirik peyzajların, ecazkar portretlərin mahir ustası Azərbaycanın xalq rəssamı Xalidə Səfərovanın 100 illik yubileyi onun rəngarəng sənət dünyasına səyahət etmək üçün əvəzsiz fürsətdir.
Xalidə Ələkbər qızı Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində dünyaya göz açıb. Uşaq yaşlarından rəsm çəkməyə olan böyük həvəsi və yaradıcılıq eşqi rəssamı heç vaxt tərk etməmişdi. Bakı Rəssamlıq Məktəbinə daxil olmağın sevincini yaşayan rəssam qısa müddət sonra ağır sınaqlarla üzləşmişdi. Böyük Vətən müharibəsinin açdığı yaralar və valideynlərinin repressiyaya məruz qalması kimi ağır zərbələr onun taleyindən yan keçməmişdi. Bütün bu mənəvi sıxıntılar rəssamı sındıra bilməmiş o, ən çətin illərdə belə fırçasını yerə qoymamış, sənətinə olan sadiqliyini və yaradıcılıq əzmini qoruyub saxlamağı bacarmışdı.
Ötən əsrin ortalarında Azərbaycan təsviri sənətinə parlaq imza ilə daxil olan Xalidə Səfərova özünəməxsus yaradıcılıq yolu və dəst-xətti ilə rəssamlıq sənətimizdə silinməz izlər qoyub. O dövrün sənət aləmindəki çətinliklərinə baxmayaraq rəssam öz daxili gücü, zərif ruhu və sənətinə olan sonsuz sevgisi ilə fərqlənirdi. Rəssam həyatda və sənət yolunda ömür-gün yoldaşı olan görkəmli rəssam Mahmud Tağıyev ilə birlikdə addımlayırdı. Hər iki sənətkar arasındakı qarşılıqlı sənət bağlılığı onların birlikdə peşəkar rəssam kimi formalaşmasına böyük fayda vermişdi.
Azərbaycanın müxtəlif bölgələrini, ucqar kəndlərini Mahmud Tağıyev ilə birlikdə qarış-qarış gəzən Xalidə Səfərova gördüyü hər mənzərəni böyük bir poeziyaya çevirmişdi. Doğma yurdun təbiətini, dağlarını, yaşıllıqlarını böyük həvəslə rəsm edən rəssamın əsərlərində torpağa olan bağlılığı açıq şəkildə duyulurdu. Sənətkarın təbiətə sadəcə bir müşahidəçi kimi deyil, sanki onun bir parçası kimi yanaşması onu hər bir mənzərəni yaradarkən torpağın nəbzini hiss etməyə, onunla nəfəs almağa sövq edirdi. Küləyin titrətdiyi yaşıl, qızılı yarpaqların xışıltısı, qayaların qoynunda axan çayların şırıltısı, səmanın dəyişən rəngi rəssamın fırçasında doğma yurdun əbədi nəğməsinə çevrilirdi.
1947-ci ildə Xalidə Səfərovanın həyat yoldaşı ilə birgə təşkil olunan sərgisində təqdim etdiyi mənzərə rəsmləri realist üslubu, gözəlliyi, təbii rəng çalarları ilə dövrün digər bacarıqlı rəssamlarının əsərlərindən seçilirdi. “Göldə səhər”, “Gəmilər dənizdə”, “Kəndin qırağında” kimi mənzərə rəsmləri rəssamın lirik duyumunu bütün incəliyi ilə üzə çıxarır.
Xalidə Səfərova əsərlərində təkcə doğma yurdun təbiət mənzərələrini deyil, həm də kənd zəhmətkeşlərinin, o dövrün qəhrəman fəhlə və neftçilərinin həyatını, onların əməyə olan sevgisini böyük ilhamla əbədiləşdirirdi. Rəssam neft mədənlərinə tez-tez yaradıcılıq səfərləri etmiş, zəhmətkeş, əli qabarlı insanları yaxından tanımış, onların gərgin əməyini və polad iradəsini öz fırçası ilə kətan üzərinə köçürmüşdü. Xəzəri fəth edən bu qəhrəmanlara olan yüksək ehtiramından çıxış edən rəssam “Neftçi”, “Başqa nəsil” kimi əsərləri böyük ruh yüksəkliyi ilə yaratmışdır.
Xalidə Səfərovanın əsərlərinə baxarkən dərhal hiss olunan mühüm cəhətlər var. Böyük ürəkli sənətkarın səmimiyyəti və həyatsevərliyi. Onun üçün sənət sadəcə gördüyünü kətana köçürmək deyil, qəhrəmanlarının ruhundan süzülən duyğuları tamaşaçıya ötürmək idi. Rəssam xalça toxuyan Azərbaycan qadınlarının qürurlu simasını, onların əllərinin istisini və daxili işığını böyük məhəbbətlə əbədiləşdirib. “Günəşli diyar”, “Bağda”, “Üzün yığımı”, “Limon yığanlar” kimi əsərlərdə isə xoş əhval-ruhiyyəli, fərəhli obrazlar bol məhsul verən bağlarda təsvir olunmuşlar. Əmək prosesi zamanı təsvir edilən qəhrəmanların bellərindəki qurşaq, başlarındakı çalma və papaqlar, geyimlərini bəzəyən milli naxışlar dəqiqliklə fırçaya alınmışdır. Rəssamın ekspressiv yanaşması ilə milli ruhunun vəhdəti duyulan bu əsərləri onun sənət axtarışlarının yeni və parlaq ifadə formasına çevrilmişdi.
Milli ruha bağlılıq Xalidə Səfərovanın ürəyində hələ uşaq yaşlarından kök salmışdı. Rəssamın Azərbaycan poeziyasına və milli musiqisinə olan dərin sevgisi onu ömrü boyu bir an olsun tərk etməmişdi. Beləcə, rəssam Nizami Gəncəvinin əsərləri mövzusunda diplom işi hazırlayır. Rəssamın ifadəli obrazlar yaratmaq istedadını onun “Xəmsə” mövzulu illüstrasiyalar silsiləsində də izləmək olur. Böyük məhəbbətlə, əzəmətli, saf rənglərlə yaranmış bu əsərlər Praqada, Parisdə keçirilən festivallarda nümayiş etdirilmişdir.
Xalidə Səfərovanın 1960-cı illərdə Moskvada keçirilən və dövrü üçün aktual olan idman mövzulu sərgilərə təqdim etdiyi “Velosiped yarışı”, “Məşqə hazırlıq” kimi bir çox əsəri onun gərgin yaradıcılıq axtarışlarının parlaq təzahürü idi. Məhz bu yaradıcılıq axtarışları və sənətkar həvəsi rəssamı milli köklərimizə bağlayaraq bənzərsiz “Çövkən” silsilə tablolarını ərsəyə gətirməyə sövq etmişdi. Gümrah, gərgin ovqatlı atları və çaparları müxtəlif rakurslardan təsvir etmək rəssamdan böyük məharət tələb edirdi. İstər kağız üzərində qarışıq texnika ilə, istərsə də kətan üzərində yağlı boya ilə işlənmiş bu əsərlərdə qədim milli oyunumuzun coşqusu bütün canlılığı ilə əks olunmuşdur.
Xalidə Səfərova yaradıcılığında xüsusi bir mərhələni təşkil edən natürmort əsərlərində xüsusilə güllərə, yazın təravətini, torpağın oyanışını və rəngarəngliyini daşıyan süsənlərə, lalələrə, yasəmənlərə, çöl çiçəklərinə üstünlük verirdi. Çiçəklər onun əsərlərində sadəcə təbiətin bir parçası deyil, rəssamın daxili dünyasının, zərif duyğularının və estetik zövqünün tərcüməçisi idi. Rəssam bəzən natürmort ilə mənzərə janrını elə ecazkar bir vəhdətdə birləşdirirdi ki, əsər sadəcə çiçəklərin təsvirindən çıxıb nəfəs alan canlı bir mühitə çevrilirdi. Rəssam “Gül dükanı” adlı əsərində işıqlı bir səhər vaxtını, küçənin oyanışını və min bir rəngə bürünmüş gül dəstələrinin zərif ətrinin yayıldığı bir məkanı canlandırmışdır.
Xalidə Səfərova üçün sehrinə qapıldığı Paris xüsusi bir sevginin, ilham mənbəyinin ünvanı idi. Bu ecazkar şəhərə olan böyük məhəbbətini o, müxtəlif illərdə çəkdiyi “Paris. Mulen Ruj”, “Parisdə axşam”, “Notr Dam kilsəsi”, “Eyfel qülləsi” kimi tablolarında böyük həvəslə canlandırmışdır.
Xalidə Səfərovanın zəngin yaradıcılığı bu gün də Azərbaycan incəsənətinin dəyərli irsi kimi yaşadılır. Onun yaratdığı əsərlər gənc rəssamlar nəsli üçün həm peşəkarlıq, həm də sənətə sədaqət nümunələridir. Rəssamın əsərləri Azərbaycanın və digər ölkələrin nüfuzlu muzeylərində, eləcə də şəxsi kolleksiyalarda saxlanılır.
Kim bilir, Xalidə Səfərovanın sənətkar təfəkküründə yaratmaq istədiyi daha neçə-neçə əsərləri vardı. Bəlkə də onun ən heyranedici əsərini yaratmaq eşqi elə ürəyində közərərək qaldı, kətana köçürülüb əbədiləşə bilmədi. Bu gün rəssamın 100 illik yubileyi ərəfəsində onun əziz xatirəsini yad edərkən bir daha əmin oluruq ki, yalnız həqiqi sənət zamanın hüdudlarını aşır. Rəssamın kətanlara köçürdüyü bənzərsiz gözəlliklər bu gün də bizim estetik baxışlarımızı zənginləşdirir. Ruhunuz şad olsun, Böyük Sənətkar!
Şəmsiyyə Zalova
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşı
Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü