Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Xalid Mustafayevin əziz xatirəsinə
Bəzi insanlar var ki, ömürlərini yalnız yaşamaqla kifayətlənmir, özlərindən sonra gələcək nəsillərə işıqlı bir yol, silinməz iz, unudulmaz xatirə qoyub gedirlər. Onların adı çəkiləndə göz önündə təkcə bir insanın ömür yolu deyil, həm də qurub-yaratdıqları, yetişdirdikləri, sevdikləri sənət və insanlara bəxş etdikləri mənəvi sərvət canlanır. Belə insanlar zamanın fövqünə yüksəlir, xatirələrdə yaşayır, yaratdıqları ilə ömürlərini davam etdirirlər. Gəncə mədəniyyətinin inkişafında özünəməxsus iz qoymuş, ömrünü musiqiyə, incəsənətə və gənc istedadların yetişməsinə həsr etmiş Xalid Ərşad oğlu Mustafayev də məhz belə şəxsiyyətlərdən idi.
Xalid Mustafayev 1956-cı il oktyabrın 17-də Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində dünyaya göz açmışdı. Onun uşaqlıq və gənclik illəri musiqiyə böyük maraq, sənətə sonsuz məhəbbət və gələcəyə uzanan arzularla yadda qaldı. Hələ erkən yaşlarından qəlbini musiqinin sehrinə verən Xalid bu sənətin yalnız ifaçılıq deyil, həm də insan ruhuna təsir edən, duyğuları oyadan, milli mənəviyyatı yaşadan böyük bir qüvvə olduğunu dərk etmişdi.
1962-ci ildə Gəncə şəhəri, 28 nömrəli tam orta məktəbdə təhsil almağa başlayan Xalid elə həmin il Bülbül adına 3 nömrəli musiqi məktəbinin tar sinfinə də daxil oldu. Bu, onun sənət dünyasına açılan ilk qapısı idi. Tarın simlərində səslənən muğamın, xalq musiqisinin ecazkar ahəngi onun gələcək həyat yolunu müəyyənləşdirdi. Musiqi artıq onun üçün sadəcə bir həvəs deyil, həyatının ayrılmaz hissəsi, mənəvi dünyasının ifadəsi idi.
1969-cu ildə Gəncə Musiqi Texnikumuna daxil olan Xalid burada bilik və bacarıqlarını daha da təkmilləşdirdi. Təhsilini fərqlənmə ilə başa vurduqdan sonra ali musiqi təhsili almaq qərarına gəldi. İmtahanları uğurla verərək 1972-ci ildə Azərbaycan Musiqi Akademiyasına qəbul olundu. Bu illər onun bir musiqiçi kimi formalaşmasında, sənətin incəliklərinə dərindən yiyələnməsində, peşəkarlıq və məsuliyyət anlayışlarının həyat prinsipinə çevrilməsində mühüm mərhələ oldu.
1975–1980-ci illərdə Azərbaycan Xalq çalğı alətləri ansamblında solist kimi fəaliyyət göstərməsi Xalid Mustafayevin ifaçılıq təcrübəsini zənginləşdirdi. Səhnənin məsuliyyətini, musiqinin dinləyici qəlbinə gedən yolunu, kollektivdə birgə çalışmağın əhəmiyyətini məhz bu illərdə daha dərindən mənimsədi. Lakin onun sənətə münasibətində bir xüsusiyyət vardı: o, qazandığı bilik və təcrübəni yalnız özü üçün saxlamaq istəmirdi. Musiqinin gözəlliyini başqalarına da öyrətmək, gənclərin qəlbində sənət sevgisi oyatmaq onun gələcək fəaliyyətinin əsas istiqamətinə çevriləcəkdi.
Hərbi xidmətini başa vurduqdan sonra pedaqoji fəaliyyətə başlayan Xalid Mustafayev əvvəlcə 4 nömrəli musiqi məktəbində tar müəllimi işlədi, daha sonra Gəncə Musiqi Texnikumunda müəllimlik fəaliyyətini davam etdirdi. Müəllimlik onun üçün yalnız bilik ötürməkdən ibarət deyildi. O, hər bir şagirdin daxilində gizlənən istedadı üzə çıxarmağa, musiqiyə həvəsini gücləndirməyə, onu sənətin məsuliyyətini dərk edən bir şəxsiyyət kimi yetişdirməyə çalışırdı. Çünki yaxşı müəllim yalnız ifa etməyi öyrətmir, həm də sənətə sevgi, zəhmətə hörmət, insana qayğı aşılayır. Xalid müəllimin ömür yolunun ən parlaq səhifələrindən biri isə Gəncə şəhər Uşaq İncəsənət Məktəbi ilə bağlıdır.
1991-ci ildə yeni yaradılan məktəbə direktor təyin olunması ona böyük bir məsuliyyətlə yanaşı, taleyüklü bir missiya da həvalə etmişdi. Qarşıda asan iş dayanmırdı. Vaxtilə kinoklub və kitabxana kimi fəaliyyət göstərmiş, baxımsız vəziyyətə düşmüş bir binanı həqiqi sənət ocağına çevirmək, tədrisin əsaslarını qurmaq, müəllim kollektivini formalaşdırmaq, müxtəlif ixtisaslar üzrə təhsili təşkil etmək və bütün bunları məhdud imkanlar şəraitində həyata keçirmək lazım idi. Belə məqamlarda insanın rəhbər kimi əsl siması üzə çıxır. Xalid Mustafayev çətinliklər qarşısında geri çəkilmədi.
O, bu işi sadəcə vəzifə borcu kimi deyil, ürəyinin hökmü, sənət qarşısında mənəvi məsuliyyəti kimi qəbul etdi. Binanın qaydaya salınmasından tutmuş tədris prosesinin təşkilinə, müəllimlərin bir araya gətirilməsindən məktəbin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə qədər hər işdə öz zəhmətini, enerjisini və təşəbbüskarlığını əsirgəmədi. Onun məqsədi adi bir təhsil müəssisəsi yaratmaq deyildi. O, uşaqların musiqi ilə nəfəs aldığı, rənglərin və səslərin dilini öyrəndiyi, istedadların üzə çıxdığı, müəllimlə şagird arasında səmimi münasibətlərin qurulduğu bir sənət ocağı yaratmaq istəyirdi.
Zaman keçdikcə bu arzu gerçəyə çevrildi. Bir vaxtlar baxımsız görünən bina musiqinin, rəqsin, təsviri sənətin və yaradıcılığın ünvanına döndü. Məktəbdə fortepiano, skripka, tar, kamança, saz, qarmon, nağara, klarnet, xanəndəlik, vokal, xoreoqrafiya və təsviri incəsənət şöbələrinin fəaliyyətə başlaması bu quruculuq işinin miqyasını göstərirdi. Burada uşaqlar yalnız musiqi alətlərində ifa etməyi, rəqs etməyi və rəsm çəkməyi öyrənmirdilər. Onlar səhnə mədəniyyətinə, kollektiv ruhuna, zəhmətə və yaradıcılığa hörmət etməyi də mənimsəyirdilər.
Xalid müəllim yaxşı bilirdi ki, istedadın yetişməsi üçün yalnız dərs otağı kifayət etmir. İstedad özünü göstərmək, sınanmaq, tamaşaçı qarşısına çıxmaq, uğur qazanmaq üçün imkan istəyir. Məhz buna görə də məktəbin şagirdlərinin müsabiqə və festivallarda iştirakına xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü və dəstəyi ilə məktəbin fəaliyyəti tədricən şəhər miqyasını aşaraq ölkə və beynəlxalq səviyyədə tanınmağa başladı.
1994-cü ildə məktəbdə yaradılan “Gəncə qönçələri” mahnı və rəqs ansamblı bu böyük zəhmətin ən gözəl bəhrələrindən biri oldu. Adındakı “qönçə” sözü sanki onun mahiyyətini ifadə edirdi: hələ açılmaqda olan istedadlar, gələcəyə boylanan arzular, milli musiqi və rəqs sənətinin sabaha daşıyıcıları...
“Gəncə qönçələri”nin uğur yolu 1996-cı ildə Misir Ərəb Respublikasında keçirilən “İsmaliyyə-96” Beynəlxalq Festivalında iştirakla yeni mərhələyə qədəm qoydu. Bu səfər gənc ifaçılar üçün yalnız beynəlxalq səhnəyə çıxış deyildi.
Onlar doğma Gəncənin, Azərbaycanın musiqi və rəqs ənənələrini başqa ölkələrin tamaşaçılarına təqdim edir, milli sənətimizin zənginliyini öz çıxışları ilə nümayiş etdirirdilər. 1997-ci ildə Gürcüstanda keçirilən “Dostluq–97” Beynəlxalq Festivalında rəqs ansamblının uğurlu iştirakı, 1997, 1998, 1999, 2000 və 2001-ci illərdə Moskvada keçirilən “Planetimizin gəncliyi” (“Yunost Planeti”) uşaq beynəlxalq festivallarında kollektivin çıxışları və laureat adını qazanması məktəbin nüfuzunu daha da artırdı.
2001-ci ildə Türkiyədə keçirilən “23 Nisan” Beynəlxalq Uşaq Festivalında məktəbin vokal qrupunun iştirakı isə bu sənət yolunun daha bir yaddaqalan səhifəsi oldu. Bu uğurların arxasında nə qədər məşq, zəhmət, məsuliyyət və fədakarlıq dayanırdı! Tamaşaçı səhnədə uşaqların sevincini, ifaçıların ahəngdar hərəkətlərini, musiqinin gözəlliyini görürdü. Amma səhnə arxasında müəllimlərin əməyi, rəhbərin qayğısı, məşqlərə sərf olunan saatlar, hər bir uşağın uğuruna görə duyulan həyəcan vardı. Xalid müəllim üçün hər uğurlu çıxış təkcə bir mükafat deyil, görülən işin doğruluğunu təsdiqləyən mənəvi qələbə idi.
“Gəncə qönçələri” məktəbin simvoluna çevrildikcə, Gəncə Uşaq İncəsənət Məktəbinin adı da daha geniş çevrələrdə tanınmağa başladı. Şəhərdə keçirilən tədbirləri bu kollektivin çıxışları, “Xəmsə” nağara ifaçıları ansamblının ritmləri olmadan təsəvvür etmək çətinləşdi. Məktəbin şagirdləri televiziya ekranlarında yayımlanan “Azəristar”, “Yeni Ulduz” və digər müsabiqələrdə də iştirak edir, öz bacarıqlarını geniş tamaşaçı auditoriyasına nümayiş etdirirdilər. Xalid müəllimin təşəbbüsü, dəstəyi və gənclərə göstərdiyi inam onların özünə güvənməsində mühüm rol oynayırdı.
Bu gün həmin məzunların bir çoxunun öz sənət yolu ilə tanınması, çıxışlarında müəllimlərinin zəhmətini ehtiramla xatırlamaları Xalid Mustafayevin pedaqoji fəaliyyətinin mənəvi bəhrəsidir. Çünki müəllimin əsl uğuru təkcə şagirdinin qazandığı diplomda, tutduğu səhnədə və ya aldığı mükafatda ölçülmür. Əsl uğur illər sonra belə onun adını minnətdarlıqla çəkən yetirmələrinin varlığında, onlara ötürdüyü bilik və dəyərlərin yaşamasındadır.
Məktəbin təsviri incəsənət şöbəsi də bu sənət dünyasının mühüm bir hissəsi idi. Şagirdlərin rəsm əsərlərinin Gəncə və Bakı sərgi salonlarında nümayiş etdirilməsi, beynəlxalq müsabiqələrdə uğur qazanması və kataloqlara daxil edilməsi məktəbdə yaradılan mühitin çoxşaxəli xarakterini göstərirdi. Burada sənət yalnız səslə ifadə olunmurdu; rənglər də danışır, xətlər də öz dilində duyğuları ifadə edir, uşaqlar öz dünyalarını yaradıcılıq vasitəsilə kəşf edirdilər.
2001-ci ildə məktəbin onillik yubileyinin qeyd olunması Xalid müəllimin rəhbərliyi ilə görülən işlərin hesabatı, eyni zamanda, gələcəyə inamın ifadəsi idi. Qısa müddətdə əldə edilən uğurlara görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunması məktəbin fəaliyyətinə verilən dəyərin göstəricisi oldu. Bu mükafatın arxasında bir insanın illərlə davam edən əməyi, quruculuq iradəsi və sənətə sədaqəti dayanırdı.
Xalid Mustafayevin rəhbər kimi əsas xüsusiyyətlərindən biri də peşəkarlıqla insani münasibətləri uzlaşdırması idi. O, sənətə qiymət verən insanları ətrafına toplamağı, kollektivdə birlik yaratmağı bacarırdı.
Məktəbin inkişafını şəxsi uğur kimi deyil, ümumi zəhmətin nəticəsi kimi dəyərləndirirdi. Onun üçün hər bir müəllimin əməyi, hər bir şagirdin irəliləyişi əhəmiyyət daşıyırdı. Belə bir mühitdə çalışan insanlar yalnız bir iş yerinin üzvləri deyil, ortaq məqsədə xidmət edən böyük bir sənət ailəsinin nümayəndələrinə çevrilirdilər. Xalid müəllim sənətə bağlı olduğu qədər vətəninə də bağlı insan idi. Milli musiqimizin, xalq rəqslərimizin, muğamımızın, milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanmasını fəaliyyətinin vacib istiqaməti hesab edirdi.
Onun qurduğu məktəb bu baxımdan yalnız təhsil müəssisəsi deyil, həm də milli mədəniyyətin yaşadıldığı və gələcək nəsillərə ötürüldüyü bir ocaq idi. Belə insanların ömrü yalnız təqvimdəki illərlə ölçülmür. Onların ömrünü yaratdıqları, yetişdirdikləri, insanlara bəxş etdikləri dəyərlər uzadır. Xalid Mustafayevin də həyatına nəzər saldıqda görürük ki, o, musiqiçi kimi başladığı yolunu müəllimliklə zənginləşdirmiş, rəhbər kimi quruculuqla davam etdirmiş, sənət fədaisi kimi isə özündən sonra böyük bir mənəvi irs qoymuşdur. 2009-cu il onun həyat yolunun həm qürurverici, həm də kədərli bir mərhələsi oldu.
Həmin il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalid Mustafayevə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı verildi. Bu yüksək ad onun uzun illər ərzində musiqi təhsilinin inkişafına, gənc istedadların yetişdirilməsinə və mədəniyyətimizin zənginləşməsinə verdiyi töhfələrin dövlət səviyyəsində qiymətləndirilməsi idi. Amma tale elə gətirdi ki, bu fəxri adla əlamətdar olan ilin sevinci uzun sürmədi.
Xalid Mustafayev 2009-cu il noyabrın 17-də, 53 yaşında dünyasını dəyişdi. Onun vəfatı ailəsi, doğmaları, dostları, həmkarları, yetirmələri və rəhbərlik etdiyi məktəbin kollektivi üçün ağır itki oldu. Hələ qarşıda görüləcək işlər, həyata keçiriləcək arzular, yetişdiriləcək neçə-neçə istedad vardı. Lakin ömür sona çatsa da, onun yaratdığı sənət ocağında həyat dayanmadı. Çünki Xalid müəllim özündən sonra davam etdirilə biləcək bir yol qoyub getmişdi.
İnsan dünyadan köçəndə əlbəttə ki, onun yoxluğu hiss olunur. Səsi, söhbəti, qayğısı, gündəlik həyatdakı varlığı üçün darıxırsan. Ancaq bəzi insanların yoxluğu ilə yanaşı, onların yaratdıqları hər gün göz önündə olur. Uşaq İncəsənət Məktəbində səslənən tarın, kamançanın, skripkanın səsi, fortepianonun dillənən klavişləri, nağaranın ritmləri, uşaqların səhnədəki həyəcanı və uğuru
Xalid müəllimin xatirəsini yaşadan mənəvi səslərə çevrilir. Bu gün məktəbin qapısından içəri daxil olan hər bir uşaq bəlkə də onun adını ilk gündən tanımır. Amma burada formalaşmış tədris ənənələrində, sənətə verilən qiymətdə, istedadların inkişafı üçün yaradılan imkanlarda Xalid Mustafayevin əməyinin izləri yaşayır. Bir vaxtlar baxımsız binada gələcəyə inamla təməl qoyan insanın arzusu bu gün də yeni nəsillərin addımlarında davam edir.
Xalid Mustafayevin ömür yolu bizə bir həqiqəti xatırladır: sənətə xidmət etmək yalnız gözəl ifa etmək, səhnəyə çıxmaq və ya uğur qazanmaq deyil. Sənətə xidmət etmək həm də başqalarının yolunu açmaq, istedadları qorumaq, uşaqlara inam vermək, milli mədəniyyətin sabahını düşünməkdir. O, öz ömrünü məhz bu amal uğrunda yaşadı. Gəncə mədəniyyətinin yaddaşında Xalid Mustafayev peşəkar musiqiçi, fədakar müəllim, təcrübəli rəhbər, qayğıkeş insan, gözəl ailə başçısı və sadiq dost kimi qalır. Onun adı çəkiləndə yalnız keçmişdən danışılmır; həm də davam edən bir ənənədən, yaşayan bir məktəbdən, yetişən istedadlardan söz açılır.
Bəzən bir insanın ömrü bir məktəbin taleyində cəmləşir. Bəzən bir müəllimin zəhməti yüzlərlə şagirdin həyatına işıq salır. Bəzən də bir insanın qurduğu sənət ocağı illər sonra onun ən böyük xatirə abidəsinə çevrilir. Xalid Mustafayev üçün belə bir abidə ucaldılmasına ehtiyac yoxdur. Onun əməyi ilə formalaşan məktəb, orada yetişən istedadlar, Azərbaycan incəsənətinə qoşulan yeni səslər, səhnələrdə dalğalanan milli ruh və minnətdarlıqla xatırlanan müəllim adı onun ömrünün davamıdır.
Ömür bitir, sənət yaşayır. İnsan dünyadan köçür, onun yaratdığı işıq isə başqalarının yolunu aydınlatmağa davam edir. Xalid Mustafayev də bu işığı özündən sonra gələn nəsillərə əmanət qoyub getdi. Bu gün Gəncə Uşaq İncəsənət Məktəbinin kollektivi və şəhər ictimaiyyəti onun əziz xatirəsini ehtiramla yad edir. Çünki bəzi adlar zamanın yaddaşından silinmir.
Onlar musiqinin sədasında, şagirdlərin uğurunda, müəllimlərin əməyində və sənətə sədaqətin özündə yaşayırlar. Xalid müəllimin adı da belə adlardandır — yaratdığı sənət ocağında, yetişdirdiyi istedadlarda və Gəncənin mədəniyyət salnaməsində yaşamaqda davam edən bir ömürün adı. Sənəti ömrə, ömrü sənətə çevirən insan adı.
Anar Ərtoğrul Burcəliyev
Teatrşünas-tənqidçi
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin