Sənət taleyini özü yazan İftixar

27.01.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 yanvar, AZƏRTAC

Uzun müddət ərzində müxtəlif media platformalarında elmi-tənqidi və publisistik baxışlarını, aktyor-rejissor kimi televiziya, həmçinin digər kontentlərdə yayımlanan sənət nümunələrini izlədiyim yazıçı-dramaturq, şair-publisist İftixarı müxtəlif janrlarda yazdığı ədəbi nümunələrdən, daşıyıcısı olduğu dəyərlərin fonundakı portret cizgilərindən qiyabi tanımışam.

Sonralar tələbə yoldaşım, Azərbaycan Dövlət Televiziyasının Uşaq, gənclik və hərbi-vətənpərvərlik Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışmış Firuz Novruzovun təqdimatında şəxsi münasibətin yarandığı İftixarın imzasını mütəmadi olaraq izləmişəm.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Filologiya elmləri və Pedaqogika üzrə Ekspert Şurasının sədri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Sənət taleyini özü yazan İftixar” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

İftixar Piriyevlə əyani tanışlığımızın başlanğıcında o, ədəbiyyat üzrə 60-cı illərin nobelçisi Mixail Şoloxovun dediyi kimi, yaddaşında cəmləşdirdiyi məlumatları əlaqələndirib tətbiqetmə bacarığı ilə diqqətimi cəlb etdi. Onun erudisiyası- bilgilərindən ayrı-ayrı sahələr üzrə konkret nəticələr çıxarma qabiliyyəti müəllifi olduğu bütün yazılarında müşahidə olunurdu. İftixara xas olan analitik qabiliyyət, məlumatı strukturlaşdırmaq, onu hissələrə bölmək, nəticələri tənqidi şəkildə qiymətləndirmək keyfiyyətləri məsələnin qoyuluşuna sistemli yanaşma, detallara diqqət və ancaq onun üslubunu formalaşdırmır, mövzusunu məntiqlə davam etdirmək imkanı verir.

Dövlət İncəsənət Universitetinin Dram və Kino aktyorluğu fakültəsini uğurla bitirdikdən sonra aktyorluq karyerasını Milli Akademik Teatrın səhnəsində başlayan İftixarın canlandırdığı rolları teatr səhnəsində nadir hallarda izləyə bilsəm də, onun iştirak etdiyi tamaşalara müxtəlif televiziyalardan baxmağım məndə həmin tamaşalar haqqında kifayət qədər təəssürat yarada bilib. Onun oynadığı tamaşaların spektri genişdir: istər Uilyam Şeksprin "Kral Lir"ində Edqar, istərsə də Səməd Vurğunun "Vaqif"indəki Əlibəy, yaxud Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu"ndakı Niftalı, Anarın "Sizi deyib gəlmişəm"indəki Vəliqulu, Saday Budaqlının "Közərən evin işıqları"ndakı Əsgər, Əlibala Hacızadənin "İtkin gəlin"indəki Əbdül obrazlarının yaradımasında aktyorluq sənətinin bütün elementlərini müşahidə etmək olar. Xatırlatma üçün qeyd edək ki, həmin rollar onun aktyor yaradıcılığının birinci mərhələsini əhatə edirdi və onlar yaradıcılığın ikinci mərhələsində daha böyük uğurlar üçün “hazırlıq meydançası”na çevrilmişdi. Bu və sonrakı yaradıcılıq nümunələrində İftixar, səhnə personajını inandırıcı şəkildə yaratmaq və yaşamaq üçün bir sıra özünəməxsus texnika və bacarıqları toplusu olan transformasiya sərgiləyir: səs, bədən, emosiyalar ustalığı, tərəfdaşlar və tamaşaçılarla qarşılıqlı əlaqəqurma bacarığı bu faktorarı şərtləndirir.

Aktyor İftixar oynadığı rolların ancaq vizual tərəflərini deyil, mahiyyətini, onların həyat dramını, o dramın fəlsəfəsini auditoriyasına çatdırmağı sənətinin başlıca vəzifəsi hesab edir və bu kontektdə onun qazandığı uğurların sirrini açmaq olur.

Həmişə mənə elə gəlib ki, rejissorluq sənəti təkcə tamaşanın həllini bədii və konseptual şəkildə təşkil etmək deyil, o, bir konsepsiyanı vahid, tam bir obraza çevirmək və aktyor, dramaturq, ya ssenarist, rəssam, operator, dizayner və digər mütəxəssislərin işini birləşdirərək buna nail olmaq üçün yaradıcı prosesi idarə etmək sənətidir. Sadə dillə desək, bu, tamaşaçıya maraqlı olması üçün istehsalın bütün komponentlərini, kamera bucaqlarından və işıqlandırmadan ritmə, emosiyalara qədər "idarə etmək"dir.

İftixarın keçdiyi yaradıcılıq yolu onun “xoş ulduz altında doğulduğunun” təsdiqi sayıla bilər.

Yaradıcılığını aktyor kimi başlayan sənət adamları rejissorluğa keçid qapısından ayaqlarını kandara tərəf atandan aktyorların psixologiyasını dərindən anlamaq, atmosferik məkan yaratmaq bacarığı və bədii konsepsiyaları müstəqil şəkildə həyata keçirməklə içəriyə qədəm basırlar. Bu, ancaq sənətə komplekssiz deyil, yaradıcılıq potensialı ilə daxil olmaqdır. Həmin proseslərdən keçərək rejissorluğa gələn şəxslər tapşırıqları daha dəqiq formalaşdırır, komandanı daha effektiv idarə edir və əsasən, nəticədə yaradıcılıq potensialını reallaşdıra bilir. Aktyorluq təcrübəsi sayəsində rejissor, aktyora rolun tələblərini başa düşməyə necə kömək edəcəyini dəqiq bilir, nəticədə o, daha yüksək keyfiyyətli performans təmin etməyə nail olur. Üstəlik, əvvəllər qazanılaraq inkişaf etdirilən empatiya bacarıqları personajların hisslərini daha dərindən aşkar etməyə və atmosferik məkan yaratmağa kömək edir, layihəni vahid şəkildə görmək, yalnız rollarını deyil, ritmi, tempi və emosional məzmunu idarə etmək bacarığını reallaşdırmağa impuls verir. Bu keçid, aktyorluq təcrübəsindən bəhrələnməklə rejissora mükəmməl sənət əsəri yaratmaq üçün ideyalarını reallaşdırmaq, son nəticəyə nəzarət etmək və unikal bədii sənət nümunələri yaratmaq imkanı qazandrır. Dramaturgiyanın əsaslarını dərindən anlamaqla aktyorluqdan rejissorluq sənətinə gələn İftixar ona görədir ki, tez-tez həyatının “keçid” mərhələsini nəzərdə tutaraq "Mənim üçün "güclü" və ya "zəif" aktyor anlayışı yoxdur"- deyir.

İftixar Piriyevin rejissor taleyindəki uğurlarını- “İşıqlı, nurlu sabah”, “Soyqırımı tarixinin dastanı”, “Azərbaycan bayrağı”, “Qurtuluş”, “Siluet” və digər quruluş verdiyi tamaşaların publika tərəfindən qəbul edilməsini bu amillərlə izah etmək olar.

Nədənsə mənə həmişə elə gəlib ki, dramaturq-şair-yazıçı-rejissor haqqında esse çoxşaxəli yaradıcı şəxsiyyət haqqında bir düşüncədir. Burada müəllif yalnız mətni yaratmır, həm də onu canlandırır, pyesin və ya filmin obrazını sözlərdən son akta qədər bütövlükdə təsəvvür edir, kağız üzərində dünyanın yaradılmasından səhnədə və ya ekranda fiziki təcəssümünə keçir, burada şair metaforalara dərinlik verir, dramaturq münaqişənin strukturunu, yazıçı hekayənin bütövlüyünü, rejissor isə vizyon vəhdətini təqdim etməklə mətni canlı sənətə çevirir.

İftixarın dramaturgiyasında rastlaşdığımız İnsan obrazı Allahın yaratdığı insanın özü qədər təbiidir və o obrazda qeyri-səmimi yanaşmalar yox, ironiya, sitat, janr qarışığı və oxucu ilə "oyun"la xarakterizə olunan, tərəqqidən məyusluq və vahid həqiqətin olmamasını əks etdirən kifayət qədər elementlər tapmaq mümkündür. O, klassizm və realizmdən qaçmır, lakin didaktikliyi və obyektivliyi rədd etməsi, məna axtarışını yaxına buraxmaması ilə modernizmdən fərqlənir. Həyata ciddi münasibəti fonunda oynaq formaya meyl etməsi isə müəllifin özünəinamı ilə ciddi ədəbiyyat hadisələrinin yaranmasına impuls verir. Bu ədəbiyyat hadisələrinin fraqmentasiya və xaosunda xətti süjetin, strukturun və məntiqin rədd edilməsi görünsə də, dramaturq elit və kütləvi mədəniyyət arasında sərhədlərin olmamasının qeydinə qalmaqla oxucusunu müəllif emalatxanasına- onun emosiyalarının iştirakıyla birgə yaradıcılığa cəlb edir, onun maraqlarını axtarışa çevirməklə "dördüncü divar”ı uçurmağı bacarır.

Dramaturq bunları reallığın obyektiv təsvirinə çalışmaqla özünəməxsus səbrlə hazırladığı uydurma və reallığın qarışığını ortaya qoyur, nəticədə ancaq parodoksal iki rəng- ağ, ya qara axtaranlara belə bir axtarışın mənasızlığını çatdırır. Bu, ilk baxışda məntiqli və doğru görünən fikirlər və mühakimələrin ziddiyyətli, absurd və ya gözlənilməz bir nəticəyə gətirib çıxarması, həm doğru, həm də yanlış kimi görünən vəziyyətdir. Nəticə, rejissorun məsələni klassik məntiqə zidd, qarışıq, “əks-düşüncə” və ya çətin açılan düyün mənasına gətirilməsi ilə tamamlanır, tamaşaçı mühakimənin həm doğru, həm də yalan olduğunu eyni anda sübut edilməsinin iştirakçısı olur.

Ona görədir ki, İftixar bütün rakurslardan baxdıqda necə var, eləcə, olduğu kimi görünür. Həmin görüntüdə, xüsusilə ictimai-siyasi hadisələrə ümumazərbaycançılıq sərhədlərindən daha geniş müstəvidə, əsasında türkçülüyün dayandığı turançılıq ideologiyasından baxsa da o, bəşəri dəyərlərin daşıyıcısı olaraq qalır. Müəllifin “Qurtuluş dastanı”nı yaratması bu baxışların bucağından ancaq dünənimizə deyil, sabaha baxışdır. Bunun üçün də əminliklə deyə bilərik ki, “Qurtuluş dastanı” ilk baxışda Ümummilli Lider Heydər Əliyevin deyil, ayaq üstə dayanandan yaxın tariximizə qədər gəldiyi yolda addım atan, yeriyən, yüyürən, yıxıldıqdan sonra qalxmaq üçün özündə güc taparaq bir də gələcəyə üz tutan bir xalqın dastanıdır.

Bunu, ancaq “Qurtuluş dastanı”nın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, dramaturq İftixarın pyeslərindəki məzmun və ilk baxışda sezilməyən ideologiyada, “görünməz” olsa da süjet xətti boyu hiss etdirilən, “tipik şəraitin yaratdığı tipik obrazları” ilə özünəməxsus üslubun yaradıcısı Cəfər Cabbarlının sənətkarlıq maneralarına yaxın “ötürmələri”in zərif taktikasında xüsusilə görmək mümkündür.

Onun “Qurtuluş dastanı”, “İşıqlı, nurlu sabah”, “Soyqırımı tarixinin dastanı” “Nurlu ömrün anları”, “Qalx ayağa, Azərbaycan!”, “Azərbaycan bayrağı”, “Qurtuluş”, “Osman və Süsən- Qanlı qızıl toy”, “Haqq mənəm” və digər dram əsərləri buna görədir ki, ancaq ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrindəki teatr repertuarlarında yer ala bilib.

Yeri gəlmişkən, poetika klassik dramaturgiyanın daimi və uzunmüddətli yoldaşı olub, lakin bu gün poetikanın dramaturgiyada nadir hallarda, lakin canlı şəkildə alovlandığını və o alov dillərinin İftixarın dram əsərlərində heç də ara-sıra görünmədiyinin şahidi oluruq.

Bu, gündəlik metafizik səviyyəyə qaldıran bir hərəkatdır. Hər hansı layiqli postmodernizm kimi, yeni dastan da folklor ənənələrinin fraqmentarıdır. Poetik dramatik mətnin əsas xüsusiyyətlərindən birini vurğulamaq üçün, mənə bəzən elə gəlir ki, "fraqmentar" ifadəsi "lakonik" ilə əvəz olunmalıdır. Bu, təqdim olunduğu kimi, təmizlənmiş bir mətndir: doldurucu sözlərə, müəllif qeydlərinə, personajların görünüşü və geyimlərinin təsvirlərinə, izləyiciyə harada və hansı ərazidə olduqları barədə xəbərdarlığa ehtiyac qalmır.

Mətn, oxucunu heç nəyə inandırmağa çalışmır, qəhrəmanın davranışını təhlil etmir və ona qiymət vermir, sadəcə yaratdığı mənzərəni təqdim edir. Oxucunun diqqəti, bir qayda olaraq, mətnin alt qatındakı gizli süjeti tanımağa yönəlib.

Həmin “gizli süjet xəttini” İftixarın bədii yaradıcılığının poeziya nümunələrində müşahidə etmək maraqlıdır. O nümunələr “Yaşadığım bu ömür”, “Nə qəribə yuxuymuş”, “Böyük Turanın Himni”, “Müstəqil Vətənin Memarı” kitablarında yer alıb.

Bu şeirlərində İftixar görüb də dərk etdiyi dünyanı hayqırmaqla deyil, pıçıltılı səslə öz qəhrəmanına danışır. Onun sözləri, cümlələri və bütövlükdə özünün formaladırdığı lüğət tərkibi vasitəsilə təhtəlşüurunda yuva salan dünyanın obrazı və xəyali həyat səyahəti qurulur.

İftixarın poeziyası oxucusu və yaxud dinləyicisinə enerji verir. Bu, tikanlı məftil və yaxud görmək istədiyin cazibədar təbiət hadisəsi kimidir, sənə verdiyi ağrıları, ya da heç vaxt unuda bilməyəcəyin nəfis gözəlliyi ilə qəbində yaşayır. İftixarın da iştirak etdiyi, onun şeirləri əsasında hazırlanmış, müxtəlif formatda və platformalarda yayımlanan verilişlərə baxmış və yaxud özünün hazırladığı audio materialları dinləmişəm. Hər dəfə öz sevinci və dərdi ilə baş-başa qalmış, hisslərini tamaşaçısı, yaxud dinləyicisi ilə bölüşən İftixar Piriyevlə deyil, sətirləriylə ancaq müasirlərinə yox, gələcəyə səslənən ozanı eşitdiyinin fərqində olursan.

Bəlkə də buna görədir ki, o, bəzən paradoksal görünsə də, istənilən rejissuranı bütöv və tam sənət əsəri kimi qəbul etmir.

İftixara görə, poeziyanın bətnindəki poetikanı ən mükəmməl rejissor işi belə, açmaqda acizdir. O, belə deyərkən, qədim Ellinin kor dastançısı, Troya savaşının müasiri, poetik-epik janrın mükəmməl yaradıcısı Homerin "Odisseya"sı əsasında, Kristofer Nolanın ssenarisi və rejissorluğu ilə çəkilmiş epik fantastik filmi xatırlayıram. Filmdə Troya müharibəsindən sonra uzun və təhlükəli bir səyahətə çıxan İtaka kralı Odissey rolunu məşhur Met Deymonun canlandırmasına, həmçinin Tom Holland, Enn Heteuey, Robert Pattinson, Lupita Nyonqo, Zendaya, Şarliz Teron və başqa məşhurların həmin filmdə rol almalarına baxmayaraq, kino tənqidçiləri filmin, Homerin əsərində yaratdığı epikliyin və poetikanın ifadə olunmadığı qənaətlərini İftixarın fikrinin təsdiqi olaraq qəbul edirəm.

Yadıma Qabiel Qarsia Markesin 1979-cu ildə, 3 milyon tirajla çap olunan “Literaturnaya qazeta”ya verdiyi müsahibəsindəki suallardan birinə verdiyi cavab düşür.

1982-ci ildə "fantaziya və reallığın birləşərək bütün bir qitənin həyatını və münaqişələrini əks etdirən roman və qısa hekayələrinə görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən kolumbiyalı yazıçı Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” romanının ekranaşdırmaq cəhdlərini xatırlamaq istədim. “Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvini” əks etdirən, ədəbiyyatın ən yüksək nailiyyətlərindən biri olaraq göstərilən, sehrli realist üslubu və tematik mahiyyəti, üslub baxımından modernizm və avanqard cərəyanlarının klassik nümunəsi, nəşr olunduğu gündən bəri 37 dilə tərcümə edilən, 50 milyondan çox nüsxəsi satılan “Yüz ilin tənhalığı” əsasında film çəkmək üçün “Hollivud”dan 9 cəlbedici təklif alan kolumbiyalı yazıçı o təklifləri niyə rədd etdiyinin izahı maraqlı idi. "Literaturnaya qazeta"nın 1979-cu ildə, 17 nömrəli sayında dərc olunan "Qərarımı dəyişdirmədim" adlı müsahibə Markesin düşüncə və yaradıcılığını əks etdirməsi ilə yanaşı əsərlərinin film hüquqlarını “Hollivud”a satmaqdan imtinasının səbəbləri də açıqlanırdı. Kolumbiyalı yazıçı dünya kino sənayesinin mübahisəsiz nəhəng təmsilçisinin romanın ekranlaşdırılması üçün başgicəlləndirici məbləğ təklifi ilə razılaşmamasını oxucularının hisslərinə hörmətsizlik ola bilməsindən ehtiyat edir. Markes, romandakı hər bir obrazın oxucusunun təsəvvüründə yaratdığı qəhrəmana bənzəməyəcəyinə, romanla film arasında adaptasiyasının praktik olaraq mümkün olmadığına əminliklə qərar verir. Bu, ədəbi yaradıcılıqla məşğul olan məhəlli, regional, habelə dünya miqyasında tanınan insanların, demək olar ki, barmaqla sayıla biləcəyi qədərinin qərarı üçün əsas ola bilər.

Hər bir sənət fəlsəfəsinin sərhədlərinə qədər hamının gedib çıxmadığı isə sirr deyil.

Teatr rejissoru səhnənin davamlı məkanı ilə işləyərək "burada və indi" olaraq görünən canlı, unikal bir hərəkət yaradır, hadisələrin gedişatına tamaşaçı diqqəti ilə yanaşılır.

Üstəlik, teatr rejissoru mətni tamaşanın gedişi ərzində şərh edə və yenidən yaza bildiyini unutmayaq.

XXI əsr Azərbaycan teatrında temp real vaxt rejimi ilə, canlı aktyor performansında, səlis məntiq əsasında təqdim olunsa da, ancaq gözlə görünməyən, zaman-zaman ortaya çıxacaq reallıqlar qeyri-səlis, ikili "doğru" və "yalan"dan kənarda, alternativ dəyərləri mümkün olduğu problemin qeyri-müəyyənliyi məntiqidində qəbul edilir. Bu, nəticədə mahiyyətin kulminasiya nöqtəsi, milyonlarla vahidin geniş "Mən"də tamamlanması, hər şeyin kollektiv birlik təzahürünə "varlıq" olaraq birləşməsinin dərkinə çevrilir. Fərd və toplun kamilliyinin avanqard dünyagörüşü icma, birlik, kollektivizm, beynəlmiləlçilik, həmrəylik, yoldaşlıq, kütlə və bir-biri ilə əlaqəli, lakin sinonim olmayan anlayışların dəyərləndirilməsində alqoritmi müəyyənləşdirir. İftixarın quruluş verdiyi tamaşalarda bu xətt- "tamaşaçının teatrın əsas materialına çevrillməsi" son 10-15 ildə rejissor olaraq onun yaradıcılığında əsas xarakterik keyfiyyətlərini üzə çıxarır. Bu məsələnin praktik həlli ilə bağlı suallara tamaşalarında, nəzəri əsaslarını özündə ehtiva olunan cavabları isə "Qeyri-səlis Məntiq və Teatr" və digər monoqrafiyalarında teatr, aktyor və konvensiya sənəti olmaqla qalmır. Teatr, Aristotelin zamanından bəri klassik vəzifəsini və həmin vəzifənin başlıca komponentlərindən birini- auditoriyasına “katarsis yaşadan” duyğusal təmizlənmə prosesini yerinə yetirir.

Bütün bəşəri sənət adamları kimi, İftixar teatra insan tərbiyəsi işində mühüm vasitələrdən biri kimi baxır.

Həmin üzvi bağlılığın məntiqi nəticəsi o oldu ki, XIX əsrin 80-ci illərindən əsası qoyulan İrəvandakı teatr ənənələrini özündə cəmlədirən, bir əsr sonra qaçqınlıq həyatı yaşamağa məhkum olunan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına 2000-ci ildən rəhbərlik etmək İftixar Piriyevin taleyinə yazıldı. Onun, teatrın direktoru kimi fəaliyyət göstərdiyi 25 ildə qədim sənət məbədi böyük uğurlara imza atdı və bu uğurlarda bütün kollektivin və əlbəttə, onun direktorunun müstəsna xidmətləri oldu.

Bu günlərdə anadan olmasının 65 illiyini qeyd edən Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin görəcəyi kifayət qədər işlər var və inanırıq ki, bu işləri görməyə macal tapacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью